Məhkəmə qərarları › İş №2(103)-5619/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5619/2020

29.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5619/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1614/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla ləğv prosesində olan QSC “Bank Standard” KB ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş N 2(006)-1614/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC “Bank Standard” KB ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən iddiaçıya bankdan 15 ay müddətinə 526 manat məbləğində kredit verilmişdir. Adı çəkilən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə o, bütün borclarını ödəmiş, lakin borcunun olmaması barədə ona arayış verilməmişdir. Ona görə də o, hazırda digər banklarla kredit müqaviləsi bağlaya bilmir. Kirayədə yaşadıqları evdən digərinə köçərkən bir çox sənədləri, eyni zamanda xx.xx.2008-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəli itmişdir. O, dəfələrlə “Bank Standard” KB-yə müraciət edərək adı çəkilən kredit müqaviləsinin surətini və həmin müqaviləyə əsasən ödədiyi bütün məbləğlərin, eləcə də ödəniş cədvəlinin ona verilməsini xahiş etmiş, lakin nəticəsi olmamışdır. Sonradan “Bank Standard” KB ləğv prosesində olarkən cavabdeh X1 ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixli müqavilənin surətini və ödəniş cədvəlinin ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə tələb etdiyi sənədləri ona verməkdən imtina etmişdir. Ona görə də o, hal-hazırda Banka borcunun olmamasını sübut edə bilmir. Qeyd etdiyi kimi “Bank Standard” KB ilə aralarında kredit müqaviləsi 2008-ci ildə bağlanmışdır və həmin vaxtdan 11 il keçməsinə baxmayaraq Bank tərəfindən ona qarşı məhkəməyə borcun ödənilməsi barədə müraciət edilməməsi tərəfindən bütün borcun ödənilməsinə sübutdur. Onunla ləğv prosesində olan QSC “Bank Standard” KB ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi tərəfindən tam icra edilmişdir. Bu səbəbdən də tərəflər arasında əmələ gəlmiş və ona aid öhdəlik vaxtında və tam icra edildiyindən, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi T.Quliyev iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə hazırda iddiaçının banka ödənilməmiş kredit borcu qaldığından iddia rədd edilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən iddia müddətinin keçməsinin nəzərə alınmaması ilə əsaslandırılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən iddiaçıya 15 ay müddətinə 526 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə bütün borclarını ödədiyini bildirərək, ona aid öhdəlik vaxtında və tam icra edildiyindən xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının ödənilməmiş borcu qaldığını bildirərək tələbin rədd olunmasını xahiş etmişdir. Cavabdeh bununla bağlı xx.xx.2020-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin arayışda İddiaçı xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 301,96 manat əsas borc, 1252,85 manat faiz borcu, 334,72 manat cərimə borcu, 146,92 manat gecikdirilmiş vaxta üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2036,45 manat borcu olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 421.2, 422.1, 442, 448.1-ci və MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli kredit müqaviləsi üzrə borcunun tam olaraq ödənildiyinə, bununla da cavabdeh qarşısında hər hansı öhdəliyinin qalmadığına istinad etsə də, müqavilənin ləğvin səbəb ola biləcək həmin halları sübut edə bilməmişdir. Əksinə, iş materialları əsasında iddiaçının ödənilməmiş borcunun qaldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən iddia müddətinin keçməsinin nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı isə bununla hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı borcunu tam ödədiyini, lakin bu barədə ödəniş qəbzlərini itirdiyini iddia edir və icra nəticəsində müqavilənin ləğvini tələb edir. Cavabdeh isə əksinə, iddiaçının ödənilməmiş borcu qaldığını bildirir və bu barədə maliyyə arayışı təqdim edir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı öhdəliyi icra etdiyini sübuta yetirə bilməmişdir. Digər tərəfdən, iddiaçı öhdəliyi icra etdiyini sübuta yetirmiş olsa belə, mülki qanunvericliyə görə bu, yəni kredit müqaviləsi üzrə borcun ödənilməsi müqavilənin ləğvi üçün deyil, icra nəticəsində öhdəliyə xitam verilməsi üçün əsas ola bilər (Mülki Məcəllənin 528-ci mad.). Lakin, işdən göründüyü kimi iddiaçı tərəfindən öhdəliyə xitam verilməsi barədə tələb irəli sürülməmişdir. İddiaçı borcunun qalmadığının təsdiqi kimi həmçinin Bankın bu günə qədər keçən müddət ərzində ona qarşı iddia qaldırmadığına, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətini ötürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə Bankın ləğvedicisi tərəfindən İddiaçı qarşı borc tələbinə dair iddia qaldırılmamışdır. Yalnız belə bir tələb irəli sürüləcəyi təqdirdə tələbə cavab verməli olan şəxsin ərizəsi üzrə iddia müddətinin tətbiqi məsələsi müzakirə oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar