Məhkəmə qərarları › İş №2(103)-5614/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5614/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5614/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2708/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 200 manat olmaqla, ümumilikdə 800 manat pul məbləğində sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2021ci il təvəllüdlü X7 adlı dörd övladları dünyaya gəlmişdir. Cavabdeh ailəsinə biganə münasibət bəslədiyindən onunla yaşamaq dözülməzdir və hal hazırda isə cavabdehlə ayrı yaşayırlar. Belə ki, cavabdeh başqa bir qadınla beş ildir ki, dini nikaha girmiş və onunla birlikdə yaşayır. Onun cavabdehlə ailə münasibətləri alınmadığından o valideynləri ilə birlikdə yaşayır və hal-hazırda heç yerdə işləmir. Cavabdeh (ata) Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1, maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak etmir. Uşaqlar böyüdükcə onların saxlanılması xərcləri də artır ki, bu vəsaitin bir hissəsi də qanunvericiliyə müvafiq olaraq cavabdeh (ata) tərəfindən ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2708/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 100 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iş üzrə ödənilmiş - 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcləri - 68 (altmış səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iİddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilən normaları tətbiq etməklə iddia tələbini təmin etməli idi. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 08 saylı Qərarının 8.2 bəndində də öz əksini tapmışdır. İddiaçının himayəsində 1 yaşlı uşaq olduğuna görə o işləyib uşaqlarını saxlanmasını təmin edə bilmir. Əksinə onun özünün uşaq 3 yaşına çatana qədər cavabdehdən maddi yardım almaq hüququ vardır. Belə olan halda mübahisələndirilən məhkəmə qətnaməsinə əsasən məhz cavabdehin təqsirindən uşaqlar qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az məbləğdə maddi təminatı alacaqlar ki, qanunvericilik bunu yolverilməz hesab etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, ayda 2500 manat kredit borcunu ödəyir. O zaman məhkəmə araşdırmalı idi ki, ayda 2500 manat krediti ödəməyə imkanı olan şəxs necə ola bilir ki, ayda 800 manat alimenti ödəyə bilmir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən də əvvəllər ayda 2500 manat kredit ödəmişdir, lakin hazırda maddi imkanları zəifləyib. İddiaçı ona uşaqları görməyə şərait yaratmır. O, ayrılmaq niyyətində deyil, lakin iddiaçı uşaqları da götürüb gedib ata evində qalır. Uşaqları gətirsə, onlara 4000 manat da verməyə hazırdır, aliment ödəməkdən yayınmır. Amma hazırki vəziyyət davam edərsə, alimenti ödəməyəcək. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddianın təmin olunmamış hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2008-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 232 nömrəsi ilə qeyd edilmişdir. Tərəflər arasında olan nikah pozulmamışdır. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X6, xx.xx.2010cu il tarixdə X9, xx.xx.2012-ci il tarixdə X10 və xx.xx.2021-ci il tarixdə X7 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13:00 saatlarında keçirilən iclasda İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Cavabdeh tərəfin gəlir əldə etməsi barədə məlumat olmasa belə, hər ay dörd uşağa birlikdə 800 manat sabit pul məbləğində aliment ödəməsi onun əmək haqqı həddini aşan daha çox vəsait xərcləməsinə gətirib çıxara bilər və əmək haqqından və ya gəlirindən yüksək miqdarda vəsait ödənilməsi onun üçün əlverişsiz hal yarada bilər. Bundan başqa cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının AM-nin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının AM-nin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment xahiş etmişdir. İddiaçı cavabdehin kifayət qədər aylıq gəliri olmasına istinad etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh məhkəmə kollegiyasının iclasında, iddiaçı ilə ayrılmaq niyyətində olmadığını, iddiaçının uşaqları da götürüb gedib ata evində qaldığını, uşaqları gətirsə, onlara 4000 manat da verməyə hazır olduğunu bildirmişdir. Cavabdehin gəlirləri və işləməsi barədə məhkəməyə sübutlar təqdim edilməsə belə, kollegiya hesab edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Belə olan halda, məhkəmə kollegiyası uşaqların qanunla qorunan mənafelərini, eləcə də, əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində aliment tutulması ağlabatan və ədalətlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2708/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar