Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5573/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3176/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahdan xx.xx.2012-ci il tarixdə X12, xx.xx.2013-cü il tarixdə X13 və xx.xx.2015-ci il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4792/2023 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmışdır. Həmin mübahisə çərçivəsində iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulmasını da tələb etsə də, sonradan iddia tələbini bu hissədə azaltmışdır. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən tərəflərin əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-417/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 ay 07 gün müddətin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 03 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, o cümlədən Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməməsi hökm edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün minimum 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, onunla əsaslandırmışdır ki, hazırda təkbaşına 3 uşağı saxlamaqda ciddi maddi çətinliklər çəkir. Belə ki, uşaqlar təbii olaraq böyüyür, onların tələbatları və buna uyğun olaraq qiymətlər artır. Cavabdeh isə uşaqları ilə maraqlanmır, onların saxlanması üçün öz təşəbbüsü ilə, könüllü olaraq hər hansı məbləğdə vəsait ödəmir. Belə vəziyyətdə də onların getdikcə artan maddi tələbatlarını ödəməkdə çətinlik çəkir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3176/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan X9, X11 və X1 üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2024-cü il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. (hakim X10)
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında nikahın pozulması barədə qətnamə qəbul edilərkən cavabdehə qarşı aliment tələbindən imtina etmişdir. Qanunvericiliyin tələbinə əsasən hazırda alimentin tutulması üçün yeni əsaslar yarandığından məhkəmə iddiaçının aliment tələbini əsaslı hesab edərək, hər uşaq üçün 200 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 705 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 705 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin əmək haqqının olmaması nəzərə alınmaqla şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi əsas götürülərək məqsədə müvafiq deyildir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Nəticədə məhkəmə belə qənaətə gəlmişdir ki, hər ay hər uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 200 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 76-cı, 78-ci, 100-cü, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sabit iş yeri və yüksək maaşla təmin olunmuşdur. Onun isə daimi iş yeri və qazanc mənbəyi yoxdur. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasi CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə 4 il 6 ay müddətinə onun azadlığı məhdudlaşdırılmışdır. Ölkədə işsizlik hökm sürdüyü, iş yerlərinin olmadığı bir şəraitdə cəzalı şəxsin daimi işlə təmin olunması mümkün deyil. Hökmə əsasən o, Bakı və Sumqayıt şəhərlərinin yerləşdikləri əraziləri tərk edə bilməz və əks təqdirdə cəzalandırılır. Belə olduğu halda o, hər ay 600 manat aliment pulunu qazana bilməz. O, məcbur olub hər hansı bir əyri yola əl atarsa, o zaman azadlıqdan məhrum ediləcək. Şübhəsiz o, övladlarına maddi yardım, yəni aliment ödəməyə borcludur və bu onun valideynlik borcudur. Amma hələ boşanma zamanı iddiaçı aliment tələb etməyəcəyi barədə yazılı müraciət etmiş və məhz buna görə də o məhkəmədə aliment məsələsi araşdırılmamışdır. Hazirki vəziyyətdə o, tam cəzasını çəkib sərbəst olana qədər aliment olaraq 300 manat pulu çətinliklə olsa da, qazanaraq ödəməyi öhdəsinə götürür. Tam cəzasını çəkib qurtardıqdan sonra ödəniləcək məbləğin miqdarını artıracağına da söz verir. Bu səbəbdən ondan tutulan aliment məbləğinin 300 manata endirilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilk olaraq apellyasiya şikayətini müdafiə etmiş və hər ay hər uşağın saxlanılması üçün ondan 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qismən qəbul etmiş və məhz cavabdehin hazırda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini və bundan irəli gələrək, onun maddi vəziyyətini nəzərə alaraq hazırda ondan hər ay, hər uşağa görə 140 manat, ümumilikdə 420 manat məbləğində alimentin tutulmasına razı olduğunu, lakin cavabdehin cəzasının müddəti bitdikdən sonra yenidən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirərək, mövqeyinə uyğun olaraq, apellyasiya şikayətinin qismən qəbul edilməsi barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
12. İddiaçının mövqeyi məhkəmə kollegiyası tərəfindən müzakirəyə çıxarılmış və bundan sonra cavabdeh bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, hər ay hər uşağa görə 140 manat, cəmi 420 manat sabit pul məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini tələb etməsinə baxmayaraq, apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin alimentin miqdarı hissəsində dəyişdirilərək, hər ay hər uşaq üçün 100 manat miqdarında müəyyən edilməsini xahiş etdiyindən, qətnamə müəyyən edilmiş alimentin miqdarı hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat, ümumilikdə 420 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğundan, cavabdeh də nəticə etibarı ilə buna etiraz etmədiyindən, bu razılaşma da qanuna zidd olmadığından apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müəyyən edilmiş alimentin miqdarı hissəsində dəyişdirilməlidir.
23. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında nikah xx.xx.2011-ci il tarixdə bağlanmış, birgə nikahdan 3 uşaq doğulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4792/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Bu qətnamə qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə icraatı zamanı iddiaçı iddia tələbini alimentin tutulması hissəsində azaltmış və cavabdehdən aliment tələb etmədiyini bildirmişdir.
25. Hazırki iş üzrə iddiaçı uşaqların saxlanılması üçün hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, məhkəmə tərəfindən hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 600 manat aliment məbləğinin müəyyən edilməsi ilə razılaşmış və bu nəticəni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdeh uşaqların saxlanılması üçün alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq birinci instansiya məhkəməsi tərəfindən hər ay hər uşaq üçün müəyyən edilmiş 200 manat məbləğində alimenti ödəmək imkanına malik olmadığını bildirir. Cavabdeh öz mövqeyini məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və bununla əlaqədar yüksək maaşlı işə qəbul oluna bilməməsi və Bakı və Sumqayıt şəhərindən kənara çıxa bilməməsi ilə əsaslandırır.
26. Cavabdehin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-417/2022 nömrəli hökmü ilə qəti olaraq 03 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və hazırda rəsmi iş yerinin olmaması işin mübahisəsiz halıdır.
27. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı isə iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin mövcud vəziyyətini nəzərə alaraq, hazırda uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat, ümumilikdə 420 manat sabit pul məbləğində alimentin tutulmasına razı olmuşdur.
28. Məhkəmə kollegiyası da uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, tərəflərin hazırki maddi və ailə vəziyyətini, habelə diqqətəlayıq olan digər halları, xüsusilə də iddiaçının alimentin hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 420 manat məbləğində müəyyən edilməsi ilə bağlı razılığını nəzərə alıb, hesab edir ki, cavabdehdən tutulan aliment məhz hər ay hər uşaq üçün 140 manat, ümumilikdə 420 manat məbləğində müəyyən edilməlidir.
29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız 420 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşaqların istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3176/2024 nömrəli qətnaməsi cavabdehdən tutulan alimentin miqdarı hissəsində dəyişdirilməli, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat, ümumilikdə 420 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və hazırda tutulan alimentin məbləği arasında yaranmış fərqin illik məcmusu (600-420 = 180 x12 = 2.160) 2.160 manat təşkil etdiyindən və bu məbləğ beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3176/2024 nömrəli qətnaməsi Cavabdeh tutulan alimentin miqdarı hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.