Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5601/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı Dərviş oğlu, iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Dərviş oğlunun Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-808/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Dərviş oğlu Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 avqust 2019-cü ildən 05 avqust 2024-cü il tarixədək onun xeyrinə 20 faizi məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 noyabr 2018-ci il tarixli 240İK/2018 saylı kredit müqaviləsinə «xxxx» ASC-nin Səbail filialı ilə onun arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 155 K saylı bağ evini 140.000 manata satın alaraq, elə həmin tarixdə ipoteka krediti üzrə borcalanın həyat sığorta şəhadətnaməsinə əsasən onunla Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış sığorta müqaviləsinə əsasən 12.11.2018-ci ildən 05.11.2043-cü il tarixədək 140 000 manat məbləğində sığortalanmışdır. Eyni zamanda ipoteka ilə yüklü edilmiş satın almış olduğu yuxarıda qeyd edilən ünvanda yerləşən bağ evi də 12.11.2018-ci il tarixli MP-P 04025 nömərli sığorta müqaviləsinə əsasən 140 000.00 manat məbləğində 12.11.2018-ci ildən 12.11.2021-ci il müddətə kimi sığortalanmışdır. Onunla bağlanmış həyat sığorta müqaviləsində nəzərdə tutulmuşdur ki, “ Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallımdan sığorta qaydalan”nın 5-ci bəndinə əsasən məhdudiyyətlər nəzərə alınmaqla sığorta olunanın ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, İİ və İİİ dərəcəli əlilliyin təyin edilməsi zamanı həmin halların hər hansı birinə müvafiq surətdə sığorta ödənişləri həyata keçirilir. Səhhətində yaranmış problemlə əlaqədar olaraq 05 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinədə keçərkən ikinci dərəcəli əlil hesab edilmiş və əlillik müddəti beş il müddətinə - 05 avqust 2024-cü il tarixə kimi müəyyən edilmişdir. Səhhətində sonradan yaranmış problemlər 04 aprel 2016-ci ildə baş vermiş Aprel döyüşlərində almış olduğu bədən xəsarətlərin nəticəsində yaranmışdır. Cavabdeh onun əliliyinin 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər zamanı aldığı xəsarətlərlə əlaqədar olmasına istinad edərək, sığorta ödənişi ilə əlaqədar olaraq sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Cavabdehin ona sığorta ödənişi verilməsindən imtina etməsinin heç bir əsası yoxdur. Belə ki, məlum 2016-cı ilin Aprel döyüşləri zamanı müxtəlif bədən xəarətləri alsa da, həmin xəsarətlər nəticəsində əlil hesab edilməmişdir. Həmin hadisənin baş verməsindən dörd ildən artıq bir müddət keçmiş və yuxarıda qeyd etdiyi kimi yalnız 05 avqust 2019-cu ildə keçirilmiş tibbi müayinə zamanı ikinci dərəcəli əlil hesab edilmişdir. Onun əlilliyi 05 avqust 2019-cu il tarixdə müəyyən edilmişdir ki, bu da sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə yaranan haldır. Buna görə də, onun ikinci dərəcəli əlil hesab edildiyi həmin vaxtdan ebitarən 05 avqust 2024-cü il tarixə kimi sığorta ödənişinin 20 % həcmində cavabdehdən qalıq borc tutumalıdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-808/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 05 avqust 2019-cu il tarixdən 05 avqust 2024-cü il tarixədək ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləğin 20% həcmində sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq İddiaçı Dərviş oğluna ödənilməsi qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-808/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının əlillik dərəcəsi almasına onun 2016-cı il aprel döyüşləri zamanı aldığı xəsarətlərin səbəb olması barədə gətirilən dəlillərin iş materialları ilə öz təsdiqini tapmadığı bildirilmişdir. Lakin, iş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi xidmətindən əldə olunan çıxarışa əsasən İddiaçı 05.08.2019-cu ildə İİ dərəcəli əlillik təyin edilmişdir və əlilliyin təyin olunmasına diaqnoz “partlayış yaralanması (04.04.2016-cı il aprel döyüşü zamanı)...” zədələri olmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində 05.08.2019-cu il tarixdən 05.08.2024-cü il tarixinədək ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləğin 20% həcmində sığorta ödənişinin İddiaçı ödənilməsi qət edilmişdir. 12.11.2018-ci il tarixli MLİ-İBAR-SL ******* saylı sığorta müqaviləsi üzrə faydalanan şəxs İddiaçı deyil, İpoteka və Kredit Zəmanəti Fondu müəyyən edilmişdir. Bu mübahisə üzrə iddiaçı İ X1 müraciət etmiş, həmin müraciət Mərkəzi Banka yönəldilmişdir. Mərkəzi Bank tərəfindən araşdırma aparılaraq tərtib edilmiş şikayətə cavab məktubunda 2016-cı ilin aprel ayında baş vermiş hadisə Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, faydalanan şəxsə sığorta ödənişinin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. 2016-cı ilin aörel döyüşlərində və 44 günlük vətən müharibəsində həlak olmuş şəhidlərə və xəsarət almış qazilərə qanunvericiliyin tələblərinə və sığrta müqavilələrinin şərtlərinə uyğun olaraq 1.5 milyon manat həcmində cavabdeh tərəfində sığorta ödənişi həyata keçirilmişdir. Lakin, iddiaçı xəsarətini 2016-cı ilin aprel ayında aldığına və sığorta müqaviləsi 2018-ci ildə bağlandığına görə, həmin hadisə üzrə sığorta ödənişi edilməsi qanuna ziddir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Zeynallı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili V.Əskərova cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Hüquqi dəyərləndirmə:
9. Cavabdeh ilə “xxxx” ASC-nin Səbail filialı arasında 12.11.2018-ci il tarixdə 240İK/2018 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 300 ay müddətinə, illik 8% dərəcəsi ilə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və təminatlılıq əsasında 140.000 manat məbləğində ipoteka krediti verilmişdir. Kreditin təminatlarından biri olaraq cavabadehlə iddiaçı arasında 12.11.2018 il tarixdə MLİ-İBAR-SF ******* saylı Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi (bundan sonra – Sığorta müqaviləsi) bağlanmışdır.
10. Sığorta müqaviləsinə əsasən ümumi sığorta məbləği 140000 manat (növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun olaraq müəyyən edilir), sığorta haqqı 57,29 manat və sığorta müddəti 12.11.2018 - 01.11.2043-cü ilədək müəyyən edilmişdir. Sığorta müqaviləsi ilə verilən təminat isə sığorta olunanın ölməsi və xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, İİ və İİİ dərəcəli əlilliyin olması müəyyən edilmişdir.
11. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında 12.11.2018 il tarixdə Sığorta müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı əmək qabiliyyətli olmuş, 05.08.2019-cu il tarixdə isə ona ikinci dərəcəli müddətli əlillik (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) təyin edilmişdir. Sığorta müqaviləsilə xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, İİ və İİİ dərəcəli əlilliyin təyin edilməsi sığorta təminatına daxil edilmişdir.
12. İşin hallarından və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh iddiaçıya sığorta ödənişi verməkdən imtina etmiş və imtinasının dəlili kimi qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi Sığorta müqaviləsi bağlanmazdan əvvəl onun 2016-cı il tarixdə Aprel döyüşlərində aldığı xəsarətlərin nəticəsi olaraq yarandığından və iddiaçı Sığorta müqaviləsi bağlayarkən bu məlumatları gizlətdiyindən (sağlam olduğu və hər hansı əməliyyat keçirmədiyini bildirməklə), bunun nəticəsində cavabdeh sığorta riskini qiymətləndirə bilmədiyindən ona sığorta ödənişi verilməsindən imtina edilmişdir.
13. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:
14. Mülki Məcəllənin 935.1.6-cı maddəsində (cavabdeh də həmin əsasla sığorta ödənişini verməkdən imtina etmişdir) qeyd edilir ki, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
15. Mülki Məcəllənin 935.2-ci maddəsində isə deyilir ki, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
16. Mülki Məcəllənin 911.2-ci maddəsinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.`
17. Mülki Məcəllənin 935.1.6-cı maddəsindən aydın olur ki, sığortaçının sığorta ödənişinin verilməsindən imtinası zamanı üç şərt nəzərə alınmalıdır: 1) sığortaçının sığortalıya sığorta predmeti, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində qəsdən yanlış məlumat verməsi; 2) bu yanlış məlumat nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanınadan tam və ya qismən məhrum olması; 3) sığortalının yanlış məlumatı ilə baş vermiş nəticə (sığorta riskini qiymətləndirmək imkanından məhrum olma) arasında səbəbli əlaqənin olması.
18. Yuxarıda adı çəkilən Mülki Məcəllənin 911.2-ci maddəsində isə sığortalı tərəfindən məlumatın verilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birincisi, sığortalının özü tərəfindən - ona məlum olan hallar barədə və ikincisi, sığortaçının yazılı surətdə tələb etdiyi hallar barədə. Məlumatların birbaşa sığorta müqaviləsinin bağlanmasına təsir göstərə biləcək gücdə olması isə həmin müdəada xüsusilə vurğulanmışdır.
19. Eyni zamanda, Mülki Məcəllənin 914.3-cü maddəsində göstərilmişdir ki, şəxsi sığorta müqaviləsi bağlandıqda sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər.
20. Mülki Məcəllənin qeyd edilən 911.2 və 914.3-cü maddələrinin mənasından da aydın olur ki, sığortaçı tərəfindən sığorta riskinin qiymətləndirilməsi üçün sığorta müqaviləsinin bağlanması zamanı əldə ediləcək məlumatların toplanmasını qanun həm sığortalının, həm də sığortaçının üzərinə qoymuşdur. Hətta, sığortalı tərəfindən məlumatın verilməsindən asılı olmayaraq, Mülki Məcəllənin 914.3-cü maddəsi sığortaçıya sığorta olunan şəxsin müayinə edilməsi yolu ilə səhhəti ilə bağlı məlumat toplanması imkanını yaratmışdır.
21. Sadalanan hüquq normalarından da göründüyü kimi, sığorta riskinin qiymətləndirilmək imkanı təkcə sığortalının veridiyi məlumatlardan asılı edilməmiş, qanunvericilikdə ədalətli balansın təmin edilməsi məqsədilə sığortaçının özünə də sığorta riskini qiymətləndirmək üçün imkanlar və səlahiyyətlər verilmişdir.
22. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC sığorta sahəsində ixtisaslaşmış qurum olduğundan, iddiaçı tərəfindən təqdim edilən məlumatların doğruluğunu təftiş etmək imkanına malikdir.
23. İş materiallarında olan və iddiaçı tərəfindən yazılmış həyat sığortası üzrə ərizənin surətindən də görünür ki, iddiaçı N saylı hərbi hissəsinin hərbçisi olduğunu, habelə barəsində qeyd etdiyi məlumatların təsdiq olunması üçün tibb müəssisələrindən, həkimlərdən və digər hüquqi və fiziki şəxlərdən sağlamlıq vəziyyəti ilə bağlı istənilən məlumatların və sənədlərin əldə olunması üçün cavabdeh tərəfindən müvafiq tədbirlərin görülməsinə, sığortaçının tələbi ilə məlumatların doğruluğunu təsdiq etmək məqsədilə tibbi müayinədən keçməyə və s. razılıq verdiyini qeyd etmişdir. Lakin cavabdeh iddiaçının hərbçi olduğunu, hətta onun xüsusi təyinatlı silahlı qüvvələrin tərkibində xidmət etdiyini bildiyi halda, onun sağlamlıq vəziyyəti barəsində məlumatların toplanması üçün hər hansı sorğuların göndərilməsi, yaxud məlumatların doğruluğunu təsdiq etmək üçün iddiaçının hər hansı müayinədən keçməsini tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
24. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Qeyd edilən hallara və Mülki Məcəllənin 911.2-ci, 914.3-cü və 935.1.6-cı maddələrinin tələblərinə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, qanunvericilikdə sığorta riskinin qiymətləndirmə imkanına malik olma həm də sığortaçının özündən asılı edildiyindən və sığortaçının istənilən halda sığortalının sağlamlıq vəziyyəti, habelə sığorta müqaviləsinin bağlanmasına təsir göstərə biləcək istənilən məlumatların əldə etmə imkanına qanunla çıxış əldə etməsinə malik olması, onun bu imkanlardan istifadə etməməklə, yalnız sığortalının verdiyi məlumatların yanlış olmasına əsaslanaraq sığorta ödənişinin verilməsindən imtina etməsi qanuni və əsaslı sayıla bilməz.
1. Məhkəmə kollegiyası həmçinin iş materiallarına əsasən qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyinin əksinə olaraq, sığorta hadisəsi sığorta müqaviləsi bağlandıqdan sonra baş vermişdir.
2. Belə ki, 05.08.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı ikinci dərəcəli əlillik almış, əlillik dərəcəsinin verilməsinə səbəb partlayış nəticəsində yaralanması (04.04.2016-cı il aprel döyüşü zamanı) olmuşdur. Keçirilmiş qapalı kəllə beyin travması və baş beyin travması və baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri, travmadan sonrakı postravmatik ensefalopatiya İİİ mərhələ, kəllə daxili hipertenziya, sol tərəfli piramid çatmamazlığı və hərəki koordinator pozğunluğu. QKB tarvm. Sonra qıcolma tutmaları (ayda 6-7 dəfə). Baş beyinin funksiyasının mühüm pozulması, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması hemopnevmotoroksa görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol plevra boşluğunun Bilau üsulu ilə drenaj edilməsi, sol ağciyərin yuxarı payının yad cisminə (metal qəlpə) görə aparılmş torokotomiya, yad cismin xaric edilməsi (metal qəlpə), plevra boşluğunun drenajı əməliyyatlarından sonrakı dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulması dioqnozu qoyulmuşdur.
3. Mülki Məcəllənin 922-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (922.1-ci maddə).
4. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (922.2-ci maddə).
5. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (922.3-cü maddə).
6. Qeyd edilən müddəadan da göründüyü kimi, sığorta ödənişinin verilməsi üçün aşağıdakı şərtlərin mövcud olması vacibdir: 1) sığorta müqaviləsinin bağlanması. Hazırkı mübahisə üzrə tərəflər arasında Sığorta müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. 2) sığorta hadisəsinin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verməsi, 3) sığorta hadisəsinin baş verəcəyinin ehtimal olunması və (və ya) təsadüfən baş verməsi.
7. Cavabdeh apellyasiya şikayətində sığorta ödənişinin verilməsi üçün son iki şərtin mövcud olmasını qəbul etmir və qeyd edir ki, iddiaçının ikinci qrup əlillik dərəcəsinin almasına səbəb olan sığorta hadisəsi Sığorta müqaviləsinin qüvvədə olmadığı müddətdə, yəni iddiaçının 2016-cı ilin Aprel döyüşlərində aldığı xəsarətlərlə bağlı olmuşdur.
8. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, surəti iş materiallarında olan 04.05.2016-cı il tarixli epikrizdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 04.04.2016-cı il tarixdə baş verən döyüşlərdə yaralanmış, ona təyin edilən diaqnoz - partlayış nəticəsində yaralanması, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması hemopnevmotoroksa görə aparılmış yaraların birinci cərrahi işlənməsi, sol plevra boşluğunun Bilau üsulu ilə drenaj edilməsi, cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol ağciyərin yuxarı payının pulmoniti, Qastroezfogial refleks xəstəliyi, Sağalma ilə üşayət olunana somotogen mənşəli nevrogen reaksiya, Hepatit “B” virusunun daşıyıcısı, aparılan müalicə nəticəsində sağalma qeyd olunur, kafi vəziyyətdə öz hərbi hissəsinə yazılır.
9. Həmçinin, surəti iş materiallarına əlavə edilmiş 04.05.2016-cı il tarixli, 1253 saylı Arayışdan görünür ki, iddiaçı yalnız hərbi xidmətə müvəqqəti yararsız hesab edimiş və xəstəliyinə görə ona 20 gün müddətinə məzuniyyət verilmişdir.
10. Göründüyü kimi, iddiaçı 2016-cı ilin Aprel döyüşləri zamanı yaralansa da, sağalaraq xidmət etdiyi hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Bundan sonra o, cavabdehlə sığorta müqaviləsinin bağlanmasına imkan verən dərəcədə sağlam vəziyyətdə 12.11.2018-ci il tarixdə Sığorta müqaviləsi bağlamış, bundan 9 ay sonra, yəni 05.08.2019-cu il tarixdə sığorta hadisəsi hesab edilən ikinci qrup əlillik dərəcəsi almışdır.
11. Şərh edilən bu hallar onu deməyə əsas verir ki, iddiaçının əlillik dərəcəsi almasına səbəb olan sığorta hadisəsi tərəflər arasında bağlanmış Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermişdir.
12. Cavabdehin iddiaçının əlillik dərəcəsi almasına onun 2016-cı ilin Aprel döyüşləri zamanı aldığı xəsarətlərin səbəb olması barədə gətirdiyi əsaslar isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Çünki, iddiaçı 2016-cı ildə Aprel döyüşlərində aldığı xəsarətdən sonra yenidən hərbi hissəyə qayıtmaqla yanaşı, sığorta müqaviləsi bağlayarkən sığorta müqaviləsinin bağlanmasına imkan verən dərəcədə sağlam olmuş və onun hər hansı dərəcədə əlliliyi olmamışdır.
13. Eyni zamanda, Cavabdeh Sığorta Şirkəti ASC sığorta müqaviləsi bağlanan zaman iddiaçının daha əvvəl 2016-cı ilin Aprel döyüşləri zamanı əlil olmasını bilərəkdən gizlətməsini, bununla da sığorta şirkətini aldatmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə ordu sıralarında xidmət edən saglam, peşəkar bir hərbiçiyə Sığorta müqaviləsi bağlandıqdan doqquq ay sonra ikinci qrup əlillik dərəcəsinin təyin ediləcəyinin iddiaçıya əvvəlcədən məlum ola bilməsi inandırıcı deyildir.
14. Sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, sığorta hadisəsi tərəflər arasında bağlanmış Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verdiyindən iddiaçıya 05.08.2019-cu tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin sığorta hadisəsi hesab edilməsi və tərəflər arasında bağlanmış Sığorta müqaviləsinin 3-cü bəndinin c) yarımbəndi ilə müəyyən edilmiş sığorta ödənişinin iddiaçıya verilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallararına və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olmuşdur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-808/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev