Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5553/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Əbdürrəhmanoviçin, Cavabdeh1 iştirakı ilə, İddiaçı Əbdürrəhmanoviçin Cavabdeh1 qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü oğlu İslam Pulatovun saxlanılması üçün bütün növ qazancının 1/6 hissəsi miqdarında aliment tutulması, Cavabdeh1 tərəfindən alacağı alimentin xərclənməsində israfçılığa yol verilməməsi məqsədilə oğlu İslam Pulatovun adına Cavabdeh1 tərəfindən bank hesabı açılması və onun xeyrinə tutulacaq aliment miqdarının 50%-nin bank hesabına köçürülməsi, eyni zamanda Cavabdeh2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü qızı Səidə Pulatovanın saxlanılması üçün bütün növ qazancının 1/6 hissəsi miqdarında aliment tutulması, Cavabdeh2 tərəfindən alacağı alimentin xərclənməsində israfçılığa yol verilməməsi məqsədilə qızı Səidə Pulatovanın adına Cavabdeh2 tərəfindən bank hesabı açılması və onun xeyrinə tutulacaq aliment miqdarının 50%-nin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı xx.xx.2007-ci il təvəllüdlü İslam Pulatovun saxlanılması üçün bütün növ qazancın 1/6 hissəsi miqdarında alimentin tutulması və tutulacaq aliment miqdarının 50%nin İslam Pulatovun adına açılmış bank hesabına köçürülməsi ilə bağlı iddia tələbi Cavabdeh2 qarşı xx.xx.2017-ci il təvəllüldlü Səidə Pulatovanın saxlanılması üçün bütün növ qazancının 1/6 hissəsi miqdarında alimentin tutulması və tutulacaq aliment miqdarının 50%-nin Səidə Pulatovanın adına açılmış bank hesabına köçürülməsi tələbindən ayrıca icraata ayrılmış və Məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə, xx.xx.2007-ci il təvəllüdlü İslam Pulatovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancının və başqagəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin 50%-nin İslam Pulatovun adına olan bank hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasına barədə yeni qətnamə qəbul edilməsini, Xətai Rayon Məhkəməsinin hakimi Ə.Abbasova tərəfindən qanun pozuntularına yol verildiyi üçün barəsində araşdırılma aparılması və intizam məsuliyyətinə cəlb olunması üçün Məhkəmə Hüquq Şurasına müraciət edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iclasdan əvvəl iddiaçı hakimə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, hakim alimentin təyin edilməsi ilə bağlı işə baxmış, həmin işdə prosessual pozuntulara yol verməklə xx.xx.2019-cu il tarixli qətnamə qəbul etmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. Belə olan halda, iddiaçıda hakim Ə.Abbasovanın işə obyektiv baxması ilə bağlı şübhələr yaranmışdır. Buna baxmayaraq, hakim MPM-in tələblərini pozaraq müşavirə otağına getmədən qərardad qəbul etməklə etirazı baxılmamış saxlamışdır. Bundan başqa, işə baxılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 bu yaxınlarda iş yeri tapıb və məvacib alır ki, bu da alimentin azaldılması səbəbi ola bilər. Lakin qətnamədə bu fakt barədə heç nə yazılmamışdır. Qətnamədə iddiaçının ailə və maddi vəziyyətində kifayət qədər dəyişiklik olmaması ilə bağlı mötəbər sübutların məhkəməyə təqdim olunmaması qeyd olunmaqla, aliment azaldılmamışdır. Halbuki, məhkəmə nəzərə almamışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən 9 ay əvvəl qəbul olunub və məhz Cavabdeh1 iddiası və ondan irəli gələn məhkəmə aktı onun maddi vəziyyətində dəyişiklik etmişdir. Həmçinin, ölkədə olan iqtisadi vəziyyət, inflyasiya dərəcəsi hər iki tərəfə, yəni həm aliment alana, həm də aliment verənə təsir göstərir ki, bu da onun maddi vəziyyətində dəyişiklik etmişdir. Eyni zamanda, hakim cavabdehə verdiyi sualla ozünün qnunsuz qətnaməsini əsaslandırmağa köməklik etməyə çalışmış, iddiaçının cavabdehə sualının olub-olmadığını aydınlaşdırmamışdır. Qətnamə elan oldunqudan sonra isə, cavabdeh hakimin masasına yaxınlaşmış, onların arasında pıçıltı ilə qisa söhbət olmuş və hakim bu hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Bu da iddiaçının onlar arasınada qabaqcadan sövdələşmə olması şübhəsini gücləndirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh isə, şikayətə etiraz edərək, rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14857/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü İslam Pulatovun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay İddiaçı qazancının və başqa gəlirlərinin ¼-i miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. “BP Exploration (Caspian Sea) Ltd.” Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı, xx.xx.2005-ci il tarixdən halhazıradək həmin şirkətdə Dəniz əməliyyatları departamenti, Texniki xidmət üzrə texnik vəzifəsində işləyir. Vergi tutulmamış aylıq məvacibi 3885 manatdır və dənizdə işlədiyinə görə aylıq vergi tutulmamış 2525,25 manat ödəniş alır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını dəqiqləşdirmişdir. Bununla belə, alimentin müəyyənləşdirilməsi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəadan irəli gəldiyi üçün hər hansı obyektiv və ağlabatan əsas olmadan, yalnız formal mülahizələrə əsaslanmaqla valideynləri bu vəzifənin icrasından azad etmək və ya ödənilən alimentin miqdarını azaltmaq yolverilməzdir. Kollegiya, hazırkı mübahisəyə də göstərilən kontekstdən yanaşaraq bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. Lakin hazırkı iş üzrə İddiaçı, alimentin tutulması barədə sonuncu məhkəmə qətnaməsindən sonra ailə və maddi vəziyyətində baş verən dəyişikliyin konkret nədən ibarət olması haqqında hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı, ailə və maddi vəziyyətindəki dəyişikliyi digər nikahından olan uşağı üçün də aliment ödəməsi, cavabdehin özünün də hazırda işləməsi və ölkədəki iqtisadi vəziyyətlə əsaslandırmışdır. Məhkəmə kollegiyası, yuxarıda sadalanan normaların kontekstindən çıxış edərək, hesab edir ki, bu hallar aliment məbləğinin azaldılması üçün əsas ola bilməz. Ona görə ki, əvvəla, iddiaçı cavabdehin hazırda işlədiyini bildirsə də, məhkəməyə bu faktı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən, işdən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3451/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Səidə Pulatovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.02.209-cu il tarixdən hər ay qazancının və başqa gəlirlərinin ¼-i miqdarında aliment tutularaq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçıdan onun digər nikahından olan uşağı üçün Cavabdeh2 xeyrinə alimentin tutulması barədə qətnamənin qəbul edildiyi tarixdən sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh1 xeyrinə qazancının və başqa gəlirlərinin ¼-i miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmışdır. Odur ki, bu hal da, hazırkı iş üzrə tərəflər arasında sonuncu məhkəmə qətnaməsindən sonra iddiaçının ailə və maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissədində iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Kollegiya, bu qənaətə gələrkən onu da vurğuayır ki, iddiaçının apellyasiya şikayətində işə baxan hakim tərəfindən yol verildiyini hesab etdiyi pozuntularla bağlı müvafiq orqana müstəqil şəkildə şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əbdürrəhmanoviçin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1482/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5553/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5553/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver