Məhkəmə qərarları › İş №2(103)-5634/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5634/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5634/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iki uşağın – 28.08.2014-cü il təvəllüdlü X2 və 13.03.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat aliment cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin uşaqların saxlanması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olar hər ay hər uşağa 105 manat olmaqla, cəmi 210 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin, alimentin tutulması 10.06.2020-ci il tarixdən hesablansın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görünür ki, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduqda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdehin aylıq əmək haqqının məbləği 260 manat təşkil etdiyindən alimentin 2 uşağa görə əmək haqqının 1/3 hissəsi kimi (yəni cəmi 86 manat) tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Ona görə də birinci istansiya məhkəməsi düzgün olaraq alimentin cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa 105 manat olmaqla tutulmasını qət edib. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin aldığı əmək haqqının məbləğinin az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. O, əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və həmin alimenti ödəmək iqtidarındadır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar