Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5605/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və Cavabdeh, X7-Əli Tofiq oğlunun və X2 qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentdən hissəvi azad edilmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-968/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentdən hissəvi azad edilmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 15 mart 2020-ci il tarixdən başlayaraq COVİD-19 virusunun pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə toy-nişan məclislərinin, şənliklərin keçirilməsinin qadağası qaldırılana qədər Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3023/2012 saylı iş üzrə 05 iyul 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, övladı 26 fevral 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 300 manat sabit pul məbləği hissəsində alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2005-ci ildə ailə qurmuş, birgə nikahlarından 26.02.2006-cı il tarixdə oğulları X6 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsi ilə onunla Heydərova (Sidorova) Yuliya İqoryevna arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan 26.02.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 20.10.2011-ci il tarixdən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqarında və 55 manat sabit pul məbləğində alimentin tutularaq Heydərova (Sidorova) Yuliya İqoryevnaya ödənilməsi qət edilmişdir. Həmin qətnamənin alimentin miqdarından narazı qalan Heydərova (Sidorova) Yuliya İqoryevna apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05.07.2012-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsi aliment tələbinə dair hissədə dəyişdirilmiş, 26.02.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 20.10.2011-ci il tarixdən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 300 manat sabit pul məbləğində alimentin tutularaq Heydərova (Sidorova) Yuliya İqoryevnaya ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Musiqili Komediya Teatrında işləməklə yanaşı, eyni zamanda müğənni və şou aparıcısı olmaqla əlavə gəlirləri vardır, ona görə də əlavə olaraq 300 manat pul vəsaitinin tutulması ağlabatandır. Məhkəmənin həmin qənaəti ilə razılaşmış və uzun illər, hətta qısa fasilələrlə şou sahəsində işləməsə də, aylıq alimenti tam həcmdə ödəmişdir. Lakin, hazırda bütün dünyanı bürümüş COVİD-19 virusunun pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi də (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla), tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan olunmuşdur. Hazırda, bütün ölkə üzrə əlavə fəaliyyətlərə qadağalar tətbiq olunduğundan 2020-ci ilin aprel ayından başlayaraq ancaq əmək haqqı ilə keçinməyə məcbur olmuşdur. Hesab edir ki, göstərilənlər onun pandemiyanın bitməsi və ya toyların, banketlərin keçirilməsinə icazə verilənə qədər aliment borcunun 300 manat ödənilməsi hissəsindən azad edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-968/2021 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunmuş, 15 mart 2020-ci il tarixdən başlayaraq ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı (restoran və digər əyləncə məkanlarında tədbirlərin keçirilməsinə qoyulmuş) qadağalar götürülənədək İddiaçı Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3023/2012 saylı, 05 iyul 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 300 manat sabit pul məbləği hissəsində alimenti ödəməkdən azad edilməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, alimentin qanuni qüvvədə olan məhkəmə qərarına əsasən tutulması, pandemiya olmasına baxmayaraq iddiaçının müəyyən məclislərdə, restoranlarda aparıcı və musiqiçi kimi iştirak etməsi, bu barədə sübutların təqdim olunması, həmçinin iddiaçının daimi iş yerinin olması, əmək haqqı alması, alimenti ödəmək üçün maddi imkanının olması, birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsi, azyaşlı uşağın mənafeyinin nəzərə almaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o milliyətcə rus olmaqla azərbaycan dilini bilmir, deyilənləri yaxşı başa düşmür, fikirlərini azərbaycan dilində izah edə bilmir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ona tərcüməçi verilməmiş, nəticədə hüquqları pozulmuşdur. Həmçinin, birinci isntansiya məhkəməsi cavabdehi alimentdən azad edərkən uşağın mənafeyini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, işdə kifayət qədər sübutlar vardır ki, iddiaçı pandemiya dövründə məclislərdə aparıcı və mügənni kimi iştirak etmişdir. Hətta iddiaçı facebook səhifəsində iştirak etdiyi məclikləri, restoranları reklam etmişdir. Hesab edir ki, cavabdehin 300 manat alimenti ödəməkdən azad etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o rus dilində təhsil alıb, işlədiyindən fikirlərini azərbaycan dilində tam və sərbəst ifadə edə bilmir, buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ona tərcüməçi verilməmişdir. Həqiqətən pandemiya dövründə şərait imkan verdiyi zamanı azsaylı məclislərdə, şənliklərdə aparıcı və mügənni kimi iştirak etmiş, sosial şəbəkə vasitəsilə bu istiqamətdə reklam yerləşdirmiş, nəticədə cüzi qonararlar almışdır. Lakin, bu o demək deyildir ki, o əvvəlki kimi məclislərdə və el şənliklərində iştirak etmiş və pul qazanmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi onu 300 manat sabit pul miqdarında olan alimentdən müvəqqəti azad etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 06 fevral 2005-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan bir yetkinlik yaşına çatmayan (26 fevral 2006-ci il təvəllüdlü X6) uşaqların olması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 iyul 2012-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaq anası Cavabdeh yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı 20 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay onun qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 300 manat sabit pul məbləğində alimentin tutularaq Heydərova (Sidirova) Yuliya İqoryevnaya ödənilməsi qət edilmişdir. İddiaçı hazırki iddia tələbində - 15 mart 2020-ci il tarixdən başlayaraq COVİD-19 virusunun pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə toy-nişan məclislərinin, şənliklərin keçirilməsinin qadağası qaldırılana qədər uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün onlan tutulan alimentin ödənilməsindən 300 manat sabit pul məbləği hissəsində azad edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız iddiaçının bildirdiklərinə əsaslanmış, lakin cavabdehin tərəfindən təqdim edilmiş sübutları, işin müəyyən olunmuş hallarını və uşağın üstün mənafeyini düzgün nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhfə yol vermişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi buna zərurət olduğu halda tərəfləri (xüsusilə, cavabdehi) tərcüməçi ilə təmin etməmiş, bununla da onların dinlənilmə hüquqları məhdudlaşmışdır (işdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 iyul 2012-ci il tarixli qətnaməsindən də görünür ki, həmin vaxtı işə baxılarkən tərəflər tərcüməçinin xidmətindən istifadə etmişlər). Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə qərarları ilə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 iyul 2012-ci il tarixli qətnaməsi) tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaq anası Cavabdeh yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı 20 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay onun qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bununla yanaşı, cavabdehin təqdim etdiyi sübutlardan (yazışmalar, şəkillər, sosial şəbəkə vasitəsilə verilmiş reklamlar və s.) və tərəflərin izahatlardan görünür ki, iddiaçı pandemiya dövründə müəyyən məclislərdə iştirak etmiş və bunun müqabilində qonarar almışdır (iddiaçı özü də bu halı mübahisələndirmir, lakin qonararın cüzi olmasını bildirir). Həmçinin, iddiaçı hazırda da əvvəlki iş yerində işləməklə, əmək haqqı almaqda davam edir. Məhkəmə kollegiyası qəbul edir ki, alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra onun dəyişdirilməsi və ya aliment ödənilməsindən azad olunma ilə məsələlərə yenidən baxıla bilər. Belə ki, AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu (bu hal mötəbər sübutlarla təsdiq olunarsa) halda məhkəmə tərəfi aliment ödəməkdən azad edə bilər. İddiaçı isə yalnız pandemiya vəziyyətinə əsaslanmış, lakin qanunun qeyd edilən dispozitiv şərtlərinin (ailə və ya maddi vəziyyətində dəyişiklik olması və s.) mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi məhkəmə baxışı zamanı iddiaçının pandemiya dövründə də müəyyən məclislərdə iştirak etməsi (habelə, iştirak edəcəyi restoranları sosial şəbəkə vasitəsilə əvvəldən reklam etməsi və s.), eyni zamanda əvvəlki iş yerində də işləməklə əmək haqqı alması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri, həmçinin yetkinlik yaşına çatmayanın üstün maraqlarını nəzərə alaraq iddiaçının məhkəmə qərarı ilə müəyyən olunmuş alimentdən qismən azad olunmasını qanuni və məqsədəmüvafiq hesab etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentdən hissəvi azad edilmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-968/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)- 968/2021 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5605/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5605/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver