Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5585/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2880/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi, alimentin tutulmasının əvvəlinin uşaqların doğulduğu vaxtdan hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-2880/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, o, indiyə qədər almamışam. Tələb edir ki, aliment uşaqların doğulduqları tarixdən başlayaraq hesablanmalıdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, bildirdi ki, 2019-cu ildə xəstəxanaya düşmüşdür, nikah pozulandan altı ay sonra ikinci övladı anadan olmuşdur. İkinci övladına 6 yaşına kimi anası baxıb. O, özüm işləyir, dosentdi, 793 manat maaş alır, özü-özünü dolandırmışdır, sadəcə olaraq eyni evdə yaşamaşlar. Cavabdeh özünə 2 maşın alıb, kamera alıb, yəni özünü təmin edib. Ona da dedi ki, hər ay 100 manat ödəniş edəcək ərizəni geri çəksin, o da ərizəni çəkdi, lakin ona ödəniş etməyib. Onun maaşından əlavə gəlirləri də var, başqa yerdə də işləyirdi, 1000-2000 manat gəliri var. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, iddiaçının dediklərində müəyyən həqiqətlər də, yalanlar da var. Onlar bir evdə yaşamışlar, nə maaş almışdırsa, evə vermişdir. İddiaçı ondan uşaq anadan olan gündən aliment məbləğinin alınmasını istəyir. O, alimentin iddiaçının evdən çıxdığı vaxtdan hesablanmasını istəyir. Sübutların tədqiqi:
6. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ 477795 nömrəli və xx.xx.2013-cü il tarixli AZ-İİİ 125213 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki övladı var;
7. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5808/2012 nömrəli, xx.xx.2012ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 984 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmışlar;
8. “Elektron məhkəmə” İnformasiya sitemindən görünür ki, cavabdehin əmək haqqı 792,0 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Ailə Məcəlləsi:
9. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
10. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
11. Maddə 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
12. Maddə 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;
13. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
14. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:
18. Maddə 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
30. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər;
31. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin mövqeyi:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən, aliment tutulma vaxtının müəyyən edilməsi hissəsində yoxlayır.
35. Məhkəmə kollegiyası mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə alimentin tutulması tarixi hissəsində dəyişdirilməlidir.
36. İddiaçı alimentin uşaqların doğulduğu vaxtdan hesablanmasını xahiş etmişdir.
37. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
38. Göründüyü kimi Qanunda alimentin əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilməsi, həm də iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı məhkəmə tərəfindən müəyyən edilərsə mümkündür.
39. Hazırkı halda iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü müəyyən edilməmişdir.
40. Cavabdeh həm apellyasiya məhkəməsində, həm də birinci instansiya məhkəməsində alimentin iddiaçının evdən çıxıb getdiyi vaxtan hesablanması ilə razılaşır.
41. İddiaçı özü iddia ərizəsində xx.xx.2023-cü ildə evdən çıxdığını bildirmişdir (i/v 2).
42. Mülki iş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokolunda cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdə evdən getdiyini bildirmişdir (i/v 27).
43. Belə olan halda məlum olur ki, alimentin tutulması iddiaçının ərizə verdiyi xx.xx.2023-cü il tarixdən yox, məhz iddiaçının evdən çıxdığı xx.xx.2023-cü ildən hesablanmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-2880/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi alimentin tutulmasının tarixi hissəsində dəyişdirilməli, alimentin tutulması tarixi xx.xx.2023-cü ildən müəyyən edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
47. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).
49. Beləliklə müəyyən olunur ki, cavabdeh qətnaməni yalınız alimentin tutulması tarixi hissəsində mübahisələndirdiyindən, hazırkı qətnamə ilə həmin dövr üçün tutulmalı alimentin məbləği isə 792:3=264x12=3168 manat müəyyən edildiyindən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2880/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi alimentin tutulmasının tarixi hissəsində dəyişdirilsin, alimentin tutulması tarixi xx.xx.2023-cü ildən müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov