Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-558/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynov Amilya Aqil qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2(009)-1767/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 4954 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 13 dekabr 2020-ci il tarixdə idarə etdiyi "Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkət edən zaman "Günay Sığorta” ASC tərəfindən sığortalanmış "Mercedes Benz 300” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı dərhal DYP məlumatlandırılmış, onlar hadisə yerinə gəlib hadisəni qeydə almış, sığorta şirkətinin nömrələrinə cavab verilmədiyindən DYP əməkdaşları hərəkətdə məhdudiyyət yaranmasın deyə hər iki avtomobili duracağa aparmışdır. DYP əməkdaşları əlaqə saxladıqdan sonra "Günay Sığorta” ASC-nin Elçin adlı əməkdaşı duracağa gəlib avtomobillərə baxış keçirmiş, foto şəkillərini çəkmiş, sonra isə hadisə yerinə gedib orada da baxış keçirmişdir. Hadisə həftənin bazar günü, yəni qeyri-iş gününə təsadüf etdiyindən şirkətin əməkdaşı iş günlərində sığorta şirkətinin baş idarəsindən iddiaçı ilə əlaqə saxlanılacağını, dəymiş zərərlə bağlı qiymətləndirmənin ona bildirəcəyini söyləmişdir. Növbəti həftə onunla heç bir əlaqə saxlanılmadığından, o, şirkətlə əlaqə saxlamış, bir neçə cəhddən sonra onun işinin Elnur adlı əməkdaşda olduğunu, onunla əlaqə saxlamalı olduğunu bildirmişdir. Bu müddət ərzində iddiaçı avtomobili öz vəsaiti hesabına Bakıya gətirməli olmuşdur, çünki rayonda ehtiyyat hissələrinin, yaxşı təmir müəssisələrinin tapılması çətin idi. 22 dekabr 2020-ci il tarixdə onun dəfələrlə təkidindən sonra sığorta şirkətinin Elnur adlı əməkdaşının göstərişi ilə avtomobili dəymiş zərərin qiymətləndirilməsi üçün Dərnəgül şossesi, Çermet körpüsünün yanında yerləşən "KİA” servisə aparmış, servisdə zərər məbləğini ona bildirməyərək, sığorta şirkəti tərəfindən bildirəcəyi qeyd olunmuşdur. Onun tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aşağıdakı işlər götürlmüş və əvəzi ödənilmişdir: yeni arxa sol qapı - 595 manat; arxa sol disk və barabanın təmiri - 250 manat; baraban - 250 manat; elektrik - 250 manat; dəmirçi işinin görülməsi - 1200 manat; buferin təmiri - 150 manat; rəngsaz - 1200 manat; sol qapı dəstəyinin iç mexanizmi - 289 manat, cəmi 4954 manat məbləğində ziyan dəymişdir. Lakin sadalanan işlər görülüb, dəymiş ziyan aradan qaldırıldıqdan sonra cavabdeh 02 fevral 2021-ci il tarixli məktubla sığorta ödənişini etməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehdən baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişini tələb etsələr də, cavabdeh hadisə nəticəsində avtomobilə dəymiş ziyanı ödəməkdən qəsdən yayınır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2(009)- 1767/2021 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin olunmamışdır. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olmasını, məhkəmənin gəldiyi nəticənin işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamasını, cavabdeh tərəfindən hadisənin baş verdiyi vaxtdan 7 gün müddətində avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün qiymətləndirilmənin keçirilməməsini, hadisədən dərhal sonra cavabdeh tərəfindən təklif edilən servisə aparılaraq baxış keçirildiyindən avtomobili təmir etdirməsi və cavabdehin hadisədən 2 ay keçdikdən sonra imtina edəcəyini düşünmədiyindən çəkilən xərcləri rəsmiləşdirməməsi, qanunvericliyin tələbinə əsasən sığortaçının 7 gün ərizində qiymətləndirmə keçirmədikdə zərərçəkmiş üçüncü şəxsin bildirdiyi qiymətlə razılaşmalı olması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, məhkəmənin gəldiyi qənaət işin həqiqi hallarına uyğun olmamışdır. Belə ki, avtomobilin ölkəyə gətirilərkən zədəli olması mübahisəsiz olsa da, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əlavə ziyan da dəymişdir. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, sübutetmə yükü bütünlüklə iddiaçının üzərinə qoyulmuşdur. Baxmayaraq ki, sığorta şirkəti hadisə ilə bağlı hərəkətsiz qalmış, sığorta qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə, apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AR DİN BDYP Qİİ tərəfindən verilmiş 11.12.2020-ci il tarixli nəqliyyat vasitəsinin uçot kartoçkasının kserosurətindən görünür ki, 2013-cü ili buraxılışlı ME530TR20 qeydiyyat nişanlı «Lincoln» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan TP ******* saylı, 13.12.2020-ci il tarixli inzibati tənbeh vemə haqqında qərarın surətindən görünür ki, X2 13.12.2020-ci il tarixdə saat 14.16-da "Mercedes Benz 300” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan Ağdam Rayon Polis Şöbəsi tərəifndən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 13.12.2020-ci il tarixli arayışın surətindən görünür ki, 13.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı məxsus nəqliyyat vasitəsinin sol hissəsinə zərər dəymişdir. İşdə olan "Günay Sığorta” ASC tərəfindən X4 ünvanlanmış 02.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanan "Mercedes Benz 300” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi barədə Cəmiyyətinə daxil olmuşdur. 13.12.2020-ci il tarixdə baş vermiş hadisənin ətraflı araşdırılması üçün Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsinə müraciət edilmiş və "Lincoln” markalı ME530TR20 dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl gömrük baxışından keçdiyi zaman çəkilən fotoşəkillərinin Cəmiyyətinə təqdim olunması xahiş edilmişdir. Müvafiq dövlət orqanından 29.01.2021-ci il tarixdə Cəmiyyətinə məlumat daxil olmuşdur. Təqdim olunan fotoşəkillərdə həmin avtomobilin 11.12.2020-ci il tarixdə (hadisədən 2 gün əvvəl) Azərbaycan Respublikasının ərazisinə zədəli vəziyyətdə idxal olunduğu görünür. Birinci instansiya məhkəməsi iddianı rədd edirkən göstərmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın 13.12.2020-ci il tarixdə yol-nəqilyyat hadisəsinə uğramışdır. Yol-nəqliyyat hadisəsi "Günay Sığorta” ASC-də icbari sığorta müqaviləsi üzrə sığortalanmış "Mersedes Benz” markalı ** EH *** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Yol-nəqilyyat hadisəsindən sonra iddiaçı icbari sığota müqaviləsi üzrə üçüncü şəxs kimi avtomaşına vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etsə də, sonuncu sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, avtomaşın hadisədən iki gün əvvəl (11.12.2020-ci il tarixdə) Azərbaycan Respublikasının ərazisinə zədəli vəziyyətdə idxal olunmuşdur. Cavabdeh sığorta ödənişini verməkdən imtina etdikdən sonra iddiaçı maşını təmir etdirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqilyyat hadisəsi nəticəsində avtomaşına dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmədiyi üçün, iddiaçı avtomaşını özü təmir etdirmiş və buna görə 4954 matan pul xərcləmişdir. İddiaçı hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində avtomaşına ziyan vurulduğu üçün və cavabdeh qəsdən həmin ziyanı ödəməkdən yayındığı üçün, həmin ziyan ondan məcburi qaydada tutulmalıdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşını zədələnsə də, həmin avtomaşın yol-nəqliyyat hadisəsindən qabaq da artıq zədələnmişdir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş videodiskə baxış keçirilməsi zamanı, eyni zamanda iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir ki, iddiaçıya məxsus avtomaşın yol-nəqliyyat hadisəsindən qabaq zədəli olmuşdur. Həmin avtomaşının yol-nəqilyyat hadisəsindən qabaq zədəli olan hissələri eyni zamanda hadisə zamanı təkrar zədələnmişlər. İddiaçı tərəfindən avtomaşın hazırda təmir etdirilsə də, onun tərəfindən zədələnmiş hissələrin yol-nəqilyyat hadisəsindən qabaq və sonra olan vəziyyəti ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Yəni zədələnmiş hissələrin yol-nəqliyyat hadisəsində təkrar zədələnməsi nəticəsində iddiaçıya hansı məbləğdə zərər vurulması ilə bağlı məhkəməyə heç bir sübut verilməmişdir. Digər tərəfdən avtomaşın iddiaçı tərəfindən təmir olunsa da, həmin avtomaşının təmirinə çəkilmiş xərcin məhz yol-nəqilyyat hadisəsi zamanı vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı olmasına dair sübutlar da məhkəməyə təqdim olunmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərər dedikdə vurulmuş real zərər nəzərdə tutulur. İddiaçıya məxsus avtomaşın yol-nəqliyyat hadisəsindən qabaq zədəli olduğu üçün, baş vermiş yol-nəqilyyat hadisəsindən sonra ona tələb olunan xərcdən daha çox xərcin çəkilməsinin tələb edilməsi ilə bağlı hallar müəyyən edilməmiş və buna dair hər hansı sübutlar təqdim olunmamışdır. Bununla da iddiaçının əmlak mənafelərinə ziyanın vurulması halı məhkəmə iclasında təsdiq olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin hallarından və təqdim olunmuş sübutlardan (eləcə də Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumatlardan, fotoşəkillərdən və s.) göründüyü kimi, iddiaçıya məxsus nəqliyyat vasitəsi 11 dekabr 2020-ci il tarixdə gömrük rəsmiləşdirməsindən keçərək ölkəyə daxil olan zamanı zədələnmiş vəziyyətdə olmuş, iki gün sonra isə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yenidən zədələnmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də bu hal müəyyən olunsa da, nəqliyyat vasitəsində olan əvvəlki zədələrlə sonrakı (yəni, yol-nəqliyyat hadisəsi zamanı baş vermiş) zədələr fərqləndirilməmiş, bu istiqamətdə ümumiyyətlə araşdırma aparılmamışdır. Halbuki, Dövlət Gömrük Komitəsi tərəfindən ilk dəfə dömrük rəsmiləşdirilməsi zamanı avtomobilin çəkilmiş fotoşəkilləri ilə yol-nəqliyyat hadisəsindən sonra çəkilmiş şəkillər müqayisə edildikdə zədələrin artması halı adi gözlə də açıq-aşkar görünür. Belə olan halda isə iddianın ümumiyyətlə rədd olunması qanuni və əsaslı sayıla bilməzdi. Bu səbəbdən də iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunması və qeyd edilən halların aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2022-ci il tarixli, 9/9541 saylı ekspert rəyindən görünür ki, 2013-cü İl buraxılışlı “Lincoln MK 2 Hybrid” markalı avtomobilin gömrük baxışından keçən zaman mövcud olmuş vəziyyəti dəyişilməli hissələrin qiyməti - 2744,0 manat, təmir-bərpa İşlərinin qiyməti - 1400,0 manat müəyyən olunur. Bununla yanaşı, avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5114,0 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 3714.0 manat, təmir-bərpa işlərinin qiyməti 1400.0 manat (aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir). Beləliklə, işdə olan sübutlardan və ekspertiza rəyindən göründüyü kimi, iddiaçıya məxsus nəqliyyat vasitəsinin gömrük baxışından keçən zaman zədəli hissələrinin bərpa qiyməti ilə sonradan yol-nəqliyyat hadisəsi nəticəsində yaranmış zədələnmələrin bərpa qiymətləri arasındakı fərq 970 manat (3714 manat – 2744 manat = 970 manat) təşkil edir. Yəni, iddiaçı baş vermiş yol-nəqliyyat hidisəsi nəticəsində əlavə zərərə məruz qalmışdır ki, həmin zərər məbləği də cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda, cavabdehin nümayəndəsinin təqdim etdiyi sığorta araşdırma materiallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın hesablanmasına dair akt tərtib olunmuş, zərər 600 manat həddində qiymətləndirilmiş, müxtəlif yazışmalar aparılmış, sonra sığorta məbləğinin ödənilməsindən imtina olunmuşdur. Göründüyü kimi, cavabdehin sığorta məbləğinin ümumiyyətlə ödənilməli olmaması istiqamətində imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Lakin, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının tələbinin də tam təmin olunmasına qanuni əsaslar mövcud deyildir. Çünki, iddiaçı nəqliyyat vasitəsində əvvəldən mövcud olmuş zədələrə görə də sığorta haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olun bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 970 manat pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, istər iddianın ümumi qiyməti (4954 manat), istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə (970 manat) iddianın qiyməti 5000 manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2(009)-1767/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2(009)- 1767/2021 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin edilsin. Cavabdeh "Günay Sığorta” ASC-dən dəymiş maddi zərərə görə 970 (doqquz yüz yetmiş) manat sığorta ödənişi və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci cavabdeh "Günay Sığorta” ASC-ə aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-558/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-558/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver