Məhkəmə qərarları › İş №2(103)-5621/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5621/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5621/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evin və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2B saylı evin və həmin ünvanda yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)- 870/2022 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qətnamə 26 may 2022-ci il tarixdə həm İddiaçı, həm də hazırki apellyasiya şikayətini vermiş və birinci instansiya məhkəməsində icraatda iştirak etmiş nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmişdir. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayəti isə 14 iyul 2022-ci il tarixdə, yəni qətnamənin rəsmi qaydada verildiyi düngən 1 ay 18 gün keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəf prosessual müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Eyni zamanda qeyd edilməlidir ki, qətnamənin poçt vasitəsilə də tərəfə göndərilməsi halı vəziyyəti dəyişdirmir. Belə ki, mülki iş materiallarına əsasən birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfin elektron kabinetinə yerləşdirməklə yanaşı, həmçinin poçt vasitəsilə də iddiaçıya göndərmişdir. Belə olan halda qətnamənin poçt vasitəsilə sonradan alınması prosessual müddətin həmin vaxtdan etibarən hesablanması anlamına gələ bilməz. Hər bir halda Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halla diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “evin və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar