Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-557/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş ziyanın əvəzinin ödənilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3285/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin 12 saylı mənzilinin 1/5 hissəsini təşkil edən 8 kv yaşayış sahəsinin sökülməsinə görə 40.000 manat və sökülmüş əmlakın dəyərinin 20% əlavəsi ilə birlikdə cəmi 48.000 manat pulun ziyana görə, vəkilə ödənilmiş 110 manat, 144 manat ödənilmiş dövlət rüsumunun: cəmi 48.254 manatın cavabdeh "xxxx" MTK-dan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti “Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən xx.xx.2005-ci ildə verilmiş ÖM seriyalı № 248523 saylı Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin, 1/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Səhhətilə bağlı problemlər olduğundan və Covid-19 pandemiyasından qorunmaq üçün, müvəqqəti anadan olduğu Sabirabad rayonuna getmişdir. Qayıdan zaman cavabdeh maşınqayırma MTK tərəfindən mülkiyyətində olan evinin söküldüyünü görmüşdür. Bir anlıq dünya başında fırlandı, mənəvi sarsıntı keçirdi, çox dərin iztiraba məruz qaldı. Cavabdeh idarənin səlahiyyətli şəxsləri ilə görüşüb, mülkiyyətində olan evinin bərpa edilməsini tələb etdi, lakin cavabdeh təşkilatın səlahiyyətli şəxlsəri onun qanuni tələbini yerinə yetirməkdən imtina etdilər. Mülkiyyət hüquqları cavabdehin əməkdaşları tərəfindən pozulduğundan, evinin özbaşına olaraq sökülməsi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 39.68 kv.metrdir. Həmin mənzilin 1/5 hissəsi isə 8.00 kv.metr sahəni əhatə edir. Mənzilin qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi adının qeyd olunmasına və mənzilin 1/5 hissəsindəki payının qeyd olunmasına baxmayaraq cavabdeh heç bir xəbərdarlıq etmədən və onunla razılaşmadan özbaşına olaraq uçurub dağıtmış nəticədə ona külli miqdarda ziyan vurmuşdur. Həmin zərərin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq ödənişindən imtina etmişdir. Sökülmüş mənzilinin yerləşdiyi ərazi Bakı şəhərinin ən bahalı ərazisində yerləşir. Belə ki, həmin ərazidə yerləşən yaşayış sahəsinin hər kv.metrinə düşən dəyəri 4000-5000 manat civarındadır. Eyni zamanda söküləcək ərazilərlə bağlı ödənilməli 20% əlavəni də hesablanılsa, 8 kv.metr ərazini 5000 kv.metrdən hesablanılsa, 40.000 manat əlavə olaraq 20% ödənilməli məbləğ cəmi 48.000 manat pul ona ziyan vurulmuşdur.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3285/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, mənzilin qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi adının qeyd olunmasına və mənzilin 1/5 hissəsindəki payının qeyd olunmasına baxmayaraq cavabdeh heç bir xəbərdarlıq etmədən və onunla razılaşmadan özbaşına olaraq uçurub dağıtmış nəticədə mənə külli miqdarda ziyan vurmuşdur. Həmin zərərin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq ödənişindən imtina etmişdir. Sökülmüş mənzilinin yerləşdiyi ərazi Bakı şəhərinin ən bahalı ərazisində yerləşir. Belə ki, həmin ərazidə yerləşən yaşayış sahəsinin hər kv.metrinə düşən dəyəri 4000-5000 manat civarındadır. Eyni zamanda söküləcək ərazilərlə bağlı ödənilməli 20% əlavə də hesablanılsa, 8 kv.metr ərazini 5000 kv.metrdən hesablanılsa, 40.000 manat əlavə olaraq 20% ödənilməli məbləğ cəmi 48.000 manat pul ona ziyan vurulmuşdur. Həmin qeyd olunmuş bu nüansların heç biri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin olunması, iddia ərizəsi verilməsi üçün ödənilmiş 234 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 117 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili N.Abbasov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. Mülki iş materiallarında olan:
8. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 248523 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 saylı evin 12 saylı mənzilin 4/5 hissəsi X1, 1/5 payı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 258 saylı reyestr kitabının 37464cü səhifəsində xx.xx.2005-ci il tarixdə 30/658 nömrə ilə qeydə alınmışdır.
9. "xxxx" MTK ilə X3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 56 nömrəli “Əvəzləşdirmə müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MTK ünvan 2 saylı evin 12 saylı mənzilinin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində 42 kv.m-dən ibarət təmirli mənzilləri mülkiyyətçi – X2 verməyi öhdəsinə götürmüşdür.
10. 11.10.2005-ci il tarixli, AZ-İ № 049517 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 375№ ilə qeyd edilmişdir.
11. AR Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-4486/2004 №-li Qətnaməsi ilə mübahisəli mənzilin bölgüsü 1/5 hissədə müəyyən edilməklə 4 hissəsi X3 ilə ananın himayəsində olan azyaşlı uşaqların, qalan 1 hissəsi isə İddiaçı mülkiyyətinə verilmişdir.
12. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-606/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X3 mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin üzərində cavabdehin qanunsuz sahibliyinin qadağan edilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir.
13. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, MB 16/0144 saylı rəyinə əsasən ünvan 2 ünvandakı 12 saylı mənzilin, həmçinin yeni tikililərin yerləşdiyi ərazidə 1 kv.m. təmirli sahənin real bazar dəyəri 2400 manat, təmirsiz sahənin dəyəri 2100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
18. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
26. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
30. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
33. İddia tələbini təmin etməyən rayon məhkəməsi Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir.
34. Kollegiya hesab edir ki, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
35. Belə ki, sökülən mənzilin 1/5 hissəsinin iddiaçının mükiyyətində olması, həmin mənzilin cavabdeh tərəfindən sökülməsi və sökülmənin qanunsuz olması hazırkı işin mübahisəsiz halıdır. İddiaçı 1/5 hissədə öz mülkiyyətində olmuş, 8 kv.m sahəsi olan mənzilin sökülməsinə görə ona dəymiş ziyanı tələb edir. Belə olan halda, onun hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2ci maddələri təşkil edir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
38. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur.
39. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
41. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
42. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
43. Kollegiya qeyd edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü hallar məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyindən iddiaçının maddi ziyanın ödənilməsi tələbi müvafiq tələbin qanuni əsasının dispozitiv şərtlərinə uyğun gəlir.
44. İddiaçı iddia ərizəsində mənzilin sökülməsinə görə ona dəymiş ziyanla bağlı həmin mülkiyyətində olmuş mənzilin hər kv.metrinin 5000 manatdan hesablanmalı olmasını bildirsə də, Kollegiya qeyd edir ki, həmin qiymət qeyriyaşayış sahələrinin qiymətidir, iddiaçıya məxus sahə isə mənzil olmaqla yaşayış sahəsi olmuşdur.
45. Bununla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 2 ünvandakı 12 saylı evin yerləşdiyi ərazidə 1 kv.m. sahənin söküntüyə qədər olan vəziyyətdəki, eləcə də yeni tikilidə olan (mərtəbə nəzərə alınmaqla) sahənin real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur.
46. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, MB 16/0144 saylı rəyinə əsasən ünvan 2 ünvandakı 12 saylı mənzilin, həmçinin yeni tikililərin yerləşdiyi ərazidə 1 kv.m. təmirli sahənin real bazar dəyəri 2400 manat, 1 kv.m. təmirsiz sahənin dəyəri 2100 manat təşkil edir.
47. Məhkəmə Kollegiyası Bakı şəhərində yüksək mərtəbəli binaların inşası sahəsində təşəkkül tapmış və oturuşmuş işgüzar adətlərə əsasən sökülən mənzilin əvəzində 20 faiz artıq sahənin verilməsi, həmçinin yeni tikiləcək mənzil istifadəyə verilənə kimi mənzili sökülən şəxslərə hər ay 200-500 manat kirayə haqqının ödənilməsi hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus 8 kv.m mənzilin hər kvadrat metri üçün həmin ərazidə təmirli sahənin real bazar dəyəri olan 2400 manatdan hesablanmaqla, cəmi (2400x8=19200) 19200 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
48. Vəkil xərci kimi 110 manat ödənilməsi hissədə də əsaslıdır, belə ki iddiaçı vəkillə təmsil olunur, buna dair müvafiq sənəd təqdim edilməsə də, vəkillə müqavilə bağlanılması və xidmət haqqı ödənilməsi mübahisəsizdir, istənilən məbləğ ağlabatandır, belə olan halda iddia tələbi vəkil xərci hissədə də təmin edilməli. Buna görə də cavabdehdən vəkil xərci kimi 110 manat iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus 8 kv.m mənzilin sökülməsi ilə bağlı cəmi (2400x8=19200) 19200 manat, vəkil xərci kimi 110 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
50. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi verilməsi üçün ödənilmiş 234 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 117 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehdən tutulmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3285/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan iddiaçıya məxsus 8 kv.m mənzilin sökülməsi ilə bağlı cəmi (2400x8=19200) 19200 (on doqquz min iki yüz) manat, vəkil xərci kimi 110 (yüz on) manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi cəmi (234+117=351) 351 (üç yüz əlli bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına cavabdeh "xxxx" MTK-dan alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov