Məhkəmə qərarları › İş №2(103)-5578/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5578/2025

10.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5578/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “iş vaxtından artıq işləməyə görə əmək haqqının və istifadə edilməmiş aylıq məzuniyyət haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək (tam ştat dövrü) 6 aylıq (günə 7 saat) müddətdə iş vaxtından artıq işlədiyi iş vaxtına görə ödənilməmiş 2091,60 manat, xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək (yarım ştat) iş vaxtından artıq işlədiyi müddət üçün ödənilməmiş (günə 7 saat) 24081,21 manat (44 aylıq) olmaqla, cəmi 26.172,81 manat əmək haqqı miqdarında pulun və istifadə etmədiyi 4 illik əmək məzuniyyətinə görə ödənilməmiş məzuniyyət pullarının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi ilə bağlı yekun məhkəmə aktı qəbul edildiyindən, həmçinin iddia müddətinin ötürülməsinin üzrlü hesab edilib-edilməməsinə məhkəmə tərəfindən artıq qiymət verildiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi əsassızdır. İddiaçıya izah olunur ki, onun, eyni tələblə bağlı iş üzrə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermək hüququ vardır və qətnamədən şikayət verdiyi təqdirdə, hazırkı iddia ərizəsində qeyd olunan hallara apellyasiya icraatı zamanı qiymət verilə bilər. İddiaçının həmin qərardaddan Rayon Məhkəməsinə şikayətə verərək, qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş materiallarını düzgün və hərtərəfli araşdırmamış və bu səbəbdən də səhv nəticəyə gəlmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, daha əvvəl iddiaçı cavabdeh MMC-yə qarşı “2019-2023-cü illər üzrə artıq işlədiyi müddət üçün ödənilməmiş əmək haqqı və son haqq hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə həmin iddianı, iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir. Daha sonra iddiaçı eyni tələblə bağlı iddia ərizəsi və eyni zamanda “iddia müddətin bərpa olunmasına haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunla müəyyən edilmiş bir illik iddia müddətinin 2025-ci ilin yanvar ayınadək ötürülməsinin səbəbələrinin üzürlü hesab edilməsi və həmin müddətin bərpa olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının əvvəlki iddia tələbi ilə bağlı yekun məhkəmə aktı qəbul edilmiş, onun həmin iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Başqa sözlə, həmin qətnamə ilə iddiaçının iddia tələbinə və iddia üzrə iddia müddətinə artıq hüququ qiymət verilmişdir. İddiaçı, həmin qətnamədən narazı qaldığı halda, qətnamədən apellyasiya şikayəti verməmiş, eyni məzmunlu iddia ərizəsi və “iddia müddətin bərpa olunmasına haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi və hazırkı apellyasiya baxışının predmeti olan qərardad qanuni, əsaslı və işin hallarında uyğundur, iddiaçının həmin qərardaddan verdiyi şikayət isə əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar