Məhkəmə qərarları › İş №2(103)-5538/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5538/2022

13.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5538/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər "xxxx" MMC-yə və Younas Safiya qarşı; qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: icarə müqaviləsinə xitam verilməsi; evdən çıxarılma; icarə haqqının ödənilməsi; evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh Younas Safiyanın, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı «icarə müqaviləsinə xitam verilməsi, evdən çıxarılma, icarə haqqının ödənilməsi tələbinə dair» ilk və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı «evdə aparılmış təmir xərclərinin əvəzinin və alınmış əşyaların dəyərinin ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-112/2022 saylı 23 may 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ******* nömrəli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evi xx.xx.1996-cı il tarixdə X2 adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

2. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 3M-1319 reyestr nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evini hər ay 400 manat ödənilməsi şərti ilə iki il müddətinə xx.xx.2021-ci il tarixə kimi cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsini "xxxx" MMC-nin adından Cavabdeh2 imzalamışdır.

3. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evində (faktiki hostel) aparılmış təmir işlərinin xərcinin dəyəri 26142 manat, quraşdırılmış əşyaların dəyəri 17186 manat olmaqla, cəmi 43328 manat müəyyən olunmuşdur.

4. Birinci instansiya məhkəməsində işə baxılan zaman şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Younas Sofia onun tanışıdır, ailə dostdurlar. O, 2019-cu ilin sonundan xx.xx.2020-ci ilə kimi olan dövrdə təxminən iki ay ərzində Younas Sofianın icarəyə götürdüyü Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli fərdi yaşayış evinin əsaslı təmirini həyata keçirmişdir. Evdə təmir işlərini o, iki fəhlənin iştirakı ilə aparmışdır. Təmirə başlanılan zaman ev yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Onlar evin suvağını tamamilə qaşıyaraq daşa çıxarmış, sonra suvaq vurmuş, tavanı qaşımış və rəngləmiş, döşəməni tamamilə sökərək palçıq tökmüş, səthini hamarlamış və üstünə linolium çəkmiş, evdən əlavə olaraq birinci mərtəbədə 2 ədəd hamam otagı tikmiş, ikinci mərtəbəyə qalxan yerdə pilləkənin yanındakı bir hamam otağını, həmçinin evin bütün otaqlarını, mətbəxi, dəhlizi tam əsaslı təmir etmişdir. Tavanı qaşımış və boya vurmuş, mənzilin elektik işləri gömüş, bəzi hissələrdə yeni xətlər çəkmiş, qalan hissələrdə isə köhnə elektrik xətlərini saxlamış, su və kanalizasiya xətlərini yenisi ilə əvəz etmiş, pilləkəni rəngləmiş, pəncərə və qapıları qaşıyaraq, rəngləmişdir. Evin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan bütün işləri yüksək keyfiyyətlə görmüş və Younas Sofiaya təhvil vermişdir. Təmir üçün inşaat materiallarını Younas Sofia özü alıb gətirmişdir. Evi hostel kimi istifadə etmək üçün formaya salmış və avadanlıqlar quraşdırmışdır. Bütün xərcləri Younas Sofia çəkmişdir. O, evin təmirinə görə Younas Sofiadan pul almamışdır. Təmiri ona hədiyyə etmişdir. Evin təmiri gedən ərəfədən İddiaçı dəfələrlə evə gəlib-getmiş, təmir işəri ilə maraqlanmış, təmirin aparılması ilə bağlı ona heç bir irad bildirməmişdir. Təmirin dayandırılması barədə heç bir tələb irəli sürməmişdir. İcarə müqaviləsi imzalandığı gün Fəvvarələr meydanındakı kafedə oturduqları zaman Younas Sofia sayması və İddiaçı verməsi üçün ona 1000 manat pul vermişdir. O, 1000 manat pulu Younas Sofiadan almış və sayaraq oturduqları kafedə İddiaçı icarə haqqı kimi ödəmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/6508 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş dəmir çarpayıların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1540,00 manat müəyyən edilir. O cümlədən 10 ədəd 2 mərtəbəli dəmir çarpayı - 1500 (10 ədəd x 150 manat) manat, 1 ədəd 1 mərtəbəli dəmir çarpayı - 40 manat. Ev antisanitar şəraitdə olduğundan (yorğan-döşək və sairdən kənar qoxuların gəlməsi) yalnız evdə olan dəmir çarpayılar qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manatdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 10/6490 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat, o cümlədən təmir işlərinə sərf edilmiş tikinti materiallarının dəyəri 2479 manat, həmin işlərə sərf olunmuş əmək haqqının dəyəri isə 3597 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İlk iddia üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılması, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 6800 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sonradan, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam edilməsi, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılması, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 6.800 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam edilməsi, Cavabdeh2 və digərlərinin onun mülkiyyətində olan Bakı şəhəri Lev Tolstoy küçəsindəki 130 nömrəli evdən çıxarılmaları, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 11600 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bundan sonra, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək olan müddətdən artıq istifadə etdiyi hər ay üçün məhkəmə qətnaməsi çıxarılana qədər 400 manat icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sonuncu dəfə, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdeh Younas Sofia və digərlərinin Bakı şəhəri Lev Tolstoy küçəsi 130 saylı evdən çıxarılmaları, cavabdeh "xxxx" MMC və Younas Sofiadan 10600 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Həmçinin, "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 130 nömrəli evin təmirinə çəkdiyi xərclərin əvəzi olaraq 26142 manat, evdə quraşdırılmış əşyaların dəyəri olaraq 17186 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 43358 manat pulun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlk iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mülkiyyətində olan Bakı şəhəri, Lev Tolstoy küçəsi 130 saylı evə dair xx.xx.2019-cu il tarixdə "xxxx" MMC şirkəti ilə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsini "xxxx" MMC tərəfindən Cavabdeh2 imzalamışdır. Müqavilə imzalanan gündən bu günə kimi cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan sonra cavabdeh tərəf icarə müqaviləsinin 6-cı bəndinin tələblərini pozaraq müxtəlif şəxslərə icarəyə vermişdir.

14. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə aralarında 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, icarəyə verən, yəni İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini icarəçi "xxxx" MMC-yə verməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı ilə aralarında olan şifahi razılığa əsasən, sonuncu tərəfindən mülkiyyətində olan həmin fərdi yaşayış evinin 10 il müddətinə hostel kimi fəaliyyət göstərmək məqsədilə Şirkətə icarəyə veriləcəyi bildirilmişdir. O, icarə müqaviləsini hüquqi şəxslə bağlayanda artıq bilirdi ki, hostel kimi faəliyyət göstərilməsi üçün əmlakı icarəyə verir. Əks halda o, şirkətlə deyil, elə fiziki şəxsin özü ilə də birbaşa olaraq müqavilə bağlaya bilərdi. Daha sonra, ilk iddia üzrə İddiaçı tərəfindən ilk iddia üzrə cavabdehlər "xxxx" MMC və Younas Safıaya qarşı «mənzildən çıxarılma və icarə haqqının ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh Younas Safıa və digərlərinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və 6800 manat həcmində icarə haqqının ilk iddia üzrə cavabdehlərdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Aralarında bağlanan 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evini icarəyə götürmüş və aylıq 400 manat icarə haqqı ödəməklə bağlı razılığa gəlmişlər. Belə ki, məhkəməyə təqdim olunmuş şəkillərdən də görünür ki, həmin fərdi yaşayış evi Şirkətə icarəyə verilən zaman bərbad vəziyyətdə olmuş və evin təmir olunması zərurəti yaranmışdır. Buna görə də, evin bütün təmir xərcləri tərəfindən ödənilmiş, həmçinin evdə olan əşyalar da Şirkətə məxsus olmuşdur. Daha sonra tərəfindən əldə olunmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə çəkilən təmir xərclərinin və həmin evdə yerləşən əşyaların dəyərinin hesablanması haqqında qiymətləndirmə hesabatına əsasən, köhnə şəkillərlə yeni çəkilmiş şəkillərin müqayisəsi nəticəsində çəkilən xərclərin dəyəri 26142 manat, əşyaların dəyəri isə 17186 manat olmaqla, cəmi 43328 manat müəyyən edilmişdir. Həmçinin, alınan əşyaları və ya evin təmiri həyata keçirildikdən sonra qarşı tərəf müqavilənin xitamını tələb edir. Bu da onu göstərir ki, qarşı tərəfin əvvəlcədən fikri öz əmlakını təmir etdirərək Şirkətin həmin əmlakdan çıxarılması olmuşdur. Elə buna görə də o, hər ay icarə haqqını rəsmi qaydada almaqdan imtina edərək nağd qaydada almışdır ki, gələcəkdə məhkəmədə iddia qaldıran zaman "xxxx" MMC-nin öz öhdəliyindən yayınırmış kimi göstərə bilsin. Bu səbəbdən də, 5600 manatı nağd qaydada aldıqdan sonra geri qalan məbləğin rəsmi ödənişinə də razı olmamışdır. Hesab edir ki, 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və çəkilən xərclərin dəyəri 26142 manat, əşyaların dəyəri isə 17186 manat olmaqla, cəmi 43328 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "xxxx" MMCyə ödənilməsi zərurəti vardır.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(004)-112/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-1319 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən 10600 manat məbləğində pulun tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsindəki 130 nömrəli fərdi yaşayış evindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ilk iddia üzrə iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əşyaların dəyərinə görə 1540 manat və təmir-tikinti işlərinin aparılmasına görə 6076 manat olmaqnla, cəmi 7616 məbləğində pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 10600 manat məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilməli olan 7616 məbləğində pul çıxıldıqdan sonra, qalan 2984 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 4-cü hissəsinə, Mülki Məcəllənin 14.2.1, 152.1, 157.2, 385.1, 386, 442, 433.3, 443.1, 448.1, 448.2, 680.1, 697.1, 700.1, 700.2, 700.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 apelyasiya şikayətləri verərək onun qismən ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, Bakı şəhəri, Lev Tolstoy küçəsindəki 2 mərtəbəli 130 nömrəli evində (faktiki hostel) aparılmış təmir işlərinin xərcinin dəyəri 26142 manat, quraşdırılmış əşyaların dəyəri 17186 manat olmaqla, cəmi 43328 manat müəyyən olunmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/6508 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş dəmir çarpayıların istifadədə olması nəzər alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1540,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 10/6490 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 6076 manat, o cümlədən təmir işlərinə sərf edilmiş tikinti materiallarının dəyəri 2479 manat, həmin işlərə sərf olunmuş əmək haqqının dəyəri isə 3597 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə ekspert rəylərinə bir mənalı olaraq üstünlük vermiş, həmin rəylərin "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə müqayisəsini aparmamış, rəylər arasında az qala 4 dəfə fərqin nəyə əsasən yarandığını müəyyən etməmişdir. Halbuki, sözügedən mənzilin əşyaları yalnız «dəmir çarpayılardan» ibarət deyil və evdə insan həyatı və fəaliyyəti üçün zəruri olan digər əşyalar (soba, paltar yuyan, dondurma soyuducusu, su soyuducusu və s. əşyaların onların quraşdırılmasına çəkilən xərcləri) mövcuddur, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Çarpayıların sayında da zidiyyət müəyyən edilmişdir ki, faktiki olaraq həmin mənzildə 40 çarpayı mövcuddur, lakin ekspert rəyində cəmi 15 çarpayının olması və onların da qiymətlərinin real bazar qiymətlərindən (real qiymət 250 - ekspertin müəyyən etdiyi qiymət 150 manat) xeyli aşağı göstərilmişdir. Buna oxşar hallar da, tikinti ekspertizası zamanı müəyyən olunmuşdur. Ekspet tərəfindən müəyyən edilən qiymətlər hesabatda göstərilən qiymətlərindən eyni zamanda da bazar qiymətlərindən dəfələrlə aşağıdır. Məhkəmə ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Hesab edirik ki, məhkəmə bu halda sübutetmə yükünü iddiaçının üzərinə deyil bilavasitə cavabdehin üzərinə qoymaqla səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçı tərəfindən ödənişlərin nə üçün tələb edilməməsi, icarə verilən gündən sonra heç icarə ödənişini almamasına baxmayaraq, müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıqların göndərilməməsi barədə heç bir araşdırma aparılmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh Younas Safiyanın, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

27. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.

35. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

37. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

38. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Cavabdehlər tərəfindən ilk iddianın və qarşılıqlı iddianın qismən təmin edilən hissəsində mübahisələndirilərək qətnamənin qismən ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. İlk iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərkən ekspert rəyi və qiymətləndirmə hesabatında müəyyən edilən məbləğlər arasında kəskin fərq olması nəzərə alınmamış, ekspert rəyinə üstünlük verilmiş, real mövcud olan əşyaların sayları göstərilməmiş, həmin əşyalar nəzərə alınmamışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübutlardan biri kimi qəbul etməkdə haqlı olmuşdur. Çünki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəflərdən hər hansı birinin maraqlarının təmin edilməsi baxımından deyil, mübahisənin obyektiv və ədalətli həlli üçün əsaslandırılmış ekspertiza rəyi verilmişdir. İş üzrə həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı əsas yoxdur, cavabdehlər istər bununla bağlı, istərsə də apellyasiya şikayətlərində qeyd etdikləri digər dəlillərinə dair hər hansı sübut təqdim etməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir. Cavabdehlərin apellyasiya şikayətlərində qeyd etdikləri dəlilləri əsassızdır.

49. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-112/2022 saylı iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – ilk iddia tələbinin cavabdeh "xxxx" MMCyə qarşı təmin edilən və qarşılıqlı iddia ərizəsinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar