Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5569/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı Cavabdeh qarşı “aliment və əlavə xərclərdə iştirak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 sağalana kimi saxlanılması üçün hər ay 1250 manat məbləğində alimentin və əlavə xərclərdə iştiraka cəlb edilməklə sağalana kimi hər ay 500 manat sabit pul məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(004)-1410/2020) iddia qismən təmin edilərək, Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladı xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin və kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar 50 (əlli) manat əlavə xərcin, cəmi 150 (bir yüz əlli) manatın tutularaq İddiaçı2 Ağarza qızına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegyasının 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 04 may 2021-ci ildə Cavabdeh Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və həmin şikayət qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayəti Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və birinci instansiya məhkəməsi bu halı müzakirə etmədən şikayəti baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə 17.02.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və Cavabdeh həmin qətnamənin surətini 15 oktyabr 2020-ci il tarixdə müvafiq qəbzə imza etməklə almışdır (i.v.100). Belə olan halda, cavabdehin mübahisələndirdiyi qətnamə barədə ən geci 15 oktyabr 2020-ci il tarixdə məlumatlı olması mübahisəsizdir. Göründüyü kimi, 04 may 2021-ci il tarixdə apellyasiya şikayətini təqdim edən cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürüb-ötürmədən verilməsi məsələsi birinci instansiya tərəfindən müzakirə edilməmiş, apellyasiya şikayəti baxılması üçün birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5569/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5569/2021
04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver