Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5543/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-882/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmlakın yararlı vəziyyətə salınaraq ona qaytarılmasını, ona dəyən maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “Qaz 3110” markalı **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobili 23 avqust 2020-ci il tarixində əsassız saxlanılaraq dayanacağa yerləşdirilmişdir. Bu illər ərzində avtomoblin təkərləri yararsız vəziyyətə düşmüş, bəzi hissələri sıradan çıxmış, baxımsızlıq ucbatından korroziyaya uğramışdır. Bu səbəbdən də onun əmlakının yararlı vəziyyətə salınaraq özünə qaytaraılması və ona dəymiş maddi mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-882/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(009)-882/2022 saylı qərardadı ilə şikayəti təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi, iddia ərizəsini qəbul etməkdən imtina edərkən 153.2.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 2.2-7-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbnə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 016-81335R-3220 nömrəli 06.10.20-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul olumuş və cərimə məbləğləri qanunla müəyyən edilmiş əsaslar olmadan 2 ay müddətində onun tərəfindən ödənilmədiyindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmişdir. İddiaçının tələbi də məhz avtomobilin cavabdeh orqanının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı dəymiş zərərlə bağlıdır. Belə olan halda, tərəflər arasında mübahisəli məsələ məhz cavabdeh orqanının inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarının 7.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunu inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı inzibati orqanların qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmaldır. Belə olan halda isə, yəni iddia tələbinin mahiyyəti dəqiqləşdirmədən (zərurət yarandığı halda məhkəmə MPM-nin 151.2-ci maddəsinə əasən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilər) onun inzibati xarakterli olması nəticəsinə gəlinməsi əsaslı və qanuni sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməlidir. Lakin, məhkəmə kollegiyasının hazırki mövqeyi iddia ərizəsinin mümkünlüyünün MPM-nin 152-ci maddəsinə əsasən yoxlanılmasını istisna etmir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-882/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)- 882/2022 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5543/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5543/2022
02.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver