Məhkəmə qərarları › İş №2(103)-5559/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5559/2023

06.10.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5559/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh-iddiaçı Gülarə Abdulla-zadənin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2rşı “əqdin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Abdulla-zadə Gülarə Nikolayevnanın cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli tarixli 2(009)-33/2023 nömrəli qətnaməsindən Abdulla-zadə Gülarə Nikolayevnanın apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddiaçı MMC-nin ilk iddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2019 və xx.xx.2020-ci il tarixli icarə müqavilələri etibarsız hesab olunsun, zərərin əvəzi kimi 1.846.091,60 manat, əldən çıxmış faydanın əvəzi kimi 143.508 manat əks tərəfdən tutulsun. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. Gülarə Abdulla-zadənin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, icarə haqqı kimi 594.000 manat, faiz kimi 84.397,5 manat, təmir-tikinti işlərinin sökülməsi üçün tələb olunan xərcin əvəzi kimi 444.000 manat, əldən çıxmış faydanın əvəzi kimi 495.000 manat əks tərəfdən tutulsun. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, İddiaçı MMC-nin ilk iddiası təmin edilsin, həmin icarə müqavilələri etibarsız hesab olunsun, 1.494.146,84 manat pul Gülarə Abdulla-zadədən İddiaçı MMC-nin xeyrinə tutulsun, ilk iddianın qalan hissəsi və Gülarə Abdulla-zadənin qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Gülarə Abdulla-zadənin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. Apellyasiya icraatı zamanı tərəflər xx.xx.2023-cü tarixli barısıq sazişi bağlamışlar. Barışıq sazişinin hazırkı işə aid olan və hüquqi əhəmiyyət daşıyan şərtləri bu qərardadın nəticə hissəsində qeyd olunub. Həmin şərtlər qanuna zidd deyil və ya hər hansı şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. O cümlədən barışıq sazişində işdə iştirak etməyən şəxsin – X4 (İddiaçı MMC-nin təsisçisinin) xeyrinə hüquqların müəyyən edilməsi qanuna zidd deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə görə, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Barışıq sazişini tərəflər ilə yanaşı “üçüncü tərəf” kimi X6 da imzalayıb. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, barışıq sazişi bu qərardadın nəticə hissəsində göstərilən şərtləri təsdiq edilməli və qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5 və 384.0.5-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC, Abdulla-zadə Gülarə Nikolayevna və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1) Abdulla-zadə Gülarə Nikolayevnanın mülkiyyətində olan, reyestr nömrəsi **********22-05301-083010 olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 370,70 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Abdulla-zadə Gülarə Nikolayevna tərəfindən X4 mülkiyyətinə verilir. 2) Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Texniki pasportunda “digər sahə” kimi göstərilən 114,7 kv.m sahə Abdulla-zadə Gülarə Nikolayevna tərəfindən X1 verilir. 3) Barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın qanuni qüvvəyə mindiyi gündən 15 (on beş) iş günü ərzində 100.000 (yüz min) manat pul Abdulla-zadə Gülarə Nikolayevna tərəfindən X5 nağd və ya köçürmə yolu ilə verilir. 4) Barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın qanuni qüvvəyə mindiyi gündən 24 ay ərzində, hər ayın sonuncu günü ən azı 8.333 (səkkiz min üç yüz otuz üç) manat olmaqla cəmi 200.000 (iki yüz min) manat pul Abdulla-zadə Gülarə Nikolayevna tərəfindən X5 nağd və ya köçürmə yolu ilə verilir. 5) Tərəflər razılaşırlar ki, bu barışıq sazişini imzalamaqla hazırkı iş üzrə birbirlərinə qarşı olan bütün tələblərdən imtina edirlər. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra bu qərardad Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 370,70 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində Abdulla-zadə Gülarə Nikolayevnanın mülkiyyət hüququna dair reyestr qeydinin və reyestr çıxarışının ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsi üzərində X4 mülkiyyət hüququnun dövlət reyeytrində qeydə alınması və onun adına reyestr çıxarışının verilməsi üçün əsasdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-33/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Abdulla-zadə Gülarə Nikolayevnaya qarşı “əqdin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Abdulla-zadə Gülarə Nikolayevnanın cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki üzrə icraata xitam verilsin. Tərəflərin çəkdikləri məhkəmə xərcləri onların özlərinə aid edilsin. Ekspertiza xərcinə görə İddiaçı MMC-dən 50 (əlli) manat, Abdulla-zadə Gülarə Nikolayevnadan 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar