Məhkəmə qərarları › İş №2(103)-5614/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5614/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5614/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3708/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-14/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı ildə Zəngilan rayon VVAQ şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 69 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2006-cı il təvəllüdlü Həzizadə Raul Elnur oğlu atası Cavabdeh himayəsində, xx.xx.2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızının isə anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

2. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1477/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-14/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-553/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1477/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı Həziyeva Rəfiqə Elnur qızının saxlanılması üçün aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.20006-cı ildə Zəngilan rayon VVAQ şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 69 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2006-cı il təvəllüdlü Həzizadə Raul Elnur oğlu atası Cavabdeh himayəsində, xx.xx.2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızının isə onun himayəsində saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Artıq 1 ildən çoxdur ki, o, cavabdehlə ayrı yaşayır. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızı onun yanında yaşayır. Buna baxmayaraq Cavabdeh uşağın xərclərində iştirak etmir. Buna görə də hesab edir ki, cavabdehdən məhkəmə qaydasında aliment tutulmalıdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3708/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34cü maddəsinin 4-cü bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 8, 13, 19, 75.1, 75.4 və 78.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilərək Cavabdeh azyaşlı Həziyeva Rəfiqə Elnur qızının saxlanılması üçün aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyil. Belə ki, çəhkəmə tərəflərindən iddia ərizəsinə əlavə edilmiş və məhkəmə proseslərində sadalanan iddiaçı ilə cavabdehin maddi durumları arasında kəskin fərq olması faktını aydınlaşdırmamışdır. İddia ərizəsinə əlavə edilmiş Zəngilan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin işə baxılarkən Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən həri iki tərəfin yaşadığı evlərə baxış keçirilmiş və hazırki iş üzrə Cavabdeh yaşayış şəraitinin və maddi vəziyyətinin İddiaçı daha yaxşı olduğu göstərilmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsində göstərilir ki, "digər tərəfdən işin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı işləyir, maddi qazanc əldə edir. Cavabdeh isə işləmir. Daha öncə istinad olunan qanunun mənasına görə isə aliment məhz iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Hazırda belə bir tələb olmadığından və uşaqların saxlanılması üçün aliment tutulması davam edən münasibətlər kateqoriyasına aid olduğundan, məhkəmə kollegiyası izah edir ki, hazırki iş üzrə tərəflərin, zərurət yarandığı təqdirdə, gələcəkdə bir-birinə qarşı aliment tələbi ilə bağlı iddia vermək hüquqları vardır." Göründüyü kimi məhkəmə tərəfindən tərəflərin maddi vəziyyəti nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

12. Maddə 17. uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

13. Maddə 34. 4-cü bəndi ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

14. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun

17. Maddə 5. dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.

18. Maddə 8. hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühitdə yaratmağı öz öhdəsinə götürür.

19. Maddə 13. uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Maddə 19. uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir.

21. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bötvlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3708/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 30 oktyabr 2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızı yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 may 2023-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidır.

32. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin iki uşaqları var, onlardan biri ananın, digəri isə atanın yanında yaşayır və nə qədər ki, uşaqların biri ananın yanında, digəri isə atanın yanında saxlanılır, onların bir-birinə qarşı himayələrində olan uşaqları saxlamaq öhdəliyi var. Belə olan halda, məhkəmə uşaqların yaş həddini, onların saxlanması ilə bağlı gündəlik qayğıların hər iki tərəfin üzərinə eyni həcmdə düşməsini, tərəflərin maddi vəziyyətini, cavabdehin aylıq əmək haqqısının 345 manat təşkil etməsi hallarını və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, iddia təmin edilməməlidir.

33. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən qənaətini əsaslı hesab etmir.

34. Belə ki, tərəflərin birgə rəsmi nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü Həzizadə Raul Elnur oğlu və xx.xx.2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızı anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflərin nikahları pozularkən, xx.xx.2006cı il təvəllüdlü Həzizadə Raul Elnur oğlu atası Cavabdeh himayəsində, xx.xx.2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızının isə anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

35. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqlardan biri ananın, digəri isə atanın yanında yaşaması iddiaçı tərəfin öz yanında yaşayan uşağın saxlanılması üçün digər tərəfdən alimentin tutulmasını xahiş etmək hüququnu məhdudlaşdıra bilməz. Nəzərə alınmalıdır ki, təyin olunacaq aliment iddiaçıya deyil, tərəflərin birgə nikahından dünyaya gəlmiş uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Ona görə də iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlıdır.

36. Kollegiya hesab edir ki, alimenti məbləği təyin olunarkən ilk öncə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmamlıdır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır.

37. Kollegiya qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının mövqeyi baxımdan da qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.

38. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına tam diqqət yetirmədən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Belə ki, iddia tələbinin rədd edilməsi uşağın marağının əhəmiyyətli dərəcədə pozulması və onun əvvəlki təminatının səviyyəsinin təmin edilməməsi ilə nəticələnmiş olardı.

40. Kolegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş olsa da, cavabdehin himayəsində tərəflərin birgə nikahda olan digər uşaq olduğundan, həmçinin qanunvericiliyin tələbinə görə valideynlərin hər ikisi öz uşaqlarını saxlamaqda bərabər hüquq və vəzifələrə malik olduğundan aliment məbləği hər ay 180 manat müəyyən edilməsi ağlabatan olmaqla ədalətlidir.

41. Kollegiya alimentin tutulması vaxtının müəyyən edilməsi ilə bağlı isə qeyd edir ki, iddiaçı hazırkı iddia ərizə ilə məhkəməyə 24 may 2023-cü il tarixdə müraciət etdiyindən, alimentin tutulmasının başlanğıcı həmin məhz tarixdən hesablanmalıdır.

42. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görı aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya şikayəti ilə mübahisələdirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Kazımov Zaur Saməddin oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3708/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 30 oktyabr 2017-ci il təvəllüdlü Həziyeva Rəfiqə Elnur qızı yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 may 2023-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar