Məhkəmə qərarları › İş №2(103)-554/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-554/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-554/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı iş üzrə (açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1056/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 834560 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X7r. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 974425 nömrəli, xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2024cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X7r. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-5996/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-243/2020 saylı 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X3 xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 07 may 2018ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş qızları X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-243/2020 saylı qətnaməsilə təyin olunmuş 720 manat alimentin 480.16 manatadək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Namazov Vasif Nizami iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 07 iyul 2017-ci il tarixdə 2 saylı Bakı “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsində 1501 saylı aktla qeydə alınmış nikaha Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. Həmin qətnamə ilə birgə nikahlarından doğulmuş qızları X8 anasının yanında saxlanması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının 25% miqdarında müəyyən edilmiş 720 manat alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. O yenidən ailə qurmuş, xx.xx.2023-cü il tarixdə X11, xx.xx.2024-cü il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. “Azərbaycan Respublikasının “2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023cü il tarixli Qanunu ilə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Alimentin bir uşaq üçün əmək haqqının 1/4 hissəsində təyin olunması, təyin edildiyi zaman ədalətli sayılsa da, daha 2 uşağının dünyaya gəldiyi hazırki şəraitdə bu bölgünü ədalətsiz hesab edir. Yuxarıda qeyd edildiyi kimi 3 və daha çox uşağa görə əmək haqqının yarısı miqdarında tutulması nəzərdə tutulmuşdur. Onun qazancının yarısı 1440.5 manat olmaqla 3 uşaq arasında bölündükdə, hər bir uşağa 480.16 manat təşkil edir. Hətta onun aylıq əmək haqqının, aliment alan uşaq da daxil edilməklə, 5 ailə üzvünə böldükdə belə adambaşına 576 manat təşkil edir. Cavabdehlə birgə nikahlarından doğulmuş qızları X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə təyin edilmiş 720 manat alimentin 480.16 manatadək azaldılması ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, övladı xx.xx.2018-ci il təvəllqdlü X1 üçün iddiaçıdan 720 manat aliment tutulması qət edilsə də, iddiaçının əmək haqqı və digər gəlirləri onun ikinci nikahından doğulmuş uşaqların təminatı üçün kifayət qədərdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1056/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı "altmentin azaldılması" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uşağın maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırki iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşağın mənafeyinə ziddir, ona görə də, iddia təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 112.1-ci maddələrinə, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddəsinə, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1056/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 07 iyul 2017-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 1501 saylı aktla qeydə alınmış nikaha Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. Həmin qətnamə ilə, birgə nikahlarından doğulmuş X8 anasının yanında saxlanması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün onun əmək haqqının 25 %-i miqdarında müəyyən edilmiş 720 manat alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. O, yenidən ailə qurmuş, xx.xx.2023-ci il tarixdə X11, xx.xx.2024-cü il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı (uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) maddəsində (76.1.) Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay (76.1.1.) 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, (76.1.2.) 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; (76.1.3). 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Eyni Məcəllənin 76.2.-ci maddəsində nəzərdə tutulmuşdur ki, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (78.2.) Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının “2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunu ilə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Alimentin 1 uşaq üçün əmək haqqımın ¼ hissəsində təyin olunması, təyin edildiyi zaman ədalətli sayılsa da, daha 2 uşağının dünyaya gəldiyi hazırki şəraitdə bu bölgünü ədalətsiz hesab edir. Yuxarıda qeyd edildiyi kimi 3 və daha çox uşağa görə əmək haqqının yarısı miqdarında tutulması nəzərdə tutulmuşdur. Onun qazancının yarısı 1440.5 manat olmaqla 3 uşaq arasında bölündükdə, hər bir uşağa 480.16 manat təşkil edir. Hətta, onun aylıq əmək haqqını, aliment alan üşaq da daxil edilməklə, 5 ailə üzvünə böldükdə belə adambaşına 576 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarına əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Cavabdehlə birgə nikahlarından doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə təyin edilmiş 720 manat alimentin 480.16 manatadək azaldılması ədalətli və məqsədə müvafiqdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə təyin edilmiş 720 manat alimenti o zaman tam əsaslı hesab etmiş və vicdanlı şəkildə ödəniş aparmışdır. Səbail Rayon Məhkəməsi iddia tələbinə sanki heç nə baş verməmiş və dəyişməmiş kimi yanaşaraq, sonradan doğulmuş 2 övladının, o cümlədən digər ailə üzvlərinin maraqlarını heç nəzərə almamışdır. Konstitusiyanın 25-ci maddəsində təsbit edilmişdir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Məhkəmə prosesində, məhkəmə sübutları tam araşdırsa da, işdə olan sübutları düzgün qiymətləndirməmiş bu səbəbdən əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində tərəflər arasında əvvəllər məhkəmə qaydasında qeyri-yaşayış sahələrinin bölündüyü və cavabdeh tərəfin iddiaçının hesabına kifayət qədər təminata sahib durduğunu nəzərə almamış, digər uşaqların, o cümlədən ailənin digər üzvlərinin maraqlarını hesaba almamış, tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Məhkəmədə sədrlik edən məhkəmə prosesində iddia ərizəsində göstərilənlərin və verilən izahatların tədqiqində elə davranırdı ki, sanki AR Ailə Məcəlləsində 76.2.-ci maddəsi və həmin normada nəzərdə tutulmuş “alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər” müddəası yoxdur. Məhkəmə qətnaməsində iddia tələbinin heç bir əsaslandırma aparmadan rədd edilməsi bu fikrini tam təsdiq edir. Məhkəmə Mülki Prosessual Məcəllənin 9-cu (Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi) maddəsinin tələblərini pozmuş, çıxartdığı qətnaməsini ümumiyyətlə əsaslandırmamışdır. Səbail Rayon Məhkəməsi iddia tələbinə sanki heç nə baş verməmiş və dəyişməmiş kimi yanaşaraq, sonradan doğulmuş 2 övladının, o cümlədən digər ailə üzvlərinin maraqlarını heç nəzərə almamışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş və nəticə etibarı ilə düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)1056/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X12 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs uliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin olunmadığından, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, ailə qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı ondan sabit pul məbləğində alimentin tutulması tələbi ilə çıxış edə bilməz. Bundan başqa, Ailə Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutulan payların miqdarının məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İşdən görünür ki, kifayət qədər gəlirə malik olan, təkrar nikaha daxil olan iddiaçı birinci nikahından olan uşağın saxlanması üçün təyin olunan alimentin məbləğinin dəyişdirilməsinə əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının təkrar nikaha daxil olması, həmin nikahdan övladlarının olması, onun əvvəlki nikahından olan uşağa görə ödədiyi alimentin məbləğinin azaldılması üçün mütləq əsas deyildir. Bunu nəzərə alan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1056/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar