Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5539/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11 və cavabdehin nümayəndəsi X25 iştirakı ilə, İddiaçı Hərrac Mərkəzi “xxxxx” MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hərrac Mərkəzi “xxxxx” MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər ləğv prosesində olan "Cavabdeh" ASC-yə və onun ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu, Hacıbədəlli kəndində 0.08 ha torpaq sahəsində yerləşən 44.9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi vaşayış evininipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X8 ilə “xxxxxxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi ona məxsus olan Ağcabədi rayonu, Hacıbədəlii kəndində 0.08 ha torpaq sahəsində yerləşən 44.9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X3 öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)-58/2013 saylı qətnaməsi ilə ümumilikdə 14087 manat borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası Ağcabədi rayon İcra şöbəsi tərəfindən həyata keçirilmiş və xx.xx.2013-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Könüllü icra müddətində qətnamə icra edilmədiyi üçün əmlak hərracda satılması üçün İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli, 264/2013 saylı sifariş məktubu ilə “xxxxx” MMC-yə göndərilmişdir. “xxxxx” MMC tərəfindən fərdi yaşayış evi 22000 manata hərraca çıxarılmış və ilk hərrac xx.xx.2015-ci ilə təyin edilmişdir.İlk hərracda əmlak satılmadığı üçün ikinci hərrac xx.xx.2015-ci il tarixinə təyin edilmişdir. Keçirilən hərraclar baş tutmadığı üçün 07.12..2015-ci il tarixində əmlak tələbkara təklif edilmişdir. Həmin tarixdən bu günə kimi tələbkar əmlakı qəbul etməmişdir. Hərrac təşkilatı isə icra sənədini hərracm baş tutmaması səbəbindən geri qaytarmışdır. Artıq hərracdan 4 ilə yaxın bir müddət keçməsinə baxmayaraq tələbkar əmlakı qəbul etməkdən imtina etmiş və geri qaytarılan icra sənədi üzrə İpoteka haqqında qanunvericiliyin tələbi tətbiq edilməmişdir. X8 xx.xx.2017-ci il tarixində ölmüşdür. Onun vərəsələri tərəfindən Ağcabədi rayon notariat kontoruna müraciət edilmiş və xx.xx.2018-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Həmin şəhadətnaməyə əsasən o, X9, X18 və X17 vərəsə kimi tanmmışdır. Eyni zamanda X10, X18 və X1 Bəhruz Ələsgər oğluna etibarnamə verərək əmlakla bağlı bütün hərəkətləri etmək hüququnu ona vermişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Ağcabədi rayonu, Hacıbədəlli kəndində 0.08 ha torpaq sahəsində yerləşən 44.9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi vaşayış evinin ipotekasına xitam verilməsi və həmin fərdi vaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank hərracın keçirilməsi barədə məlumatlı olmamışdır. Cavabdeh ASC-yə nə “xxxxx” MMC tərəfindən, nə də Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən hər hansı təklif məktubu daxil olmamışdır. İddia irəli sürən tərəf iddia tələbini əsaslı və mötəbər sübutlarla əsaslandırmalıdır, lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdehin əmlakı əldə etməyə heç bir etirazı olmamışdır və bununla bağlı qanuni prosedurları həyata keçirmişdir. Hərracın düzgün keçirilib-keçirilməməsi, elanların verilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan qətnamə qəbul edilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili C.Mahmudov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Qədirova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və boronci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)-58/2013 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X4 ”Bank Technique” ("Cavabdeh") ASC-nin xeyrinə xeyrinə 13047,17 manat əsas, 540,14 manat faiz borcu, 500 manat dəbbə pulu, ümumilikdə 14087,31 manat məbləğində pulun tutulması, tutmanın cavabdehə məxsus Ağcabədi rayonu, Hacıbədəlli kəndində istifadədə olan bir mərtəbəli, iki otaqlı, 44,9 kv.m. yaşayış sahədən ibarət yaşayış evinə, 0,08 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac vasitəsilə satılmaqla yönəldilməsi, ipoteka dəyəri 22000 manat həddində qiymətləndirilməklə həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra şöbəsinin xx.xx.2015-cı il tarixli, 264/2013 sifariş məkrubunun surətindən görünür ki, qeyd olunan ipoteka predmetinin satışı məqsədi ilə hərracın təşkili Hərrac Mərkəzi “xxxxx” MMC-yə təklif edilmişdir. İş materiallarında olan Hərrac Mərkəzi “xxxxx” MMC-nin “açıq hərracın keçirilməsinə dair” xx.xx.2015-ci il tarixli, 01/3104 saylı və xx.xx.2015-ci il tarixli, 01/3531 saylı bildirişlərindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)- 58/2013 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan Ağcabədi rayonu, Hacıbədəlli kəndində istifadədə olan bir mərtəbəli, iki otaqlı, 44,9 kv.m. yaşayış sahədən ibarət yaşayış evinin (0,08 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 22000 manat və 18700 manat olmaqla xx.xx.2015-ci il tarixdə birinci və xx.xx.2015-ci il tarixdə isə təkrar hərraca çıxarılmış və alıcı olmadığından satılmamışdır. İş materiallarında olan Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən ”Bank Technique” ("Cavabdeh") ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 01/4081 saylı məlumat məktubunun surətindən görünür ki, Ağcabədi rayon İcra şöbəsinin məktubuna əsasən keçirilən hərracların yekunlaşdırılması üzərinə tələb yönəldilmiş və ipoteka ilə yüklənmiş X5 mülkiyyətində olan Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən (0,08 ha torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evini məlumat daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25%aşağı qiymətlə, yəni 14025 manat olmaqla ala bilməsi barədə, qeyd olunmuş ipoteka predmetini təkrar hərrac xx.xx.2015-ci il tarixindəki baş tutmamış elana müvafıq olaraq 30 təqvim günü ərzində ipoteka saxlayan qismində əldə etməli olması, əks təqdirdə ipotekaya xitam veriləcəyi barədə banka məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 874318 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X5 vərəsələri İddiaçı, X10, X18 və X13r və onlardan hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 2,2999 ha olan torpaq sahəsindəki ümumi birgə paydan ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X22 notariusu T.A.Bayramov tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-183 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/2504 saylı məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2019cu il tarixli ərizəsinə cavab olaraq Ağcabədi rayon İcra Şöbəsinin 264 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən X6 məxsus Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinin mövcud qanunvericiliyə uyğun olaraq hərracı keçirildiyi, alıcı müraciəti olmadığından, həmçinin, tələbkar tərəfindən əldə edilmədiyində sifarişin Ağcabədi rayon İcra Şöbəsinə 01/266 saylı, xx.xx.2016-cı il tarixli məktubla geri qaytarıldığı bildirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddəllərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 274.2-ci maddəsi nəzərə alınmaqla, girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə girov hüququ qüvvədə qalır. Girov qoyanın hüquq varisi girov qoyanın yerini tutur və əgər girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın bütün vəzifələrini daşıyır. Həmin Məcəllənin 289.2-ci maddəsinə əsasən girov qoyanın girov predmeti olan əşyası hüquq varisliyi qaydasında bir neçə şəxsə keçdikdə hüquq varislərindən (əmlakı əldə edənlərdən) hər biri girovla təmin edilmiş öhdəliyin icra edilməməsinin girovdan irəli gələn nəticələrini həmin əmlakın ona keçmiş hissəsinə mütənasib surətdə daşıyır. Lakin girov predmeti bölünməz olduqda və ya başqa əsaslara görə hüquq varislərinin ümumi mülkiyyətində qaldıqda onlar birgə girov qoyanlar olurlar. Beləliklə, işin faktiki hallarına əsasən, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)-58/2013 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Ağcabədi rayon İcra şöbəsinin xx.xx.2015-cı il tarixli, 264/2013 saylı sifariş məktubu əsasında Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən təşkil edilmiş hərraclarda X5 mülkiyyətində olan Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən (0,08 ha torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evi satılmamışdır. Daha sonra, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələblərinə müvafiq olaraq həmin mənzil tələbkar ”Bank Technique” ("Cavabdeh") ASC-yə təklif olunmasına baxmayaraq tələbkar tərəfindən qanunla müəyyən edilmiş 30 gün müddətinə təklifi qəbul etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin hüquq varisliyi qaydasında X5 vərəsələri İddiaçı, X7, X15 və X2 səbəbindən qanunvericiliyin sadalanan maddələrinin tələblərinə müvafiq olaraq ipotekaya xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Cavabdehin hərracın keçirilməsi barədə məlumatlı olmaması və ipoteka qoyulmuş əmlakın alınması ilə bağlı hər hansı təklif məktubunun alınmaması, hərracın düzgün keçirilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh göstərilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Halbuki, Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya mövqeyinin əsaslandırılmasını davam edərək qeyd edir ki, iş materialları və apellyasiya şikayətinin məzmununa əsasən, Ağcabədi rayon Məhkəməsinin qətnaməsi xx.xx.2013-cü ilə aid olsa da, cavabdeh həmin qətnamənin icra vəziyyətinin onun tərəfindən öyrənilməsinə dair hər hansı cəhd etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcbgri qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə xx xxxx 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə xx xxxxxxx 2007- ci il tarixli Qərar, Hacıyevə və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə xx xxxx 2010-cu il tarixli Qərar və s.) Daha sonra məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 446.1-ci maddəsinə görə, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 446.2-ci maddəsinə görə, kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5539/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5539/2020
21.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver