Məhkəmə qərarları › İş №2(103)-5533/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5533/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5533/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment və pul tələbinə dair mülki iş üzrə Açar sözlər:(Aliment və əlavə xərclərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Rufanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(005)-1997/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmasa da, tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir. 2.Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı aliment və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 054821 nömrəli reyestr qeydi ilə rəsmiləşən nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 onun himayəsində qalması, yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh əmək haqqı və sair gəlirinin 1/4 hissəsində olmaqla alimentin, həmçinin hər ay əlavə 100 manat pulun və xx.xx.2023-cü il təvəllüdlü X4 doğum xərcləri qismində xərclənmiş 5803,31 (4473,31 manat rəsmi qəbzlə və əlavə 1330 manat) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 054821 nömrəli reyestr qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında mehriban yaşamışlar. Amma bir qədər sonra cavabdehin xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışdır. Ailəsi və ana bətnində olan övladı ilə maraqlanmır, tez-tez yerli-yersiz dava salır, ailə münasibətlərinə laqeyd yanaşır. Bütün bunlara son qoymaq üçün valideynləri işə qarışdırmaq məcburiyyətində qalmışdır. Hər dəfə onların tənbehlərindən sonra cavabdeh dəyişəcəyinə, ailəsinə və uşağına sahib çıxacağına söz versə də, bu “dəyişikliyi” çox qısamüddətli olmuşdur. Sonra aydın olmuşdur ki, bu artıq onda xasiyyət kimi formalaşıb. Həmin vaxtdan bəri bir dəfə də olsun uşağı ilə maraqlanmamış, onun heç bir ehtiyacını ödəməmişdir. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağın qeydinə qalmır. Nə birgə yaşadıqları, nə də ayrı yaşadıqları dövrdə cavabdeh bir ata kimi uşağının səhhəti, onun ana bətnində sağlam yetişməsi üçün gündəlik tələbatları ilə maraqlanmamış, heç bir ehtiyacını ödəməmişdir. Buna görə də, uşağın ananın himayəsində qalması onun gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Uşaq anasının himayəsində qalmış, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh bir ata kimi körpə uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarmış və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməmişdir. Uşaq körpə olduğundan o işləyə bilmir. Həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilməz. Hazırda uşağın bütün maddi xərclərini onun valideynləri çəkir və onların himayəsində yaşayır. Uşaq yeni doğulmuş körpə olduğundan onun daima həkim müayinəsindən keçirilməsinə ehtiyac var. Odur ki, uşaq 3 yaşına çatanadək məhkəmə tərəfindən cavabdehdən hər ay əlavə olaraq 100 manat məbləğində pul tutulmalıdır. xx.xx.2023-cü il doğumlu X4 ana bətnində formalaşdığı ilk gündən doğulması, həmçinin doğumundan bu günədək bütün xərcləri o və validenynlərinin maddi dəstəyi ilə qarşılanmışdır. Orta hesabla rəsmi qəbzlərlə tərəfindən 4111,42 manat xəstəxana xərci və 361,89 manat olmaqla, ümumilikdə 4473,31 vəsait xərclənmişdir. Yenidoğulan uşağa görə əlavə olaraq 1330 manat pul xərclənmişdir. Cavabdeh bu xərclərin heç birində iştrak etməmişdir. Cavabdeh qanunvericiliyin tələbinə və mental dəyərlərə uyğun olaraq bir ata olaraq övladının bu maddi ehtiyacını qarşılamalı idi. Bir halda ki, bütün xərclər onun tərəfindən ödənilmiş, cavabdeh bu xərcləri ona qaytarmalıdır. 5.Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh ilə arasında xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 054821 nömrəli reyestr qeydi ilə rəsmiləşən nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh əmək haqqı və sair gəlirinin 1/4 hissəsində olmaqla alimentin, həmçinin hər ay əlavə 100 manat pulun və xx.xx.2023-cü il təvəllüdlü X4 doğum xərcləri qismində xərclənmiş 5803,31 (4473,31 manat rəsmi qəbzlə və əlavə 1330 manat) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq, etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin bankda yüksək maaş aldığını bilərək və bir növ buna arxayın olaraq heç şübhəsiz ki, qanunla tutulan alimentin hamısını qızına deyil, öz şəxsi biznesinin inkişafına yönəldəcəyi də istisna olunmur. İddiaçı məşhur biznes sosial şəbəkəsi sayılan “İnstagramda “WearmeBaku” adlı səhifənin sahibidir və xeyli izləyiciləri olmaqla həmin səhifəni aktiv şəkildə istifadə edərək, əsasən geyim və digər malların satışını həyata keçirməklə aylıq təxminən 2000-3000 manat gazanc əldə etməkdədir. İddiaçı qeyd olunan səhifə vasitəsilə müxtəlif ölkələrdən, əsasən isə İngiltərə, Amerika, Almaniya və İtaliyadan brend mallar sifariş edərək, onların Azərbaycan Respublikasında satışını həyata keçirir. Buna baxmayaraq, iddiaçı əsassız şəkildə guya qazancı olmamasısəbəbilə hər ay əlavə 100 manat pulun da onun xeyrinə tutulmasına nail olmaq istəyir. İddiaçıya məxsus “İnstagramda “WearmeBaku” adlı səhifədən əldə olunan fotolardan da göründüyü kimi, iddiaçı bütün hamiləliyi dövrü aktiv şəkildə kommersiya işi ilə məşğul olub və şəkillərin də hamısını anası evində çəkib. Qeyd olunan fotoların arasında hətta iddiaçıya məxsus İyuks avtomobilin yük hissəsinin necə mallarla dolu olması da öz təsdiqini tapır. Dövlət vətəndaşları üçün daimi islahatlar həyata keçirir və əhalinin demək olar ki, bütün səhiyyə xərcləri dövlət tərəfindən ödənilir. Bu isə onu deməyə əsas verir ki, şəxsi istəklərinə görə qadının hansısa bahalı özəl klinikada usaq dünyaya gətirməsi heç də o demək deyildir ki, ata həmin xərcləri birmənalı olaraq qarşılamalıdır. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyun 2023-cü il tarixli, 2(005)-1997/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Quliyev) iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2023-cü il təvəllüdlü X4 doğumu ilə əlaqədar müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 2236,65 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 8.İş materiallarında olan AZ-T seriyalı, 054821 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2778 nömrəli akt qeydi tərtib edilmişdir. 9.İş materiallarında olanAZ-İV seriyalı, 851357 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 doğlumuşdur. 10.İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 11.İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı “İnstagram” sosial şəbəkəsinin “WearmeBaku” səhifəsində qadın geyimlərinin onlayn ticarəti ilə məşğuldur. 12.İş materiallarından olan “X8” klinikasının ödəniş qəbzlərin surətindən görünür ki, İddiaçı 4473,31 manat məbləğində ödəniş etmişdir. 13.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “İddiaçı tərəfindən sadələşdirilmiş bəyannamə (elektron ticarət bəyannaməsi) təqdim etməklə gətirilən mallar” haqqında mlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı tərəfindən xarici ölkələrdən müxtəlif geyim və kosmetika malları gətirilmişdir. 14.“AZEMİS” Elektron Məhkəmə sistemindən görünür ki, Cavabdeh "xxxx" ASC-də “baş mütəxəssis” vəzifəsində işləyir və əmək haqqısı 2080 manat təşkil edir. 15.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmasa da, tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir. 16.Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini və cavabdehin iddianın həmin hissədə təmin edilməsi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, uşağın saxlanılması üçün aliment cavabdehin qazancından müəyyən hissə kimi, yəni bir uşağa görə hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. Həmçinin, alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır 17.Məhkəmə iddianın uşağın doğumu ilə əlaqədar müalicəsi və dərmanları üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, uşağın saxlanılması, qayğısına qalınması və tərbiyə edilməsi hər iki valideynin borcu olduğundan, xx.xx.2023-cü il təvəllüdlü X4 doğumu ərəfəsində müalicə və dərmanları üçün çəkilmiş xərcdə valideyn kimi cavabdeh də iştirak etməlidir. İş materiallarından görünür ki, uşağın doğum xərcləri qismində 4473,31 manat xərc cəkilmiş və həmin xərci çəkmək hər iki valideynin borcu olduğundan, 4473,31 manatın yarısı, yəni 2236,65 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 18.Məhkəmə hesab etmişdir ki, doğum xərci qismində çəkilmiş əlavə 1330 manata dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. 19.Məhkəmə iddia tələbinin cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 manat məbləğində pul tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir ki, qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Lakin bu cür alimentin təyin edilməsi üçün qanunverici mühüm şərt kimi qarşı tərəfin zəruri vəsaitə malik olmasını müəyyən etmişdir. Bu baxımdan cavabdehin qanunvericinin tələb etdiyi zəruri vəsaitə malik olması ilə bağlı iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim edə bilməməsini, cavabdehin isə buna etiraz edərək həmin alimentin təyin edilməsinin onu çətin maddi vəziyyətə düşməsinə səbəb ola biləcəyinə dair dəlillərini, eyni zamanda iddiaçının onlayn ticarətlə məşğul olaraq qazanc əldə edilməsini, həmçinin hər ay cavabdehin yüksək qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment təyin edilməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. 20.Məhkəmə, ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, hesab etmişdir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. 21.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.1.1, 100.2, 81, 84.1, 84.2.2, 86:“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü:“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.1, 14.2, 217.4, 234.2, 216-220, 234, 358 və 360-cı maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 22.Cavabdehqətnamənin qismən ləğv edilərək, “02.2023-cü il təvəllüdlü X4 doğumu ilə əlaqədar müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 2236,65 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsindəiddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əlavə xərclər qismində müəyyən məbləğin cavabdehdən tutulması qənaətinə gələn zaman Ailə Məcəlləsinin 81-ci maddəsinəistinad etmişdir. Lakin bu zamanməhkəmə unutmuşdur ki, qeyd edilən maddi norma hazırki idda tələbinin maddi əsasınıtəşkiledə bilməz. İddiaçı uşağındoğuşuna çəkilmiş xərc olduğunu iddia etmiş və buna görə də həmin məbləğin yarısının cavabdehdən tutulmasını məhkəmədən tələb etmişdir. Lakin məhkəmə unudur ki, qeyd edilən qəbzdə ödənilmiş vəsaitin təyinatı göstərilməmişdir. Qeyd edilən ödəniş nə məqsədlə ödənilməsiməhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Üstəlik qeyd edilənvəsait iddiaçı tərəfindən ödənilməsi bildirilsə də, həmin vəsait birgə nikah dövründə əldə edilmiş vəsait olduğundan artıq həmin vəsaitin yarısıcavabdeh tərəfindən ödənilmiş vəsait kimi qəbuledilməlidir. Çünki Ailə Məcəlləsininvə Mülki Məcəllənin tələblərinə əsasən birgə nikah dövründə əldə edilmiş vəsait tərəflərin birgə əmlakı hesab edilir. Bura pul vəsaitləri də daxildir. İşin halları iləsübuta yetirilmişdir ki, iddiaçı özü fərdisahibkarlıqla məşğul olur və müəyyən malların satışını həyata keçirməklə gəlir əldə edir. Həmin gəlirin 50% hissəsi isə qanunveiciliyin tələblərinə əsasən cavabdehə məxsusdur. Belə olan haldaiddiaçının guya doğuş üçün ödəmiş olduğu mübahisəli vəsaitin elə yarısıcavabdehin vəsaiti hesab edilməli və bu hissədə iddia tələbləri rədd edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: 27.Maddə 17-ci maddə İİ hissə.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 28.Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 29.Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla(ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqınınödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydasımüəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərinödənilməsinə cəlb oluna bilər. 30.Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir.Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddivəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ayödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 31.Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdəçəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Uşaq Hüquqları haqqında Qanun: 32.Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeləriniüstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə: 33.Maddə 6.Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. 34.“Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın xx.xx.2023-cü il təvəllüdlü X4 doğumu ilə əlaqədar müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 2236,65 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyasıİddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilənhissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2023-cü il təvəllüdlü X4 doğumu ilə əlaqədar müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 2236,65 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 41.Hazırda cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı uşağın doğuşuna çəkilmiş xərc olduğunu iddia etmiş və buna görə də həmin məbləğin yarısının cavabdehdən tutulmasını məhkəmədən tələb etmişdir. Lakin qeyd edilən qəbzdə ödənilmiş vəsaitin təyinatı göstərilməmişdir. Qeyd edilən ödəniş nə məqsədlə ödənilməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Üstəlik qeyd edilən vəsait iddiaçı tərəfindən ödənilməsi bildirilsə də, həmin vəsait birgə nikah dövründə əldə edilmiş vəsait olduğundan artıq həmin vəsaitin yarısı cavabdeh tərəfindən ödənilmiş vəsait kimi qəbul edilməlidir. Çünki Ailə Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə əsasən birgə nikah dövründə əldə edilmiş vəsait tərəflərin birgə əmlakı hesab edilir. Bura pul vəsaitləri də daxildir. İşin halları ilə sübuta yetirilmişdir ki, iddiaçı özü fərdi sahibkarlıqla məşğul olur və müəyyən malların satışını həyata keçirməklə gəlir əldə edir. Həmin gəlirin 50% hissəsi isə qanunveiciliin tələblərinə əsasən cavabdehə məxsusdur. Belə olan halda iddiaçının guya doğuş üçün ödəmiş olduğu mübahisəli vəsaitin elə yarısıcavabdehin vəsaiti hesab edilməli və bu hissədə iddia tələbləri rədd edilməlidir. 42.Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən cavabdehin dəlilərini əsassız hesab edərək məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 43.Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 44.Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 45.Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 46.Qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, uşağın saxlanılması, qayğısına qalınması və tərbiyə edilməsi hər iki valideynin borcu olduğundan, cavabdehin xx.xx.2023-cü il təvəllüdlü X4 doğumu ərəfəsində müalicə və dərmanları üçün çəkilmiş 4473,31 manatın yarısı, yəni 2236,65 manat vəsaitin ödənilməsinə cəlb edilməsi barədə məhkəmənin mövqeyi qanuni hesab edilməlidir. 47.Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 81-ci maddəsinin mübahisələndirilən hissədə iddia tələbinin maddi əsasını təşkil etməməsi və uşağın doğumu ilə əlaqədar xərclənmiş vəsaitin iddiaçı tərəfindən ödənilmiş olsa belə həmin vəsaitin birgə nikah dövründə əldə edilmiş vəsait olduğundan artıq həmin vəsaitin yarısının cavabdeh tərəfindən ödənillmiş vəsait kimi qəbul edilməli olması ilə bağlı cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan vəsait iddiaçı tərəfindən münasibətlərin pisləşdiyi dövrdə ödənilməklə, uşağın doğumu ilə bağlı olmuşdur. 48.İş materiallarına əlavə edilmiş qəbzlərdən göründüyü kimi uşağın doğum xərcləri qismində 4473,31 manat xərc çəkilmiş və iddiaçının tələbi də bunula bağlı olmuşdur. 49.Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmənin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 50.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(005)-1997/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 2236,65 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 55.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(005)-1997/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar