Məhkəmə qərarları › İş №2(103)-5604/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5604/2023

20.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5604/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan işçi - İddiaçı ilə işəgötürən - "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində bağlanılmış Əmək Müqaviləsinin surətindən görünür ki, işəgötürən işçini Cavabdeh MMC-nin YDM-də növbə rəisi vəzifəsinə qəbul edir, işçi isə tutduğu vəzifə üzrə bu Müqavilədə müəyyən edilmiş əmək funksiyasını və əmək vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür. Tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar:

2. - İşçi bu Müqavilənin 3-cü maddəsində göstərilən əmək funksiyasını işəgötürənin istehsalat zərurətindən asılı olaraq müəyyənləşdirəcəyi iş sahəsində yerinə yetirməlidir; - əmək müqaviləsi 1 il müddətinə bağlanılır; - işçi xx.xx.2019-cu il tarixdən işə başlayır; - həftə (ay) ərzində iş günlərinin (növbələrin) sayı, gündəlik (növbəlik) iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddətinə dair daxili qaydalar işəgötürən tərəfindən əmək qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir; - iş rejimi növbəlidir; - istirahət günləri növbəyə görə müəyyən edilir; - işçi bir dəfə əmək məzuniyyəti götürmək hüququna malikdir; məzuniyyətin müddəti Əmək Məcəlləsinə əsasən müəyyən edilir; məzuniyyətin dəqiq vaxtı işçi ilə işəgötürən arasında razılaşdırılmalıdır, işçi məzuniyyətdən iki həftə əvvəl işəgötürənə müvafiq bildiriş təqdim etməlidir; - ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işəgötürənin razılığı ilə istifadə edilir; - əmək haqqı, işlədiyi iş sahəsinin (məntəqəsinin) kateqoriyasında asılı olaraq müəyyən edilir; - işçinin hər ay ştat cədvəlinə uyğun əmək haqqı ödənilir; - əmək haqqından Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq gəlir vergisi və digər məcburi ödənişlər işəgötürən tərəfindən tutulur; - əmək haqqı bir dəfəlik ödəmə ilə, növbəti ayın birinci yarısında manatla ödənilir.

3. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə Dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi Bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bağlanılmış, işçinin aylıq əmək haqqı 423 manat məbləğində müəyyən edilmişdir.

4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinə Dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi Bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 448 manat məbləğində müəyyən edilmişdir.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə Dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi Bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 460 manat məbləğində müəyyən edilmişdir.

6. İş materiallarında olan 2022-ci il üzrə iş vaxtının uçot tabeli surətlərindən görünür ki, İddiaçı həmin ilin aprel ayı üzrə xx.xx.2022-ci il tarixdə istirahətdən saat 04:24də çıxmışdır, xx.xx.2022-ci il tarixdə saat 22:30-dan 22:35-dək yazı işləri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə istirahətdən saat 12:25-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə saat 05:30-dan saat 05:35-dək operator otağında olmuşdur, xx.xx.2022-ci il tarixdə istirahətdən saat 04:23-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə istirahətdən saat 13:25-də çıxmışdır.

7. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 1501/K nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2019- cu il tarixindən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə TXNİ-nin 5 saylı bölgə üzrə inspektoru vəzifəsinə təyin edilmişdir.

8. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 601/K nömrəli əmrdən çıxarışın surətindən görünür ki, TXNİ-nin 5 saylı bölgə üzrə inspektoru əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2021-ci il tarixindən 43 saylı “Şabran” YDMə növbə rəisi vəzifəsinə təyin keçirilmişdir.

9. İş materiallarında olan 2022-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 198 iş saatına görə 699.12 manat, fevral ayı üzrə əsas və əlavə 162 iş saatına görə 496.45 manat, mart ayı üzrə əsas və əlavə 198 iş saatına görə 739.19 manat, aprel ayı üzrə əsas və əlavə 198 iş saatına görə 672.52 manat, may ayı üzrə əsas və əlavə 198 iş saatına görə 717.31 manat məbləğində əmək haqqı hesablanılmışdır. 2022-ci ilin iyul, avqust üzrə iş vaxtının uçot tabelindən görünür ki, işçi İddiaçı həmin dövr üzrə gündəlik iş saatları 11 saat olmuşdur.

10. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 5-164/2 əmrdən görünür ki, növbə rəisi vəzifəsi üzrə 1-ci növbə üçün (08:00-19:00) istirahət üçün ayrılmış vaxt 2 saat, 2-ci növbə üçün (19:00-08:00) 4 saatdır.

11. İş materiallarında olan 2021-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 180 iş saatına görə 494.18 manat fevral ayı üzrə əsas və əlavə 180 iş saatına görə 475.82 manat, mart ayı üzrə əsas və əlavə 0 iş saatına görə 500.54 manat, aprel ayı üzrə əsas və əlavə 171 iş saatına görə 441.50 manat, may ayı üzrə əsas və əlavə 90 iş saatına görə 292.55 manat, iyun ayı üzrə əsas və əlavə 198 iş saatına görə 613.14 mana, iyul ayı üzrə əsas və əlavə 189 iş saatına görə 567.38 manat, avqust ayı üzrə əsas və əlavə 198 iş saatına görə 624 manat, sentyabr ayı üzrə əsas və əlavə 198 iş saatına görə 626.56 manat, oktyabr ayı üzrə əsas və əlavə 189 iş saatına görə 581.27 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 588.68 manat, dekabr ayı üzrə əsas və əlavə 189 iş saatına görə 626.95 manat məbləğində əmək haqqı hesablanılmışdır.

12. İş materiallarında olan 2020-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 225 iş saatına görə 727.44 manat, fevral ayı üzrə əsas və əlavə 216 iş saatına görə 643.26 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı hesablanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsdən 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsinin qəbul olunacağı günə qədər iş vaxtindan artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb olunmağımla əlaqədar əmək haqqının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, mən 2019-cu ilin noyabr ayından ’ Azpetrol Ltd" MMC-nin 69 saylı Siyəzən yanacaqdoldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. iddiaçı iş yerində iş vaxtından artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb edilir. Nümunə olaraq bu ilin aprel ayı üçün 168, may ayı üçün 143 iş saatı təsdiq edildiyi halda o hər ay 240-252 iş saatı işləməyə məhkum olunmuşdur. İş vaxtından artıq vaxt ərzində görülən işlərin hər saatı üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilmir. Bundan başqa hər ay təyin olunan “normativlərin" pozulmasına görə əmək haqqından əsassız tutulmalara məruz qalır. İstirahət vaxtından gecikmələrə görə, hətta təbii ehtiyacların icazəsiz ödənilməsinə görə və digər əsassız səbəblər rəhbər tutularaq əmək haqqından 3-5 faiz tutulmalar aparılır. Belə ki, istirahət və nahar vaxtı istirahətindən və naharından ayrılaraq müştəriyə xidmət etməyi nəzərə alınmır, əksinə xırda səbəblər tapılıb hər ay əmək haqqından əsassız tutmalar haqqında cərimə blankı yazılır. İddiaçı göstərilənlərlə əlaqədar xx.xx.2022-ci il tarixində ’’Azpetrol Ltd ' MMC-yə rəsmi qaydada müraciət etsə də, müraciəti bu günə qədər cavablandırılmamışdır. İddiaçı həmçinin göstərilən məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022- ci il tarixli müraciət ünvanlamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müraciətinə verilmiş 30 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən müraciəti nəticəsiz qalmışdır. İddiaçı qeyd olunan əmək mübahisəsi ilə əlaqədar Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etsə də. mənə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Ona görə də iddiaçı iş vaxtından artıq vaxt ərzində görülən işlərə görə əmək haqqının hesablanaraq ona ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət edir.

15. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsi icra olunacağaı günə qədər 1 iş saatına tətbiq olunan tarif əmsalı əsas götürülməklə, aylar üzrə haqqı ödənilməyən iş saatlarının əlavə iş saatlarının hesablanma qaydasına uyğun və o cümlədən gecə vaxtı yerinə yetirilən, haqqı ödənilməyən gecə saatlarına görə əlavə iş saatlarının hesablanma qaydasına uyğun hesablanaraq həmin əmsalların 3 misli həcmində cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 95, 99, 154.1, 165 və 296-cı maddələrinə, Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, o iş yerində iş vaxtından artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb edilir. Nümunə olaraq keçən ilin aprel ayı üçün 168, may ayı üçün 143 iş saatı təsdiq edildiyi halda mən hər ay 240-252 iş saatı işləməyə məhkum olunmuşdur. İş vaxtından artıq vaxt ərzində görülən işlərin hər saatı üçün əmək haqqım hesablanaraq ona ödənilmir. Hər ay təyin olunan “normativlərin” pozulmasına görə əmək haqqından əsassız tutulmalara məruz qalır. İstirahət vaxtından gecikmələrə görə, hətta təbii ehtiyacların icazəsiz ödənilməsinə görə və digər əsassız səbəblər rəhbər tutularaq əmək haqqından 3- 5 faiz tutulmalar aparılır. Belə ki, istirahət və nahar vaxtı istirahətindən və naharından ayrılaraq müştəriyə xidmət etməyi nəzərə alınmır, əksinə xırda səbəblər tapılıb hər ay əmək haqqından əsassız tutmalar haqqında cərimə blankı yazılır. İş üzrə kifayət qədər sübutlar var. Həmçinin məhkəməyə iş vaxtının uçotu tabelini, iş vaxtının cədvəllərini təqdim etsə də, hakim bu və digər sübutlarını nəzərə almayaraq ona qarşı qeyri-obyektiv qətnamə çıxarmışdır. Lakin, qarşı tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmənin qətnaməsinin məzmunundan da göründüyü kimi, işə baxan hakim yalnız ”AzpetrolLtd” MMC ilə bağladığı əmək müqaviləsinin, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin, "xxxx" MMC-də vəzifəyə təyin olunmağı barədə əmrlərdən çıxarışların, cavabdehin məhkəməyə təqdim etdiyi iş vaxtının uçot tabellərinin və əmək haqqı cədvəllərinin məzmununu qətnaməyə köçürməklə, heç bir zəruri araşdırma aparmadan qətnamə qəbul etmişdir. Hansı ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Beləliklə, məhkəmə tərəfindən qarşı tərəfin xeyrinə müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş etmişdir mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

24. Maddə 89. tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

25. Maddə 95. iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

26. Maddə 99. iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

27. Maddə 154.1. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

28. Maddə 165. işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

29. Maddə 296. bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

43. İddiaçı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsi təşkil edir və həmin normanın tələbi baxımında hazıkı halda iddiaçı cavabdeh hüquqi şəxsdən 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsinin qəbul olunacağı günə qədər iş vaxtindan artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb olunmağı ilə əlaqədar əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir.

44. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir.

45. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh MMC-də işlədiyi 2019, 2020, 2021 və 2022-ci illərdə bütün əlavə iş saatına görə əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı gündüz növbəsində 12 saat, gecə növbəsində 13 saat işlədiyi iddia etsə də, istinad etdiyi bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edməmişdir.

46. İş materiallarında olan 2019-cu il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin noyabr ayı üzrə əsas və əlavə 81 iş saatına görə 219.49 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 494.71 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı hesablanılmışdır.

47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

49. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmədən müraciət etmişdir.

50. Kollegiya hesab edir ki, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi gün, onun xx.xx.2022-ci il tarixində isə iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etdiyi gün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iddia pul tələbi və ziyanın vurulması ilə bağlı olduğuna görə, hazırkı iddia ərizəsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə, həmin bir illik iddia müddətini ötürmədən xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Odur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi əsassız olmuşdur.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçınin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2023 nömrəli 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar