Məhkəmə qərarları › İş №2(103)-5633/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5633/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5633/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5633/2025 Açar sözlər: aliment miqdarının dəyişdirilməsi (alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3579/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 15 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər rəsmi nikaha daxil olmuş və həmin nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Məhkəmə qətnaməsi ilə tərəflərin rəsmi nikahı pozulmuş, uşaqlar atanın yanında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017- ci il tarixdə doğulmuş X4 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutulmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği indeksasiya olunaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində tutulmasıqərara alınmışdır.

3. Hazırda iddiaçı indeksasiya olunmuş aliment məbləğindən narazıdır və alimentin həcminin azaldılaraq onun yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7791/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş həddə (hər ay hər uşağa görə 80 manat) tutulmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 8(001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində təyin edilmiş alimentin azaldılaraq Binəqədi rayon məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tələbkar Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqına uyğun olaraq indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(00l)-7791/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment indeksasiya edərək, hər uşaq üçün 128 manat olmaqla, ümumi 384 manat müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 8(001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunmuşdur. Qeyd edir ki, həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 130/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmişdir. Bununla əlaqədar İddiaçı hazırda “alimentin miqdarının azaldılması barədə” iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X4 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və alimentin tutulmasının başlanğıcı 03 oktyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri, Binqədi rayon məhkəməsinin 8(001)- 120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçinin ərizəsi təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı qeyd etməyi zəruri hesab edir ki, o heç yerdə işləmir və onun aliment üzrə yığılmış borcu vardır. Belə ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-628/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh alimentin miqdarının artırılması barədə iddia ərizəsi qismən təmin edilmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının 2(103)-3914/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmişdir və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-628/2022 saylı qətnaməsi ləğv edilmişdir və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra, 2023-cü ildə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin miqdarının artırılması barədə iddia ərizəsi yenə də məhkəməyə vermişdir. Lakin Suraxanı rayon məhkəməsinin e-2(010)-1807/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehanın iddia ərizəsi təmin edilməmişdir. Hər iki məhkəmənin qətnaməsində göstərilmişdir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdeh İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir, digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan göründüyü kimi həmin şəxs hal hazırda işsizdir və aliment borcunu ödəyə bilmədiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Həmçinin, iddiaçının alimentin artırılması barədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsinə əsasən münasibət bildirilmiş və həmin qətnamənin qəbul edildiyi tarixdən sonra cavabdehin maddi vəziyyətdə yaxşıya doğru hər hansı dəyişikliyin olması barədə iddiaçı tərəfindən sübutlar təqdim olunmamışdır. Hal-hazırda da mənim maddi vəziyyəti dəyişməz olaraq qalmışdır. Bundan başqa, 2019-cu ilin məhkəmə qətnaməsi əsasında yetkinlik yaşma çatmamış uşaqların saxlanması üçün təyin edilmiş aliment üzrə yığılmış borc vardır. Buna görə də, Binəqədi rayon məhkəməsinin (001)- 120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, hər uşaq üçün 128 manat olmaqla, ümumi 384 manat müəyyən edilmiş aliment miqdarını o ödəyə bilməyəcəkdir. Qeyd edir ki, yaşlı anası ilə bir yerdə yaşayır. Anası işləyəndə ona alimenti ödəməkdə kömək etmişdir. Həmçinin, anası Bankdan kreditə pul götürərək, onda aliment üzrə yığılmış borcları ödəmişdir. Lakin, bu ilin aprel ayında anası pensiyaya çıxmışdır və onun maddi vəziyyəti pisləşmişdir. Qeyd etməyi zəruri hesab edir ki, anası pensiyaya çıxandan sonra alınmış krediti ödəməyə davam edir və hazırda aldığı pensiya ilə həmin krediti ödəyir. Bundan əvvəl Cavabdeh iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 240 manat alimentin miqdarını artırılması xahiş etmişdir. Lakin məhkəmənin qətnamələri ilə onun iddia ərizələr rədd edilmişdir. Halhazırda Cavabdeh eyni tərəflər arasında, faktiki olaraq eyni mübahisə predmeti üzrə, lakin indeksasiya tətbiqi barədə ərizə ilə müraciət edərək, artırılmasına nail olmuşdur və ərizəsi məhkəmə tərəfindən təmin olunmuşdur. Buna baxmayaraq, İddiaçı maddi vəziyyətinin dəyişməməsi ilə bağlı indeksasiya ilə müəyyən olunmuş aliment miqdarını ödəyə bilməyəcəkdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində müəyyən edilmiş aliment miqdarını azaldılmalıdır və Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment miqdarını müəyyən edilməlidir.

6. Cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının alimentin azaldılması tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı artıq qüvvəyə minmiş iki məhkəmə qərarı mövcuddur: 1) xx.xx.2019-cu il tarixli 2(001)-7791/2019 nömrəli iş üzrə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə 3 övladı — X11 (xx.xx.2012), X7 (xx.xx.2015) və X10 (xx.xx.2017) cavabdehin himayəsinə verilmişdir. Həmin qətnamə ilə İddiaçı hər uşaq üçün aylıq 80 manat olmaqla, ümumilikdə 240 manat aliment tutulması və bu məbləğin xx.xx.2019-cu il tarixindən hesablanması qərara alınmışdır. 2) xx.xx.2025-ci il tarixli 8(001)-120/2025 nömrəli iş üzrə Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə həmin aliment məbləği indeksasiya edilərək hər uşaq üçün 128 manat, ümumilikdə 384 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş 384 manat məbləğ, 3 azyaşlı uşağın, xüsusilə də X2 (o, anadangəlmə bir böyrək xəstəliyindən əziyyət çəkir və yalnız bir böyrəyi var, o da sağlam deyil) saxlanılması üçün qətiyyən kifayət etmir. Uşaqların yaşları artdıqca onların gündəlik ehtiyacları və saxlanma xərcləri də artır. Qeyd edir ki, İddiaçı özünün maddi imkansız olduğunu bildirmişdir, lakin son illər ərzində müxtəlif məhkəmələrdə ona qarşı 30dan çox iddia qaldırmış və hər dəfə müqaviləli vəkillərlə müdafiə olunmuşdur. Hesab edir ki, bu onun məhkəmə xərclərini qarşılamaq imkanında olduğunu göstərir. Cavabdeh bildirir ki, məhkəmə iclasında iddiaçıya Binəqədi Rayon Məhkəməsinin alimentin indeksasiyası barədə qətnaməsi qüvvəyə mindikdən cəmi iki həftə sonra nə dəyişmişdir ki, iddiaçı Suraxanı Rayon Məhkəməsində alimentin azaldılması barədə iddia qaldırmışdır deyə sual vermişdir. İddiaçının cavabı isə o olmuşdur ki, bu onun istəyidir, hüququdur. Hesab edir ki, qanunvericiliyə əsasən alimentin azaldılması üçün sübut edilmiş əsaslı səbəblər mövcud olmalıdır və iddiaçı alimentin azaldılması üçün heç bir hüquqi əsas təqdim etməmişdir. Qeyd edir ki, iddiaçının imkansızlığı barədə təqdim etdiyi iddialar sübut olunmamışdır, iddiaçının vəkil xərclərinə daimi olaraq vəsait ayırması sübut edir ki, alimenti ödəməyə imkanı var. Eyni zamanda, aliment məbləğinin yaşayış minimumundan (2025-ci il üzrə 292 manat) aşağı düşməsi yolverilməzdir. Bildirir ki, hal-hazırda 384 manatlıq aliment yaşayış minimumuna çox yaxın, cəmi 0.32% fərqlə müəyyən olunmuşdur.

7. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq qeyd etmişdir ki, aliment ilə bağlı borcları yığıldığına görə qarşı tərəfin şikayəti ilə 528-ci maddə ilə cərimə olunmuş, ölkədən çıxmağına da qadağa qoyulmuşdur. Bildirmişdir ki, ailələri o və anası olmaqla 2 nəfərdən ibarətdir, alimentin ödənilməsinə anası köməklik edir, özü isə işsizdir, ixtisas üzrə tibb bacısıdır. Tibb bacısı kimi işləsə belə 500 manata qədər maaş alacaq, 240 manat isə elə həmin məbləğin yarısıdır. Qeüyd etmişdir ki, cavabdehə hətta onun evində də gedib uşaqlara baxa biləcəyini demişdir, cavabdeh də gedib işləyər. O, qadın olduğundan gedib fəhləlik edə bilməz, məhkəmə işləri çox olduğuna görə öz ixtisası üzrə iş tapmaqda da çətinlik çəkir, qarşı tərəfin isə maddi vəziyyəti yaxşıdır, himayə və aliment məsələləri üzrə məhkəmə iclaslarında da öz biznesi və evləri olduğunu qeyd edib, uşaqları da pullu məktəbdə oxudur, İddiaçı təzyiq etmək üçün məhkəməyə müraciət edir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3579/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Firuzə Mizəyeva) iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, 34-cü maddəsinin 3-cü və 4-cü hissələrinə, “ “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddələrinə , Ailə Məcəlləsinin 751- 75.5, 78.1, 78.2, 110.2 və 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 124-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı məhkəmənin baxışiclasında cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu bildirərək, təyin olunmuş aliment miqdarının azaldılaraq hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etsə də, lakin tələbini Ailə Məcəlləsinin 112-ci maddəsinin normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) sübut edə bilməmişdir. Məhkəmənin bu qənaəti ilə razılaşmır, çünki maddi vəziyyətinin yaxşılığa doğru dəyişməsi ilə bağlı məhkəmədə heç bir sübut yoxdur. Əksinə, məhkəməyə Məşğulluq Agentliyindən işsiz olduğu barədə arayış təqdim etmişdir. Bu arayışdan da görünür ki, hazırda heç yerdə işləmir və işsiz kimi qeydiyyatdaydır. Bundan başqa, iddia ərizəsində qeyd etmişdir ki, o, yaşlı anası ilə bir yerdə yaşayır. İxtisasca tibb bacısıdır. Onu da qeyd edir ki, üç övladı olduğu üçün əvvəllər işini tərk etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq peşəkar ixtisasını itirdi. 2025-ci ilin aprel ayında təkmilləşdirmə kurslarını bitirdi və kursları bitdikdən sonra sertifikat almışdır. Hazırda iş axtarışındadır. Lakin tibb müəssisələrində maaşlar az olduğundan qazandığı pulla özünü dolandırmaq və övladlarına aliment ödəmək imkanı verən iş tapa bilmir. Bununla əlaqədar, hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 8(001)-120/2025 №li xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində təyin edilmiş alimentin miqdarını azaldılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur.

13. Etiraz ərizəsi iddiaya etirazla eyni məzmunda əsaslandırılmış və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin eidlməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir

17. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

22. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

24. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

25. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

27. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

29. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Hazırki iş üzrə iddia rədd edildiyindən və iddiaçı qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin dəyişdirilməsinə və ya ləğvinə hər hansı hüquqi əsas yoxdur.

40. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X4 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulmasının başlanğıcının 03 oktyabr 2019cu il tarixdən hesablanması və.s qət edilmişdir.

41. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-628/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7791/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması və.s qət edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3914/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-628/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və.s qət edilmişdir.

43. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1807/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması”na dair iddia tələbi rədd edilmişdir.

44. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunması qərara alınmışdır.

45. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-130/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu İddiaçı şikayəti təmin edilməyərək, Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

46. Kollegiya qeyd edir ki, məhkəmə aktı ilə 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017- ci il tarixdə doğulmuş X4 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı hazırda maddi və ailə vəziyyəti ilə əlaqədar alimentin miqdarının azaldılaraq alimentin üç uşağa görə indeksasiya olunmamışdan əvvəlki (Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş) həddə tutulmasını xahiş edir. İddiaçının hər uşağa görə ödəmək istədiyi aliment 80 manat təşkil edir. Göründüyü kimi bu məbləğ 2025-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış mimumundan olduqca azdır. Həmçinin qeyd edilməlidir ki, indeksasiyadan sonra tutulan aliment hər uşağa görə 128 (400 x 0,32) manat təşkil etmiş və iddiaçı həmin aliment miqdarının azaldılmasını xahiş etmişdir. Halbuki bu məbləğ 2025-ci il üzrə ölkəmizdə uşaqlar üçün şərtləşdirilmiş yaşayış minumumundan da azdır.

47. Kollegya bildirir ki, yuxarıda sadalanmış hüquqi müddəaların əlaqəli şəkildə təhlilindən gəlinən nəticəyə əsasən qanunvercilik tərəflərin maddi və ailə vəziyyətindəki dəyişikliklər və digər diqqətəlayiq hallar nəzərə alınaraq təyin edilmiş aliment miqdarının artırılması və ya azaldılması barədə tələbin həlli zaman uşağın əvvəlki təminat səviyyəsinin maksimal həddə saxlanılmasını imperativ qayda kimi təsbit etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

48. Həmçinin qanunvericilik öz fəaliyyətində uşaqların mənafelərinin üstün tutulmasını, onların hüquqlarının təmin olunmasına şərait yaradılmasını dövlət orqanlarının, bütün fiziki və hüquqi şəxslərin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, uşağın mənafeyi ziddinə heç bir qərar qəbul edilə bilməz.

49. Qeyd edilənlər baxımından kollegiya hesab edir ki, iddiaçının üç uşağın saxlanması üçün ödəməsini xahiş etdiyi aliment məbləği (üç uşaq üçün cəmi 240 manat) uşaqların yaşayış mimumumdan az olmayan maddi təminat almaq hüquqlarını pozduğundan, onların mənafeyinə uyğun olmadığından iddia tələbi əsassızdır və təmin edilə bilməz. Kollegiya bu qənaətə gələrkən iddiaçının ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını (özünün maddi vəziyətinin azalması, əmək qabiliyyətli olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s) sübut edə bilməməsini nəzərə alır.

50. İddia tələbi ilə bağlı o da qeyd olunmalıdır ki, uşaqlar hazırda cavabdehin himayəsində olduğundan onların məişət qayğıları, təlim-tərbiyəsi və digər zəruri xərcləri cavabdehin üzərindədir. Bu səbəbdən kollegiya hesab edir ki, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri ehtiyaclarının ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edir.

51. Kollegiya vurğulayır ki, iddiaçının işləməməsi, himayəsində yaşlı şəxsin olması onun uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması vəzifəsindən azad etmir. Çünki uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək, maddi və mənəvi tələbatını ödəmək hər iki valideynin vəzifəsidir.

52. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir.

53. Beləliklə, şərh olunanlardan belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi barədə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur, belə olan halda apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3579/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar