Məhkəmə qərarları › İş №2(103)-5567/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5567/2022

02.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5567/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(001)- 303/2022 saylı qərardadından cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Etibarlı MTK-ya qarşı “müqavilənin ləğv edilməsi, pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(001)- 303/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, sifarişçi İddiaçı ilə icraçı "xxxx" MTK arasında 02 mart 2019-cu il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, "xxxx" MTK-dan maddi ziyana görə 91950 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 92980 manatın İddiaçı xeyrinə tutulması, "xxxx" MTK tərəfindən hazırkı qətnamə tam icra olunanadək kirayə haqqına görə hər ay 300 manatın "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə qeyd edilən qətnamədən 01 mart 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 mart 2022-ci il tarixli, 2(103)-2932/2022 saylı qərardadına əsasən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş şikayətin mümkünlüyünün yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(001)- 303/2022 saylı qərardadına əsasən apellyasiya şikayəti qaytarılmış, həmçinin icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi üçün vəsatətlə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi prosessual müddətin buraxılmasının üzrlü səbəblərini – səhhətində yaranmış problemlərlə əlaqələndirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilməmiş, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəmənin 13 yanvar 2022-ci il tarixli qətnaməsi 21 yanvar 2022-ci il tarixli məktubla (reyestr 25 yanvar 2022-ci il) "xxxx" MTK-ya göndərilmiş, eyni zamanda qətnamə cavabdehin elektron kabinetinə 24 yanvar 2022-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə 01 mart 2022-ci il tarixdə verilmiş, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi müddətin buraxılmasının üzrlü səbəbi kimi 2022-ci ilin fevral ayında səhhətində problemlər olduğunu göstərsə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hüquqi şəxs olan cavabdehin nümayəndəsinin bir neçə gün ambulator müalicədə olması, MTK-ya məxsus elektron kabinetdən MTK-nın digər əməkdaşlarının istifadə edə bilməmələri buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Belə ki, öz hüquqlarından vaxtında istifadə edə bilməsi üçün öz əməkdaşlarını maarifləndirmək MTK-nın vəzifəsidir və bu vəzifələrin düzgün icra edilməməsi başqalarının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Həmçinin, təqdim olunmuş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, Nümayəndə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni cəmi 3 gün müddətində kəskin respirator xəstəliyi diaqnozu ilə ambulator müalicədə olmuşdur. Belə olan halda, nümayəndə nəyə görə qalan müddət ərzində apellyasiya şikayətinin verilməsinin mümkün olmamasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı prosessual səbəbdən qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti uzun müddət ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə göstərilən səbəblər isə müddətin üzrlü sayılmasına qanuni əsas təşkil edə bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəifndən də qeyri-mümkün sayıldıqdan sonra çatışmazlıqlar dərhal deyil, uzun müddət sonra aradan qaldırmış, lakin keçən müddətin üzrlü olaraq buraxılmasını əsaslandırmamış, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. Cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edildiyi kimi cavabdeh buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilənin ləğv edilməsi, pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(001)-303/2022 saylı qərardadından cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(001)- 303/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar