Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5543/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı "nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, alimentin tutulması və əmlakın bölünməsi tələbinə dair" mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(007)-504/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 03 may 2005-ci il tarixdə Bakı şəhər Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən bağlanmış 393 saylı nikahın ləğv edilməsi, Birgə nikahdan olan 03.08.2006-cı il təvəllüdlü X6 və 14.12.2008-ci il təvəllüdlü X4 özünün himayəsində saxlanması, 03.08.2006-cı il təvəllüdlü X6 və 14.12.2008-ci il təvəllüdlüX4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat məbləğində alimentin onun xeyrinə tutulmasını, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin cavabdehlə aralarında bölünməsi, övladlarının öz himayəsində qalmalarının nəzərə alınmaqla mənzilin 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində cavabdehin payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 03 may 2005-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən rəsmi nikahları qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan 03.08.2006-cı il təvəllüdlü X6, 14.12.2008-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən, hazırda cavabdehin faktiki olaraq yaşadığı mənzili əldə etmişlər. Cavabdehlə ailə münasibətləri əvvəlllər normal olmuş, sonradan pozulmuşdur. Belə ki, bir-birlərini başa düşmürlər, aralarında tez-tez münaqişələr baş vermişdir. Artıq bir müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədirlər. Ailələri dağılmış və bərpası mümkün deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(007)-504/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflər arasında 03 may 2005-ci il tarixdə bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 03 avqust 2006-cı il təvəllüdlü X9 və 14 dekabr 2008-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsinə verilməsi, uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 10 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinə tərəflərin payları Cavabdeh 2/5 hissədə, İddiaçı 3/5 hissədə müəyyən edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi birgə nikah dövründə əldə olunmuş və hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən ev 4, 27 saylı mənzilin bölünməsi hissəsində, yəni həmin mənzilin 3/5 hissəsinə X1, 2/5 hissəsinə isə onun - Cavabdeh paylarının müəyyən edilməsi hissəsində qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə əsaslandırılmamış və hər hansı bir obyektiv əsasa malik olmamışdır. Belə ki, məhkəmə iddiaçının hansı diqqətəlayiq mənafeyini və yaxud yetkinlik yaşına çatmayan uşaqların hansı mənafeyini əsas götürərək və ya onun ailənin mənafeyinə zidd olan hansı hərəkətlərini nəzərə alıb bu cür bölgüyə qərar verməsini əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-504/2021 saylı 01 mart 2021 -ci il tarixli qətnaməsinin Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 4, 27 saylı mənzilin bölünüb Cavabdeh payının 2/5 hissədə, X2 payının isə 3/5 hissədə müəyyən olunması hissəsində dəyişdirilib, mübahisəli mənzildə tərəflərin paylarının bərabər şəkildə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi ev 4, 27 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir və 13.09.2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçməklə onların ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göstərilən maddənin dispozisiya şərtindən müəyyən edilir ki, ər-arvadın birgə mülkiyyəti hesab olunan əmlakın onların arasında qeyri-bərabər bölünməsi yalnız o halda mümkündür ki: a) tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi bunu tələb etsin; b) ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etməsin; c) birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etsin. Ailə qanunvericiliyinin yuxarıda sadalanan müddəalarının təhlili göstərir ki, yuxarıda sadalanan hallardan biri müəyyən edilməyənə qədər, ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilən əmlakı bölünərkən onların payı bərabər müəyyən edilməlidir. Lakin hazırkı işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı onların ümumi birgə mülkiyyətində olan mübahisəli mənzilin 1/3 və 2/3 hissədə olmaqla, qeyri-bərabər bölünməsini məhkəmədən xahiş etsə də, buna əsas verən və siyahısı Ailə Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən edilmiş hallardan hər hansı birinin mövcud olmasını təsdiq edən sübut təqdim etməmişdir. İşə baxmış birinci instansiya məhkəməsi öz qətnaməsində belə halın mövcud olmasını təsdiq edən hər hansı bir sübutun təqdim edilməməsini, o cümlədən məhkəmə iclasında belə bir halın müəyyən edilmədiyini qeyd etsə də, yekunda heç bir sübuta istinad etmədən mübahisəli əmlak üzərində iddiaçının payını 3/5 hissə, cavabdehin payını isə 2/5 hissə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, müəyyən edilir ki, iddiaçının ümumi birgə mülkiyyətdə olan əmlakın qeyribərabər bölünməsinə dair iddiası məhkəmə iclasında öz təsdiqini tapmamış, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan tərəflərin ümumi əmlakı hesab olunan mənzil üzərində onların paylarını qeyri-bərabər müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzili üzərində Cavabdeh və İddiaçı hər birinin payı bərabər olmaqla, 1/2 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T ET D İ : Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(007)-504/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinə tərəflərin paylarının Cavabdeh 2/5 hissə, İddiaçı 3/5 hissə olmaqla müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin əmlak üzərində Cavabdeh və İddiaçı hər birinin payı bərabər olmaqla, 1/2 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5543/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5543/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver