Məhkəmə qərarları › İş №2(103)-5631/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5631/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5631/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6.600 manat dövlət icbari sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövrü aldığı travma ilə əlaqədar xx.xx.2017-ci il tarixdə ona İİ qrup üzrə əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmadır. Lakin bu günə kimi İİ qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. xx.xx.2017-ci il tarixdə o, «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 6.600 manat məbləğində sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin bu günədək onun müraciətinə cavab verilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-626/2020-ci il saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət X8 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Resplikasının Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun İddiaçı münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 25 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Göründüyü kimi İddiaçı əlillik dərəcəsi 25 il sonra təyin edildiyindən Mülki Məcəllənin 373cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil. 1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamışdır, ona görə də məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X5 üzərinə qoyulması əsassızdır. İddiaçının tələbi onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1973cü il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən travma almışdır. Həmin tarixdən xx.xx.1992-ci il tarixədək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Diaqnoz: «Sol budun aşağı 1/3-nin osteoması». Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə (SQ Baş Klinik Hospitalının xx.xx.2016-cı il tarixli 6557 saylı arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi və s.) əsasən İddiaçı İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmadır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət X6 ünvanladığı sığorta məbləğinin verilməsi haqqında xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı həmin Şirkətdən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. İddiaçının bildirdiyinə görə Dövlət X3 müraciətinə qanunla müəyyən olunmuş müddət ərzində cavab verməmişdir. Beləliklə, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi mübahisəsiz qaydada təsdiq olunur. Göstərilənləri nəzərə alan Kollegiya mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət X5 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 2ci qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. İddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyinə etiraz edən cavabdeh Şirkətin apellyasiya şikayətində iddiaçıya sığorta ödənişinin ödənilməsi səlahiyyətinin Şirkətin üzərinə qoyulmasının əsassız olduğu qeyd edilir. Apellyasiya şikayətində göstərilir ki, qətnamədə istinad olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu isə xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barədə heç bir şərt yoxdur. Burada 1991- 1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin verilməsi nəzərdə tutulmur. Buna görə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olunmamasının iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməməsi barədə gəldiyi qənaət düzgündür. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətində irəli sürülən daha bir dəlil isə onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı əlillik dərəcəsini 25 il sonra almışdır. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apellyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması səbəb olmuşdur. Bu baxımdan apellyasiya şikayətinin müvafiq dəlili də əsassız hesab olunmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-626/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar