Məhkəmə qərarları › İş №2(103)-5533/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5533/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5533/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5533/2022 (Açar sözlər: Alimentin azaldılması) Bakı şəhəri 26 sentyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)- 2660/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı övladları olmuşdur.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanılmış nikahın pozulması; xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 iddiaçı (anaları) Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının yanında saxlanılması; İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin hesablanaraq Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının xeyrinə tutulması; alimentin tutulma vaxtının xx.xx.2020-ci il tarixdən hesablanması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1667/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə X5 ilə nikaha daxil olmuş və həmin nikahdan tərəflərin 02 oktyabr 2021-ci il təvəllüdlü X15 adlı övladları olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası, cavabdehin etirafı əsasında təmin edilərək, 02 oktyabr 2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 02 oktyabr 2021-ci il təvəllüdlü X9 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 ödənilməsi, alimentin tutulmasının 22 dekabr 2021ci il tarixdən hesablanması qət edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə rəsmi qaydada xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2014- cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. Bildirir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozularaq X8 və X10 hər ay cəmi 340 manat aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Hal-hazırda X5 ilə nikaha daxil olmuş və birgə nikahdan X15 anadan olub. X20 2 aylıqdı və maddi vəziyyəti çox aşağıdır. Hal-hazırda həyat yoldaşı alimentin tutulmasına dair iddia ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı 11.02 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü qızı X4 və xx.xx.2016-cı il təvəllüdlü oğlum X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment azaldılaraq hər ay hər uşağa görə 125 manat ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

7. İddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.Cavabdeh etirazında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozularaq birgə nikahdan doğulmuş uşaqları X8 və X10 hər ay cəmi 340 manat aliment tutularaq X7 ödənilməsi qət edilmişdir.Hazırda da, cavabdehin gəlirlərində heç bir artım olmamış, bunun əksi olaraq isə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)-2660/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tutulmuş alimentin məbləği ilə razılaşmayaraq Nərimanov Rayon Məhkəməsinin qətnaməsini alimentin tutulması hissəsində daha öncədə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1667/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda da, cavabdehin gəlirlərində heç bir artım olmamış, bunun əksi olaraq isə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir.

11. Məhkəmə vurğulamışdır ki, alimentin azaldılması tələbinə dair işlərə baxılarkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir.Belə ki, hazırki halda tərəflərin nikahlarından anadan olmuş iki uşağa görə müəyyən edilmiş 340 manat məbləğində alimentin azaldılaraq 250 manat miqdarına salınması uşaqların qanunvericiliklə qorunan mənafelərinə, maraqlarına ziddir və onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına xələl gətirəcəkdir.

12. Məhkəmə hesab etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki nikahdan olan uşağının (oğlunun) yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağının üç yaşına çatana kimi hər ay 125 manat sabit pul məbləğində alimentin tutulması, hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz.Belə ki, hazırkı idianın təmin edilməsi, həm də, tərəflərin birinci nikahdan olan uşaqlarını maraqlarına zidd olmaqla onların hüquqlarının pozulması ilə nəticələnərdi.

13. Belə ki, bu hal, iddiaçının hazırki nikahından olan uşağının, onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, həmçinin arvadının, uşağın üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment alacağı təqdirdə, onun hazırki cavabdehlə birinci nikahdan olmuş uşaqlarının isə daha az miqdarda sabit pul məbləğində aliment almalarına səbəb olardı.

14. Belə olan halda məhkəmə hesab etmişdir ki, möcvud vəziyyət, hər iki qətnamələrlə müəyyən edilmiş alimentlərin məbləğini mübahisələndirməklə, alimentin ümumilikdə üç uşağa görə müəyyə edilməsi tələbi ilə, idiaçının, həm keçmiş, həm də, hazırki arvadına qarşı cavabdehlər qismində eyni anda iddia qaldırması üçün əsas ola bilərdi.Lakin, göründüyü kimi iddiaçı Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsini ümumiyyətlə mübahisələndirməyərək, yalnız keçmiş nikahından olan uşaqlarına odənilən sabit pul məbləğində alimentin məbləğini mübahisələndirərək azaldılmasını tələb etmiş və məhkəmənin qənaətinə görə də, bunula da, onun əsas niyyəti, digər övladlarına daha az aliment ödəməsinə nail olmaqdan ibarət olmuşdur.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78.1-ci, 112.1-ci, maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.3-cü və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddəsinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2660/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə çıxarılaraq, Nərimanov rayon Məhkəməsinin 2(005)-913/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü qızı X4 və xx.xx.2016-ci il təvəllüdlü oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment azaldılaraq hər ay hər uşağa görə 125 manat ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar onun himayəsinə verilmiş və iddiaçıdan onun xeyrinə birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Əlavə olaraq Qaradağ Rayon Məhkəməsinin aliment tələbi ilə qətnaməyə əsasən 3 yaşına çatana kimi 100 manat, hər ay da aylıq qazancının və gəlirlərinin ¼ hissəsində aliment tutulur. Rəsmi olaraq 860 manat əmək haqqı alır. Özünün yaşayışı üçün 140 manat pul qalır. Birinci instansiya məhkəməsində cavabdeh ifadəsində bildirib ki, guya ki, o, heçvaxt uşaqları ilə maraqlanmamışdır. İddiaçı bildirir ki, uşaqları anadan olandan bugünə kimi daim onlarla maraqlanır, onların xərclərini özü çəkir, hətta bildirir ki, cavabdeh özü uşaqları ilə maraqlanmır, sırf alimentin xərtinə uşaqları özündə saxlayır. Məhkəmə iddiaçının Qaradağ Rayon Məhkəməsində aliment tələbini etiraf etməyinə istinad edir. Lakin iddiaçı etiraf etməyib sadəcə bildirib ki, mütanasib bölünsün və özünün də yaşayışı üçün pul qalsın. Məhəkəməyə Qaradağ Rayon Məhkəməsində olan iclas zamanı etiraf etdiyini qeyd etsə də məhkəmə buna fikir verməiş.Hal hazırkı yoldaşını da işə cəlb etmək vacib olduğu halda cəlb etməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə istinad edərək, həmçinin iddiaçının ikinci arvadı ilə nikahının pozulması ilə bağlı iddia ərizəsinin surətini təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin mararını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Belə ki, işin araşdırılan hallarından görünür ki, hazırda İddiaçı alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı 11.02 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü qızı X4 və xx.xx.2016-cı il təvəllüdlü oğlum X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment azaldılaraq hər ay hər uşağa görə 125 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. İddiaçı iddia tələbini digər nikahdan olan övladı üçün aliment ödəməsini və bu səbəbdən də, maddi imkanın aşağı olması ilə əsaslandırmışdır.

39. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında–maddə 75, 78.1, 78.2 ( § 23, 24) bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır.

41. Bundan başqa işin halları ilə o da, müəyyən olunur ki, iddiaçı tutulmuş alimentin məbləği ilə razılaşmayaraq Nərimanov Rayon Məhkəməsinin qətnaməsini alimentin tutulması hissəsində daha öncədə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1667/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda da, cavabdehin gəlirlərində heç bir artım olmamış, bunun əksi olaraq isə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir.

42. Bundan başqa məhkəmə kollegiyası vurğulayır ki, alimentin azaldılması tələbinə dair işlərə baxılarkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir.

43. Belə ki, hazırki halda tərəflərin nikahlarından anadan olmuş iki uşağa görə müəyyən edilmiş 340 manat məbləğində alimentin azaldılaraq 250 manat miqdarına salınması uşaqların qanunvericiliklə qorunan mənafelərinə, maraqlarına ziddir və onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına xələl gətirəcəkdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki nikahdan olan uşağının (oğlunun) yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağının üç yaşına çatana kimi hər ay 125 manat sabit pul məbləğində alimentin tutulması, hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz.

45. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da qeyd edir ki, hazırki idianın təmin edilməsi, həm də, tərəflərin birinci nikahdan olan uşaqlarını maraqlarına zidd olmaqla onların hüquqlarının pozulması ilə nəticələnərdi.

46. Belə ki, bu hal, iddiaçının hazırki nikahından olan uşağının, onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, həmçinin arvadının, uşağın üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment alacağı təqdirdə, onun hazırki cavabdehlə birinci nikahdan olmuş uşaqlarının isə daha az miqdarda sabit pul məbləğində aliment almalarına səbəb olardı.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, möcvud vəziyyət, hər iki qətnamələrlə müəyyən edilmiş alimentlərin məbləğini mübahisələndirməklə, alimentin ümumilikdə üç uşağa görə müəyyə edilməsi tələbi ilə, idiaçının, həm keçmiş, həm də, hazırki arvadına qarşı cavabdehlər qismində eyni anda iddia qaldırması üçün əsas ola bilərdi.

48. Lakin, göründüyü kimi iddiaçı Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ümumiyyətlə mübahisələndirməyərək, yalnız keçmiş nikahından olan uşaqlarına odənilən sabit pul məbləğində alimentin məbləğini mübahisələndirərək azaldılmasını tələb etmiş və məhkəmənin qənaətinə görə də, bunula da, onun əsas niyyəti, digər övladlarına daha az aliment ödəməsinə nail olmaqdan ibarət olmuşdur.

49. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

50. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

51. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)- 2660/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar