Məhkəmə qərarları › İş №2(103)-5582/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5582/2024

07.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5582/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2418/2024 nömrəli xx.xx.2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı adından AR-İ №03500 saylı etibarnaməyə əsasən X9 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11-26 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu C.Zeynalov küçəsində istifadədə olan 0.05129 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 165,74 m2 ümumi, 82,8 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 6 nömrəli mənzil 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Qubadlı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli 2(105)-28/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X4 prosessual hüquqi varisi kimi ondan 01 aprel 2011-ci il tarixli 11-78 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 29.600 manat əsas borc, 10.440,85 manat faiz və 1.000 manat dəbbə pulu olmaqla, cəmi 41.040,85 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X4 prosessual hüquqi varisi kimi ondan bankın xeyrinə tutulmalı olan məbləğin ilk növbədə 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri Nərimanov rayonu Cahangir Zeynalov küçəsində, 0.05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən bir mərtəbəli, dörd otaqlı, 165,74 m2 ümumi sahəsi olan 6 saylı mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilib, mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan cavabdeh kimi onun tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, mənzilin boşaldılması, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X4 prosessual hüquqi varisi kimi ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və iddia tələbinin - «cavabdeh İddiaçı ilə birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi» hissəsində təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərardadı ilə İddiaçı verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır.

5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)- 1761/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(103)- 1727/2023 saylı qətnaməsi ilə İddiaçı apellasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)-1761/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(102)-2698/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(103)-1727/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

8. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X9 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin əvvəllərində X9 ona bildirmişdir ki, işləri ilə əlaqədar kredit götürmək istəyir, lakin bank tərəfindən adına kredit ayrılmadığından onun adına kredit götürməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. O da, kredit götürməsi üçün Elxana etibarnamə vermişdir. Elxan yuxarıda göstərilən tarixdə "xxxx" ASC-dən kredit götürdüyünü ona bildirmişdir. Lakin, ipoteka müqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Elxan krediti götürdüyü vaxtdan sonra 18 aprel 2011-ci il tarixdə vəfat etmişdir. O, bundan sonra hesab etmişdir ki, Elxanın götürdüyü kredit məbləği sığortalı olduğundan borc hansısa sığorta şirkəti tərəfindən ödəniləcəkdir, özü yaşİı və xəstə olduğundan bu məsələlərlə məşğul olmağı tanışları olan X5 xahiş elmiş və sonuncuya etibarnamə vermişdir. Hazırda, ailəsinin yeganə yaşayış evi olan mübahisəli mənzilin əlindən çıxması təhlükəsi ilə üz-üzədir. Onunla bağlanmış ipoteka müqaviləsinin mövcudluğundan xəbəri olmamış və bu səbəbdən də, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2418/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı müqavilənin ləğvi tələbini daha çox müqavilənin bağlanmasından xəbərsiz olması dəlili ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə kreditorun tələblərinin təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa eyni tərəflər arasında daha əvvəlki məhkəmə mübahisələri üzrə də iddiaçı qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Məhkəmə xatırladır ki, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğvinə əsas verən hallar deyildir. Həmçinin mülki qanunvericilik tərəflər arasında bağlanmış müqavilənin ləğvi əsaslarını müəyyən etmişdir. İddiaçının kredit müqaviləsi üzrə borcalana verdiyi etibarnaməyə əsasən ona məxsus əmlaka dair ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və bu hal daha əvvəlki məhkəmə mübahisələri zamanı da yoxlanılaraq qiymətləndirilmişdir. Tərəflər arasında məhkəmə mübahisələri 2015-ci ildən etibarən davam etməkdədir və iddiaçı bu müddət ərzində iddia tələbində qeyd etdiyi kimi şəraitin dəyişməsi və digər halları daha əvvəlki məhkəmə mübahisələrində də irəli sürə biləcəyi təqdirdə etməmişdir. Müəyyən edildiyi kimi tərəflər arasında müqavilənin ləğvi üçün hazırki iş üzrə cavabdeh olan bank tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna yol verilməmiş, həmçinin müqavilənin ləğvi üçün əhəmiyyətli dərəcədə dəyişmiş şərait yaranmamışdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 423.1, 423.2-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2418/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka ləğv edilməsi» tələbinə dair iddia tələbinin təmin olunması və verilmiş etibarnaməyə əsasən X9 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011- ci il tarixli, 11-26 saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçınin ipoteka müqaviləsinin bağlanmasına niyyəti olmamışdır, ipoteka müqaviləsinin bağlanmasından yenicə xəbər tutmuşdur, əvvəllər ona bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iş üzrə İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia tələbinin təmin olunması və verilmiş etibarnaməyə əsasən X9 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul etmək əvəzinə əsaslı və qanuni iddianı rədd etmişdir. Lakin məhkəmə həmin iş üzrə bağlı heç bir araşdırma aparılmamışdır. Lakin buna baxmayaraq məhkəmə əsaslı iddianı təmin etmək əvəzinə təmin etməmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Halbuki, onun iddia ərizəsində qeyd etdiyi kimi, ipoteka müqaviləsinin bağlanmasından icra hərəkətləri zamanı məlumatı olmuşdur. Hazırkı iddia ərizəsinin mahiyyəti ipoteka müqaviləsinin ləğvi ilə bağlıdır və iddia tələbləri təmin edilməli olduğu halda məhkəmə tərəfindən bu edilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

15. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətini qəbul etmirlər və Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)2418/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı ilə məhkəmə mübahisələri 2015-ci ildən etibarən davam etməkdədir. İlk məhkəmə çəkişmələri Qubadlı Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsində iddiaçı "xxxx" ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Proseslerin heç birində İddiaçı iştirak etməmişdir. İddiaçının nümayəndəsi etibarnamə üzrə Həmidov Vaqif, həmçinin iddiaçının mərhum yoldaşı Yusifov Elxanın adından da iştirak etmişdir. Məhkəmə çəkişmələri 10 ilə qədərdir ki, davam edir. Ən sonuncu çəkişmələri ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur.

16. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X3 izahatında bildirir ki, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

17. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.

20. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X9 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2418/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir.

22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “İddiaçı müqavilənin ləğvi tələbini daha çox müqavilənin bağlanmasından xəbərsiz olması dəlili ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə kreditorun tələblərinin təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa eyni tərəflər arasında daha əvvəlki məhkəmə mübahisələri üzrə də iddiaçı qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Məhkəmə xatırladır ki, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğvinə əsas verən hallar deyildir”.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

24. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)- 1761/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.

25. Həmin qətnamədən müəyyən olunur ki, iddiaçının iddia tələbinin əsası odur ki, X7 onun adına kreditin götürülməsi məqsədilə notarial qaydada təsdiq olunmuş etibarnamə verdiyini və həmin etibarnamə əsasında onun xəbəri olmadan ona məxsus mənzilin bank qarşısında ipoteka ilə yüklü edildiyini qeyd etmişdir.

26. İddiaçı hazırda cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbini irəli sürmüşdür. İddiaçı hazırki iddia tələbini də onunla əsaslandırmışdır ki, 2011-ci ilin əvvəllərində X9 ona bildirmişdir ki, işləri ilə əlaqədar kredit götürmək istəyir, lakin bank tərəfindən adına kredit ayrılmadığından onun adına kredit götürməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. O, kredit götürməsi üçün Elxana etibarnamə vermişdir. Elxan yuxarıda göstərilən tarixdə "xxxx" ASC-dən kredit götürdüyünü ona bildirmişdir. Lakin, ipoteka müqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir.

27. Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

28. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

29. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.

30. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.

31. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)- 1761/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

32. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur.

33. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

35. Beləliklə, kollegiya qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2418/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

36. Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

37. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı X6 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2418/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Babayev Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar