Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5589/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X12 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili X16 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili X28 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Səyyaf oğlu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X10 ilə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada 367.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Habil Quliyevin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X10 ilə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada 200.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.(İ.v.46). İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Habil Quliyevin nümayəndəsi və vəkili Vəkil 02 may 2019-cu il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək X10 ilə Cavabdeh1 arasında 25 mart 2004cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və X10 tərəfindən Cavabdeh1-ə 2004-cü ildən 2005-ci ilin yanvar ayının 15-ə qədər cəmi 64 800 manat (denominasiyadan əvvəl, yəni 01 yanvar 2006-cı il tarixinə olan 324 000 000 manat) ödənilən pul məbləğini və həmin məbləğin illik 5% hesablanmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.(İ.v.99) İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili X28 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Səyyaf oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Səyyaf oğlunun ilkin iddiasının rədd edilməsi və onun məhkəməyə təqdim etdiyi Cavabdeh1-nin adından tərtib edilmiş Bakı şəhəri, X35 prospekti, 112 saylı evin 73-ci mənzilinin Cavabdeh1 tərəfindən X1 barədə 25 mart 2004-cü il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(İ.v.174-175) İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Səyyaf oğlunun nümayəndəsi və vəkili, eyni zamanda X12 nümayəndəsi və vəkili Vəkil Rasim oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək 12 sentyabr 2012-ci il tarixdə vəfat etmiş X5 vəfatından sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsənin X20 hesab edildiyini və ona görə də ilkin iddia üzrə iddiaçının əsl iddiaçı X20 ilə əvəz edilməklə işə baxılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilərək, İddiaçı Səyyaf oğlu əsl iddiaçı X20 ilə əvəz edilmişdir.(İ.v. 192) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1-dən 64.800 manat əsas və 44.988,24 manat faiz (illik 5% hesablanmaqla) olmaqla, ümumlikdə 109.788,24 (bir yüz doqquz min yeddi yüz səksən səkkiz manat, 24 qəpik) məbləğində pulun X12 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh1-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili X28 və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X12 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Fuad Kərimov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır. X10 12.09.2012-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ona məxsus olan İmişli rayonu, Allahmədətli kəndindəki fərdi yaşayış evi və torpaq sahəsi onun adında olmuş, həmin əmlak vərəsəlik üzrə iddiaçı X2. X6 atasının ölümündən sonra miras qoyanın guya “xxxx” MTK-da olan pul vəsaitinə də vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etməli idi. İddiaçı bu barədə notariusa müraciət etməsi və müvafiq vərəsəlik şəhadətnaməsi alması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu cür ərizə verilmədən, notarius tərəfindən məhs mübahisələndirilən pul vəsaitlərinə dair vərəsəlik şəhadətnaməsi alınmadan məhkəmənin notariusun səlahiyyətlərini mənimsəməsi, notariusa bu barədə müraciət olunmadan bu barədə qətnamə qəbul etməsi qanunsuzdur. İddiaçı atasının ölümündən iki ildən artıq müddət keçdikdən sonra iddiaçı atasının “xxxx” MTK-da vərəsəlik üzrə ona çatası əmlakın ona verilməsini xahiş etmişdir. Həmin vaxtdan İddiaçı qardaşı iddiaçı Habil Quliyevdə atasının “xxxx” MTK ilə rəsmiləşdirilməsi başa çatmamış müqaviləsi olduğunu bilməli idi və atasının ölümündən sonra üç ay ərzində həmin MTK-da olan hər hansı pul vəsaitinin miras kimi qəbul edilməsi barədə notariusa ərizə verməli idi. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu imperativ normadır. Lakin, məhkəmə əsassız olaraq bu normanı tətbiq etmək əvəzinə cavabdehin iddiaçının bu miras haqqında bilməsi haqqında sübutu təqdim etməməsi barədə sübutu tətbiq etmədiyini qeyd edir və bu bəhanə ilə iddianın prosessual müddətləri, məhkəməyə qədər prosessual qaydalara riayət edilməməsinə bəraət qazandırır. Bu yanaşma tamamilə qanunsuzdur. İddiaçı mübahisələndirilən mirasa (pul vəsaitinə) vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etməli idi, müddətin ötürülməsi səbəbindən notariusun ona imtina verdiyi halda iddiaçı həmin müddətin bərpa olunması və notariusun üzərinə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Yalnız bu prosessual məsələləri həll etdikdən sonra iddiaçı cavabdehə qarşı hər hansı bir maddi tələb irəli sürə bilərdi. İddiaçının əvəz edilməsi haqqında ərizəsi əsasında məhkəmə tərəfindən 11.11.2020-ci il tarixdə hazırki işə cəlb olunmuşdur və bundan dərhal sonra məhkəmə iş üzrə qərar qəbul etmək üçün müşavirəyə getmişdir. Məhkəmə iddia müddətini tətbiq etməkdən imtinasını əvvəlki iddiaçının hüququnun pozulması barədə guya Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 mart 2018-ci il tarixli qərarını aldıqdan sonra bilməsi haqqında əsassız dəlili ilə əsaslandırmışdır. Halbu ki, prokurorluq araşdırmanı hazırki işdə heç mülki məsuliyyət daşımayan Cavabdeh2 Binnət oğluna qarşı aparırdı. İddia isə yalnız “xxxx” MTK-ya qarşı müəyyən hissədə əsaslandırılmışdır. Pulların ödənilməsi barədə qəbzlər 2004-2005-ci illərdə tərtib edilmişdir. Həmin qəbzlər X5 adna tərtib edilmişdir və iddiaçının mövqeyi ondan ibarətdir ki, Səyyaf Quliyev ölənə qədər 2012-ci ilə kimi həmin pulları cavabdehdən tələb etməmiş, bununla bağlı iddia qaldırmamışdır. Hüququn ilkin sahibi tərəfindən 7 il ərzində həmin vəsaitlərlə bağlı iddia qaldırmaması özü-özlüyündə artıq həmin tələb üzrə iddia müddətinin ötürüldüyünü sübut edir. İddiaçı isə miras aldığını hesab etdiyi tələblə məhkəməyə pulların ödənilməsi haqqında sənədlərin tərtib edilməsindən 13 il sonra müraciət etmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “xxxx” MTK-nın sədri Cavabdeh2 deyil Ələmdar İsmayılovdur. İlkin iddia üzrə əvvəlki İddiaçı məhkəməyə “xxxx” MTK-nın adından tərtib edilmiş müqavilənin surətini təqdim etmişdir. İş materillarına əlavə olunmuş X35 prospekti, 112 saylı evin 73 və 85 saylı mənzillərin Səyyaf Quliyevə satılması haqqında müqavilələrdə alıcı X5 imzaları yoxdur. Bundan əlavə, müqavilə 2004-cü ildə bağlanmışdır və o zaman alıcı Səyyaf Quliyev həmin müqavilənin özündə olan nüsxəsini imzalamamışdır. Məhkəmənin mövqeyi isə bundan ibarətdir ki, Səyyaf Quliyevin müqaviləni imzalamaq imkanı olsa da vəfat etdiyindən bu hüquqdan istifadə edə bilməmişdir. Qeyd etmək istərdik ki, Səyyaf Quliyev 2012-ci ildə vəfat etmişdir və mübahisəli əmlak üzərində hüquqlarını təsdiq edən müqaviləni hər bir halda ötən 8 il ərzində imzalamaq imkanı var idi. Normal mühakiməyə əsasən, Səyyaf Quliyevin həmin müqaviləni imzalamaması onun özünün bu müqaviləni etibarlı, ciddi bir sənəd kimi qəbul etmədiyinə dəlalət edir. Məhkəmə şəxsi mülahizəsi ilə yanlış əsaslandırma etmişdir. Qanun müqavilənin bağlandığını sübut etmək üçün iki tərəfli əqdin bağlanmasında iştirak edən hər iki tərəfin imzalarının olmasını tələb edir. Bu sübutetmə vasitəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədikdə məhkəmə həmin müqaviləni bağlanmış hesab etməkdə haqlı deyil və bu qiymətləndirmə qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “O da qeyd edilməlidir ki, 25 mart 2004-cü il tarixli 16 saylı mübahisəli müqavilənin 7.1-ci bəndinə görə müqavilə azərbaycan dilində hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilmişdir. Əvvəlki məhkəmə iclaslarında ilkin iddia üzrə cavabdeh tərəfin “müqavilənin Səyyaf tərəfindən imzalanmaması” ilə bağlı etirazının əsası kimi “xxxx” MTK tərəfində olan həmin müqavilənin ikinci nüsxəsinin məhkəməyə təqdim olunması təklif olunsa da sonrakı məhkəmə proseslərində ilkin iddia üzrə cavabdeh tərəf həmin müqavilənin onlarda saxlanılan nüsxəsini məhkəməyə təqdim etməmişdir.” Bununla bağlı bildirmək istər ki, mübahisəli müqavilə 25 mart 2004-cü ilə aiddir, həmin dövrdən hazırki vaxta kimi artıq 15 il ötmüşdür. Cavabdeh gələcəkdə həmin müqaviləyə dair hər hansı iddia tələbinin yaranması ehtimalını nəzərə almadığından, müqavilənin saxlamağa ehtiyac duymamışdır. “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 12 aprel 2016-cı il tarixli, № 3/1 Qərarına əsasən, cavabdeh hər beş ildən bir mühasibat sənədlərini məhv etmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi 25 mart 2004-cü il tarixli 16 saylı müqavilənin təsdiqlənməsi başa çatdırılmamışdır və bu səbəbdən həmin müqavilə qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş bir müqavilənin cavabdeh tərəfindən 15 il ərzində saxlamaq və məhkəmənin tələbi ilə təqdim etmək vəzifəsi heç bir normativ aktda müəyyən edilməmişdir və məhkəmənin qətnaməsində gətirdiyi bu əsaslandırma da qanunsuzdur. 11 noyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və həmin etirazda iddiaçının təqdim etdiyi sübutların saxtalaşdırılması ilə bağlı qeyd etmişdir. Etirazdakı dəlillərdən açıq-aşkar görünür ki, cavabdeh guya onun adından tərtib edilən bir sıra ödəmə sənədlərinin saxtalaşdırıldığını və bəzilərinin ümumiyyətlə iddiaçının istinad etdiyi müqavilə ilə bağlılığı olmadığını bildirmişdir. Lakin, məhkəmə sübutların saxtalaşdırılması barədə dəlili yoxlamaq üçün iş üzrə məhkəmə xəttşunaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Eyni zamanda, bir sıra qəbzlərin iddiaçının istinad etdiyi müqavilə ilə bağlılığın olmaması barədə cavabdehin dəlilinə də qətnaməsində heç bir münasibət bildirməmişdir, bu dəlili hansı əsasla qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə qəbul etdiyi qətnaməni tərəflərin münasibətinə uyğun əsaslandırmamış, zərurət olduğu halda ekspertiza təyin etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə apelyasiya instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Habil Quliyevin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina etmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5589/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Habil Quliyevin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X20 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxsin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X28 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X12 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və ilk iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ilk iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh1 (sədr Cavabdeh2 timsalında) ilə X10 arasında 25 mart 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 nömrəli Sazişin surətindən görünür ki, Bakı şəhəri X35 prospekti 112, 112 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 147 m² olan 3 otaqlı 73 saylı mənzilini S.A.Quliyev alır. Müqavilənin 3-cü bəndindən görünür ki, mənzilin ümumi tikinti məbləği 254.000.000 manat təşkil edir. Payçı-Sifarişçi olaraq S.A.Quliyev sazişin bağlanması anında mənzilin ümumi dəyərinin 70%-i həcmində, yəni 98.800.000 manat ödəməyi öz üzərinə götürür. Sazişin surətindən görünür ki, Cavabdeh1 tərəfindən saziş “Cavabdeh2” tərəfindən imzalanmış və möhür vurulmuşdur. Sazişin Payçı tərəfindən imzalanmalı hissəsində “Quliyev S.A” yazılmış və imza qoyulmamışdır.(İ.v.61) İş matеriallarında olan, İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ № 547851 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 12 sentyabr 2012-ci il tarixdə “Hipertonik kriz” səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 523 nömrəli qeyd aparılmışdır.(İ.v.16) İş materiallarında olan 21 yanvar 1966-cı il tarixdə verilmiş A3 seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı Səyyaf oğlunun atası X8r.(İ.v.17) İş materiallarında olan 25 mart 2004-cü il tarixli Qəbzdən görünür ki, 10 nömrəli müqavilə üzrə X4 98.800.000 manat məbləğində pul qəbul edilmişdir.(İ.v. 18) İş materiallarında olan 16 iyun 2004-cü il tarixli Qəbzdən görünür ki, 10 nömrəli müqavilə üzrə X10 tərəfindən 49.150.000 manat (rəqəmlə), 49.000.000 manat (yazı ilə) məbləğində pul vəsaiti Cavabdeh1-ə ödənilmiş, qəbzə Cavabdeh1-nın möhürü vurulmuş və kassir imza atmışdır.(İ.v. 18) İş materiallarında olan 16 iyun 2004-cü il tarixli Qəbzdən görünür ki, 16 nömrəli müqavilə üzrə X10 tərəfindən 38.150.000 manat məbləğində pul vəsaiti Cavabdeh1-ə ödənilmiş, qəbzə Cavabdeh1-nın möhürü vurulmuş və baş mühasiblə kassir imza etmişlər.(İ.v.18) İş materiallarında olan AKŞ seriyalı 352628 nömrəli 25 iyun 2004-cü il tarixli X25 qəbzindən görünür ki, X10 pay haqqı kimi 11.000.000 manat məbləğində pulu Cavabdeh1ə ödənilmiş, qəbzə Cavabdeh1-nın möhürü vurulmuş və “Rəhbər”, “Baş mühasib” və “Kassir” sözlərinin qarşısına müvafiq imzalar edilmişdir.(İ.v.19) İş materiallarında olan AKŞ seriyalı 352660 nömrəli 27 dekabr 2004-cü il tarixli X25 qəbzindən görünür ki, X10 pay haqqı kimi 21.000.000 manat məbləğində pulu Cavabdeh1-ə ödənilmiş, qəbzə Cavabdeh1-nın möhürü vurulmuş və “Rəhbər” və “Kassir” sözlərinin qarşısına müvafiq imzalar edilmışdır.(İ.v.19) İş materiallarında olan AKŞ seriyalı 352665 nömrəli 12 yanvar 2005-ci il tarixli X25 qəbzindən görünür ki, X10 pay haqqı kimi 78.740.000 manat məbləğində pulu Cavabdeh1-ə ödənilmiş, qəbzə Cavabdeh1-nın möhürü vurulmuş və “Rəhbər” və “Kassir” sözlərinin qarşısına müvafiq imzalar edilmışdır.(İ.v.19) İş materiallarında olan 27 iyun 2005-ci il tarixli X23 görünür ki, Quliyev Səyyaf tərəfindən müqavilə üzrə 28.200.000 manat məbləğində pul vəsaiti Cavabdeh1-ə ödənilmiş, qəbzə Cavabdeh1-nın möhürü vurulmuş və “Kassir” sözünün qarşısında müvafiq imza vardır.(İ.v.19) İş materiallarında olan X17, X21, X13, X9, X11, X14, X18 və X20 tərəfindən notarial qaydada təsdiqlənərək verilmiş Ərizələrdən görünür ki, onlar X4 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış binasının İİ giriş, 15-ci mərtəbəsində ümumi sahəsi 147 m² olan 3 otaqlı 85 saylı mənzildən onlara düşən vərəsəlik paylarını qəbul etməmişlər, etmirlər və İddiaçı Səyyaf oğlunun xeyrinə imtina edirlər və onun adına sənədləşdirilməsinə etiraz etmirlər. Miras payı ilə əlaqədar gələcəkdə məhkəmə orqanları qarşısında heç bir tələbləri və iddiaları olmayacaq və ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklər.(İ.v.53-60). İş materiallarında olan “xxxx” MMC tərəfindən 20 fevral 2019-cu il tarixdə verilmiş ƏEM/F301-388/19 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X35 küçəsi, ev 112 ünvanında yerləşən 73 saylı mənzilin 20 fevral 2019-cu il tarixə orta bazar dəyəri 199.000 manat, 2004-2005-ci illər tarixinə orta bazar dəyəri 65.000 manat təşkil etmişdir.(İ.v.62-82) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020-ci il tarixli 14277 nömrəli rəyindən görünür ki, X10 ilə Cavabdeh1 arasında bağlanmış 25 mart 2004-cü il tarixli 16 saylı yaşayış evinin tikintisində iştirak payı haqqında müqaviləyə əsasən X10 tərəfindən 64.978 (324.890.000 / 5.000.00) manat məbləğində ödənişin aparılması müəyyən edilir və həmin ödənilmiş məbləğə illik 5 % dərəcəsi ilə 27 iyun 2005-ci il tarixdən 02 may 2019-cu il tarixədək ümumilikdə 44.988,24 (64.978 x 5% / 360 x 4.985 gün) manat məbləğində faiz hesablanır.(İ.v.111-115) İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin surətindən görünür ki, 12 sentyabr 2012-ci il tarixdə vəfat etmiş X5 vərəsələri bunlardır: ünvan 3 ünvanında yaşayan: oğlu: - X20 aşağıdakı miras əmlaklardan irs almalıdır: 1. Şəhadətnamə verilən əmlak, DƏDR-nin Bakı şəhər Ərazi İdarəsindən 25 dekabr 2013-cü il tarixli 11/17882 nömrəli arayışa və Bakı TİB-nin 001254 nömrəli 26 yanvar 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1921 ünvanda yerləşən, yaşayış sahəsi 35,9 m², yardımçı sahəsi 40,9 m², ümumi sahəsi 76,8 m², 2 (iki) otaqlı və yaşayış sahəsi 129,8 m², yardımçı sahəsi 112,7 m², ümumi sahəsi 242,5 m² olan 6 (altı) otaqlı bağ evindən və 2. Şəhadətnamə verilən əmlak DƏDR-nin Bakı şəhər Ərazi İdarəsindən 25 dekabr 2013-cü il tarixli 11/17882 nömrəli arayışa və Bakı TİBnin 033219 nömrəli 26 yanvar 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 237,1 m², yardımçı sahəsi 139,1 m², ümumi sahəsi 376,2 m² olan, 3 (üç) mərtəbəli, 8 otaqlı yaşayış evindən ibarətdir.(İ.v.195-196) İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin mühüm işlər üzrə əməliyyatçısı, İ dərəcəli hüquqşünas Həbib Abbasov tərəfindən 12 mart 2018-ci il tarixdə 0004 qeydiyyat nömrəsi ilə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarının surətindən görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.(İ.v.90-91). Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətinin X6nun atasının ölümündən sonra miras qoyanın “xxxx” MTK-da olan pul vəsaitinə də vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etməsi və müvafiq vərəsəlik şəhadətnaməsi alması barədə sübutları məhkəməyə təqdim etməməsi, bu cür ərizə verilmədən, notarius tərəfindən mübahisələndirilən pul vəsaitlərinə dair vərəsəlik şəhadətnaməsi alınmadan məhkəmənin notariusun səlahiyyətlərini mənimsəməsi, notariusa bu barədə müraciət olunmadan bu barədə qətnamə qəbul etməsinin qanunsuz olması barədə dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, işin hallardan göründüyü kimi Cavabdeh1 ilə müqavilə bağlandığı mübahisə edilən şəxs iddiaçının atası X8r, sonuncu 12 avqust 2012-ci il tarixdə öldüyündən hazırki iş üzrə ilk əvvəl iddia tələbilə İddiaçı Səyyaf oğlu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasına münasibətdə ölmüş Səyyaf Quliyevin digər ailə üzvləri X17, X21, X13, X9, X11, X14, X18 və X20 tərəfindən notarial qaydada təsdiqlənərək verilmiş Ərizələrdən görünür ki, onlar X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış binasında ümumi sahəsi 147 m² olan 3 otaqlı mənzildən onlara düşən vərəsəlik paylarını qəbul etməmişlər, etmirlər və İddiaçı Səyyaf oğlunun xeyrinə imtina etmişlər və onun adına sənədləşdirilməsinə etiraz etməmişlər. İlk iddia üzrə İddiaçı Səyyaf oğlu bu hüqudan irəli gələn iddia qaldırılması ilə bağlı hüquqlarını onu təmsil edən səlahiyyətli nümayəndəsi vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddiaçının əsl iddiaçı X20 ilə əvəz edilməklə işə baxılmasını xahiş etmişdir. Həmçinin iş materiallarından olan X15 verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən göründüyü kimi 12 sentyabr 2012-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1921 ünvanda yerləşən, yaşayış sahəsi 35,9 m², yardımçı sahəsi 40,9 m², ümumi sahəsi 76,8 m², 2 (iki) otaqlı və yaşayış sahəsi 129,8 m², yardımçı sahəsi 112,7 m², ümumi sahəsi 242,5 m² olan 6 (altı) otaqlı bağ evinə və ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 237,1 m², yardımçı sahəsi 139,1 m², ümumi sahəsi 376,2 m² olan, 3 (üç) mərtəbəli, 8 otaqlı yaşayış evinə vərəsəlik hüququ ilə miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə görə miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 1157-1.2-ci maddəsinə görə mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Həmin Məcəllənin 1177-ci maddəsinə görə vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. Həmin Məcəllənin 1201-ci maddəsinə görə əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əsl iddiaçı kimi X3 hüququndan istifadə edərək ehtimal edilən hüquqlarının müdafiəsi üçün iddia qaldırmağa tam hüquqlu şəxsdir. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətinin məhkəməyə təqdim edilmiş müqavilənin X10 tərəfindən imzalanmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, 25 mart 2004-cü il tarixli müqavilə İcraçı (bu halda Cavabdeh1) tərəfindən imzalanıb möhürlənmiş və müqavilənin 3-cü bəndinə uyğun olaraq “Mənzilin ümumi tikinti məbləği 254.000.000 manat təşkil edir. Payçı-Sifarişçi olaraq vəfat etmiş Səyyaf Quliyevin sazişin bağlanması anında mənzilin ümumi dəyərinin 70%-i həcmində, yəni 98.800.000 manat ödəməyi öz üzərinə götürməsi ilə 25 mart 2004-cü il tarixli, 16 iyun 2004-cü il tarixli qəbzlərlə müqavilədə nəzərdə tutulmuş məbləğin ödənilməsi və Cavabdeh1 tərəfindən bu qəbzlərin imzalanması, beləliklə də pulun S.A.Quliyev tərəfindən ödənilməsi özüözlüyündə sifarişçi tərəfindən göstərilən müqavilənin (əqdin) bəyənilməsinin və razılığının sübutudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli Qərarına əsasən məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasının əsas şərtidir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Hazırki iş üzrə olan müqavilələr kateqoriyasına aid olan müqavilələrin bağlanmasında da lazımı subyektlərdən birinin (səlahiyyətli şəxslərin) iştirak etməməsi, əgər tərəf bu əqdi bəyənirsə sonradan onun iradə ifadəsinin bildirilməsi əqdin mövcudluğunu və tərəflərə öhdəlik müəyyən etməsini istisna etmir. Həmçinin qeyd edilməlidir ki, 25 mart 2004-cü il tarixli 16 saylı mübahisəli müqavilənin 7.1-ci bəndinə görə müqavilə azərbaycan dilində hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilmişdir. Birinci insatansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin “müqavilənin Səyyaf tərəfindən imzalanmaması” ilə bağlı etirazının əsası kimi Cavabdeh1 tərəfində olan həmin müqavilənin ikinci nüsxəsinin məhkəməyə təqdim olunması təklif olunsa da cavabdeh tərəf həmin müqavilənin onlarda saxlanılan nüsxəsini məhkəməyə təqdim etməmişdir. Müqavilə tərəfi olan X10 müqavilənin ona aid nüsxədə imzalanma hüququnu özündə saxlamış, onun istənilən vaxt bu müqaviləni imzalamaq imkanı olsa da vəfat etdiyindən bu hüququndan istifadə edə bilməmişdir. Bununla belə o bu əqdi bəyənmiş və ona görə də müqavilədə nəzərdə tutulan pul məbləğini Cavabdeh1ya ödəmiş və cavabdeh MTK bu pulu qəbul etməsini öz möhürü ilə təsdiqləmişdir. Bu səbəbdən hazırki iş üzrə iddiaçı tərəf müqavilənin imzalanmış nüsxəsini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci insatansiya məhkəməsinin ilkin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesb edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 110-3.1-ci maddəsinə görə kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Həmin Məcəllənin 110-3.3-cü maddəsinə görə kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətinin Səyyaf Quliyev öldüyü 2012-ci ilə kimi həmin pulları cavabdehdən tələb etməməsi, bununla bağlı iddia qaldırmaması, hüququn ilkin sahibi tərəfindən 7 il ərzində həmin vəsaitlərlə bağlı iddia qaldırmamasının özü-özlüyündə artıq həmin tələb üzrə iddia müddətinin ötürüldüyünü sübut etdiyini, iddiaçının isə miras aldığını hesab etdiyi tələblə məhkəməyə pulların ödənilməsi haqqında sənədlərin tərtib edilməsindən 13 il sonra müraciət etməsi barədə dəlilləri ilə bağlı da aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən göründüyü kimi ilk iddia üzrə ilk dəfə iddia qaldırmış İddiaçı Səyyaf oğlu 2015-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmiş, cavabdeh tərəf ilkin iddia üzrə iddiaçının daha əvvəllər belə müqavilə barədə məlumatlı olması barədə sübut təqdim edə bilməmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7878/15 saylı, 18.12.2015-ci il tarixli qərardadından da görünür ki, İddiaçı Cavabdeh1-ya qarşı mənzilin təhvil verilməsi tələbilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Bakı şəhəri, X35 prospekti, 112 saylı evin 85-ci mənzilinin Cavabdeh1 tərəfindən X1 barədə 25 mart 2004cü il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin nümayəndəsi və vəkili Fuad Kərimovun apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili X28 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5589/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5589/2021
24.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver