Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5560/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi ğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 5 saylı Notariat Kontoru və Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu əsasla verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-1295/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2014-ci il tarixli 07 saylı sərəncamı ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,5 kv.m mənzilə Cavabdeh (arvadı, qızı və oğlu ilə birlikdə) ilə icarə müqaviləsinin bağlanılması qərara alınmışdır.
2. Cavabdeh 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 154 saylı mənzil-kommunal istismar sahəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixdə “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə əsasən həmin mənzil Cavabdeh müddətsiz istifadə üçün verilmişdir.
3. Mənzil üzərində Cavabdeh daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır.
4. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindnən notariat kontoruna ünvanlanmış məktubda qeyd edilmişdir ki, Birlik Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsı, Şahlar Əsgərov küçəsi, 1 sayı evin, 207 saylı mənzilə dair daimi istifadə hüququnun özgənənkiləşdirilməsinə etiraz etmir. Qeyd edir ki, 1 saylı ev Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına və xidməti dairəsinə verilmişdir.
5. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 1, mənzil 207 ünvanda yerləşən ümumi sahəsi 16,5 kv.m mənzil üzərindəki istifadə hüquqlarını İddiaçı 25.050 manata satmışdır. Müqavilə Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiqlənmişdir. Müqavilədə o da qeyd olunmuşdur ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.
6. Mənzil üzərində İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır.
7. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 119 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 623 nömrəli arayışına əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 16,5 kv.m mənzildə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 5 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu əsasla verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısı barədə Bakı şəhəri. 5 saylı "ASAN Xidmət" mərkəzində təsdiq edilmiş 3M-694 reyestrli xx.xx.2023-cu il tarixli muqavilənin etibarsız sayılması və DƏDRX Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı yuxarıda göstərilən işin hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh satılan mənzilin kirayəçisi olmuş, müraciəti ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cu il tarixdə ona alqı-satqı yolu ilə aldığı mənzilə xüsusi mülkiyyətinə verilməsi barədə deyil, həmin mənzildən istifadə hüququ haqqında çıxarış verilmişdir. Bu çıxarışı alarkən hesab etmişdir ki, çıxarışda mənzilin xüsusi mülkiyyətində olması göstərilmişdir. 2024-cü ilin dekabr ayının 5-də mənzili satmaq üçün yaşadığı ərazidə notariat ofisinə müraciət emiş, notarius bildirmişdir ki, bu mənzil dövlət mülkiyyətindədir. Məhz bu zaman cavabdeh tərəfindən aldadıldığını, mülkiyyət hüquqnun kobud şəkildə pozulduğunu anlamışdır. Həmin mənzildə 4 nəfər ailə üzviləri ilə birlikdə yaşayırlar. Cavabdehin aldatma yolu ilə bağladığı müqavilə onun mülkiyyət hüququnu pozmuşdur.
10. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış olduğu əqdin mübahisələndirilməsi üçün həmin halın ona məlum olduğu andan bir ay ərzində mübahisə etmək müddəti olduğu halda hazırda iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.
12. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1295/2025 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda MM-nin 339-cu maddəsinin təsiri altında olan hallar müəyyən edilmir.
14. Baxmayaraq ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2024-cü ildə əmlakı satarkən müəyyən edilmişdir ki, istifadə hüququ var, bu halı sübut edə bilməmişdir. Belə olan halda müddət keçmiş olur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci, 337.1, 337.2, 337.3, 337.4, 337.5 və 339-350-ci, 347.1, 347.2, 347.3, 347.4, 347.5, 347.6, 347.7, 354.1, 354.2, 389.1, 390-cı maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarlarına, S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdehlə onun arasında bağlanmış müqavilə aldadılma yolu ilə bağlandığından etibarsız hesab edilməli idi. Məhkəmə qətnaməsində AR Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad etsə də, məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Cavabdehin onu aldatdığını 2024-cü ilin dekabr ayında müəyyən etmişdir. Məhkəmə bir illik müddəti tətbiq edərək iddianı rədd etmişdir. Bununla da məhkəmə onun haqlı olduğu qənaətinə gəlsə də, müddətin keçməsini əsas götürərək iddianı rədd etmişdir. Burdan belə nəticəyə gəlmək olur ki, əgər bir il müddət keçməsəydi iddia əsaslı idi. Lakin məhkəmə heç bir əsas olmadan bir illik müddəti tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, həmin maddədə bir illik müddət müqavilənin bağlandığı andan deyil, hüquqlarının pozulduğunu bildiyi andan nəzərdə tutur. O, həmin əmlakı daşınmaz əmlak kimi əldə etmişdir ki, təcili vəziyətdə onu sataraq gəlir əldə edə bilsin. Bunu sata bilmədikdən sonra o, məhkəmədə iddia qaldırmışdır. Əgər bu əmlakı sata bilməyəcəyini bilmiş olsaydı, ümumiyətlə həmin əmlakın satılması barədə cəhd etməzdi. Qanunvericiliyin tələbinə görə də əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qeyd olunan əqd etibarsızdır və bunun üçün müddətin həmin müqavilənin bağlandığı vaxtdan hesablanması da tam əsassızdır. Əqd etibarsız hesab olunarkən tərəflər əvvəlki vəziyyətə qayıtmalıdır. Belə olan halda, o, evi cavabdehə qaytarmalı, cavabdeh isə ondan aldığı 25050 manat pulu geri qaytarmalıdır. Keçən müddət ərzində normal vəziyyətdə daşınmaz əmlakların qiyməti qalxmışdır. Bu hal cavabdehə sərf etməli idi. Lakin alqı-satqı zamanı daşınmaz əmlak deyil, yalnız hüquqlar satıldığından həmin ənmlakın dəyəri qalmamışdır. Bugünki gündə o, daşınmaz əmlaka deyil, yalnız hüquqların alqlı-satqısına görə kifayət qədər artıq məbləğ ödəmişdir. Eyni zamanda, 25.050 manatdan əlavə bank yolu ilə deyil əlbəəl cavabdehə 2.950 manat əlavə pul ödəmişdir. Lakin buna dair sübutu olmadığından yalnız bank vasitəsilə ödədiyi 25.050 manat pulu göstərmişdir. Məhkəmə iclasında da cavabdeh tərəf qeyd olunan alqı-saqtı müqaviləsi bağlanarkən onun daşınmaz əmlakı deyil, istifadə hüququnu aldığını və bunu bildiyini deməmişdir. Cavabdeh tərəf iddia müddətini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Bu bir daha onun iddiasının əsaslı olduğunu təsdiq etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə işə baxarkən onun cavabdeh tərəfindən yanılmağı səbəbindən müqavilə bağladığını müəyyən etsə də, iddia müddəti ötürülməsi səbəbindən iddia tələbini əsassız hesab etmişdir. Cavabdeh də iddia müddətini əsas gətirmişdir. Bir daha qeyd edir ki, qeyd olunan əqd əhəmiyyətsiz əqddir və bağlandığı andan etibarsızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, dəniz buruğunda işlədiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mənzildən istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı iddia edir ki, müqavilə bağlanılarkən mənzilin onun mülkiyyətinə verildiyini zənn etmiş, lakin 2024-cü ilin dekabr ayında mənzili satmaq istədikdə ona məlum olmuşdur ki, müqavilə ilə sadəcə daşınmaz əmlakdan istifadə hüquqları ona satılmışdır.
28. İddiaçı hesab edir ki, o, cavabdeh tərəfindən aldadılmış, həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etmiş, bağladığı əqdin məzmunu barədə səhv etmişdir.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əqd bağlanılarkən cavabdeh tərəfindən aldadıldığı barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
30. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilənin başlığında “Daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısı müqaviləsi” qeyd edilmiş, notariat işinə Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsı, Şahlar Əsgərov küçəsi, 1 sayı evin, 207 saylı mənzilə dair daimi istifadə hüququnun özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə məktub əlavə edilmiş, müqavilənin özündə də notarius tərəfindən müqavilə tərəflərinə onların hüquq və vəzifələrinin izah edildiyi, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edildiyi qeyd edilmişdir.
31. Odur ki, iddiaçının hansı əqdi bağladığı və onun predmetindən məlumatlı olmadığı barədə bildirdiklərini kollegiya ağlabatan və inandırıcı saymır.
32. Bundan başqa işdən görünür ki, alqı-satqı müqaviləsi əsasında iddiaçının mənzildən “istifadə hüququ”nun xx.xx.2024-cü il tarixində qeydiyyata alınması barədə ona dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda da tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti – mənzildən istifadə hüququ göstərilmişdir.
33. Buna baxmayaraq iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmiş, iddiası əsaslı olsa belə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətləri ötürmüşdür.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1295/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: