Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5635/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Nizami Rayon Məhkəməsinin 2(007)-509/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehlə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, 6 döngə, 9/1 saylı fərdi yaşayış evinin alınmasına sərf edilmiş 35.000 ABŞ dollarının, habelə həmin evin tikintisinə və təmirinə sərf edilmiş ümumilikdə 20.000 manat pulun paylarına uyğun şəkildə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 05 yanvar 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından bir uşaqları doğulub. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. "xxxx" MMC-nin 08 avqust 2011-ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 6-cı döngə yerləşən 9/1 saylı fərdi yaşayış evinin (tikintinin sahibi X2 göstərilib) tikintisinin dəyəri 20.000 manat müəyyən edilib. Cavabdehin “səlahiyyətli orqanlara” ünvanlanan 26 aprel 2014-cü il tarixli ərizəsinin kserosurətinə görə,o bildirib ki, sözügedən evi X1 35.000 ABŞ dollarına alıb, 23.000 ABŞ dolları ödəyib, qalan 12.000 ABŞ dollarını bir il müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı cavabdehin “səlahiyyətli orqanlara” ünvanladığı 26 aprel 2014-cü il tarixli ərizənin kserosurətinə istinad edib, lakin həmin sənədin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini təqdim etmək üçün iddiaçının vəsatəti ilə məhkəmə iclası bir-neçə gün təxirə salınsa da, qeyd olunan sənəd məhkəməyə təqdim edilməyib. Göründüyü kimi, sözügedən ərizənin əsli təqdim edilmiş olsa belə, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin qəbzə istinad edərək, alqı-satqı zamanı ödənilən 35.000 ABŞ dollarının paylarına uyğun olaraq onlar arasında bölünməsini tələb etsə də, həmin halları təsdiq edən alqı-satqı müqaviləsini, alqı-satqının həyata keçirilməsinə dair ödəniş qəbzlərini, alınması iddia olunan əmlakın dövlət reyestindən Çıxarışı və digər notariat hərəkətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etməyib. Ona görə də iddia rədd edilməlidir.
5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənini 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb.
6. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədərlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
8. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.
9. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.
10. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
11. Ali Məhkəmənin 2(102)-2407/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-8909/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, birgə nikah dövründə cavabdehin atasının evi satıldı, onlara düşən pay kimi 20.000 ABŞ dolları verildi, onlar da həmin məbləğin üstünü düzəldib, 35.000 ABŞ dollarına bu evi almışlar. Evin təmiri üçün də 20.000 manat xərcləmişlər. Onların birgə nikdan üç uşaqları olub, ona üç uşaqla aliment vermədilər, küçəyə atdılar. Övladının biri də xəstə idi, müalicə olunmadığı üçün öldü. Hazırda o evi kirayayə veriblər, gəlir əldə edirlər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, həmin evi özlərinə məxsus başqa evi satıb almışdır.
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
16. Mülki iş materiallarının 6-11-ci, 63-cü vərəqələrində olan 26 aprel 2014-cü il tarixli etibarnamənin kserosurətindən, habelə "xxxx" MMC-nin 08 avqust 2011-ci il tarixli qiymətləndirmə rəyindən, evin 2011-ci ilin avqust ayına olan vəziyyətindən görünür ki, 2010-cu ildə inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsi, 6-cı döngədə yerləşən 9/1 saylı fərdi yaşayış evi Oqtay Həsənovun faktiki sahibliyində olub və sonuncunun 07 avqust 2011-ci il tarixli ərizəsinə əsasən evin qiymətləndirilməsi həyata keçirilib və aparılan təhlil və hesablamalara görə evin inventar dəyəri 20.000 manat müəyyən edilib.
17. Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən məlum olur ki, Oqtay Həsənov sözügedən evi özəlləşdirmək, onun üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 26 aprel 2064-cü il tarixədək qüvvədə olmaqla Cavabdeh adına notarial qaydada təsdiq edilməklə etibarnamə verib (i/v 53).
18. Səlahiyyətli orqanlara təqdim etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada 26 aprel 2014-cü il tarixdə təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, cavabdeh sözügedən evi Oqtay Həsənovdan 35.000 ABŞ dollarına aldığını, həmin evin 23.000 ABŞ dollarını ödədiyini etiraf edib və qalan 12.000 ABŞ dollarını isə bir il ərzində ödəməyi öhdəsinə götürüb (i/v 46-47). Tətbiq edilən maddi hüquq normaları: Ailə Məcəlləsi:
19. Maddə 32.
20. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
21. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
22. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
23. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
24. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
25. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
26. Mülki Məcəllə:
27. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
35. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında yenidən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
39. Apellyasiya insatansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə Ali Məhkəmənin 2(102)-2407/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının evi satın almaları barədə alqısatqı müqaviləsini, müqavilə üzrə ödəniş qəbzlərini, evin dövlət reyestindən Çıxarışını və digər notariat hərəkətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyini əsas tutub, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, qeyd olunan hallara diqqət yetirməyib və iddiaçının cavabdehə qarşı tələbinin bilavasitə evdən payının ayrılmasına yönəlmədiyini nəzərə almayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən ev tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr alınmadan inşa edilməklə özbaşına tikinti sayıldığından, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinin tələblərini hazırki mülki mübahisəyə büzgün tətbiq etməyib. Çünki, iddiaçı özü də ilk gündən evin özbaşına tikinti olduğunu inkar etmir. Belə olan halda iddia tələblərinin qeyd olunan əsasla rədd edilməsi düzgün olmayıb. Hazırki işdə, iddiaçının iddia etdiyi pul vəsaitinin cavabdehlə onun birgə nikahı dövrünə təsadüf etməsi mülki iş materialları istisna edilmir, lakin həmin vəsaitin həqiqətən mövcud olub-olmadığına dair tərəflər arasında fikir ayrılığı vardır. Belə ki, iddiaçı tələbini cavabdehin imzalamış olduğu notarial qaydada təsdiq edilmiş 26 aprel 2014-cü il tarixli ərizənin kserosurəti ilə əsaslandırır. Cavabdeh isə sözügedən evin ona deyil Nümayəndə1 məxsus olduğunu, onun adına hər hansı bir əmlakın alınmadığını, iddiaçının təqdim etdiyi ərizənin isə kserosurət olmaqla məhkəməyə əslinin təqdim edilmədiyini göstərib, iddiaya etiraz edir. Əvvəla işdə, sözügedən evin Nümayəndə1 məxsus olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən, işin 62-74-cü vərəqələrində olan Sabunçu bələdiyyəsinin 04 noyabr 2020-ci il tarixli Şəhadətnaməsində və ona əlavə edilmiş evin layihələndirmə sənədlərində söhbət sözügedən evdən deyil, Sabunçu rayonu, Şəhər şosesi, 5-ci döngədə yerləşən evdən gedir. Həmin ev də hüquqi vəziyətinə görə özbaşına tikilidir və işə sənədlərin əsli deyil, kserosurətləri əlavə edilib. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi məhkəməyə yazılı sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunmasını nəzərdə tutan bu qayda ilk növbədə yazılı sübutların saxtalaşdırılmasının, təhrif edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, əgər sənədlərin həqiqilyini işə əlavə edilmiş digər sübutlarla müəyyən etmək mümkündürsə və ya sənəddə əks olunmuş faktları qarşı tərəf inkar etmirsə, bu halda faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar da məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi zərurət yarandığı halda bilavasitə cavabdehin məhkəmə iclasında iştirakını təmin edib, sözügedən yazılı ərizəyə, orada göstərilən faktlara və ümumiyyətlə iddiaçının tələblərinə münasibətini öyrənmədən, həmin ərizədə cavabdehin imzasının həqiqiliyini təsdiq etmiş Bakı şəhəri, 18 saylı Notariat Kontorunda 7E-10898 nömrəli reyestirdə aparlmış qeydin mövcudluğunu, düzgünlüyünü yoxlamadan və bu barədə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə heç bir araşdırma aparmadan, iddiaçının cavabdehə qarşı yönəlmiş tələblərini bütövlükdə rədd etmişdir.
40. Ali Məhkəməmin həmin göstərişlərini nəzərə alaraq kollegiya qeyd edir ki, mülki iş materiallarında olan səlahiyyətli orqanlara təqdim etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada 26 aprel 2014-cü il tarixdə təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, cavabdeh sözügedən evi Oqtay Həsənovdan 35.000 ABŞ dollarına aldığını, həmin evin 23.000 ABŞ dollarını ödədiyini etiraf edib və qalan 12.000 ABŞ dollarını isə bir il ərzində ödəməyi öhdəsinə götürüb (i/v 46-47).
41. Kollegiya onu da qeyd edir ki, cavabdeh tərəf həmin evin Nümayəndə1 məxus olduğunu qeyd etsə də mülki iş materiallarında evin Nümayəndə1 məxus olmasını təsdiq edən sübut yoxdur.
42. Əksinə mülki iş materiallarında olan cavabdeh tərəfindən səlahiyyətli orqanlara yazılmış 26 aprel 2014-cü il tarixdə yazılmış ərizədən, həm də mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli Oqtay Həsənovun sözügedən evi özəlləşdirmək, onun üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 26 aprel 2064-cü il tarixədək qüvvədə olmaqla Cavabdeh adına notarial qaydada təsdiq edilməklə verdiyi etibarnamədən evin məhz cavabdehə məxsus olması, beləliklə də tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak olması təsdiq olunur.
43. İddiaçı da qeyd olunan evin faktiki satın alınmasına ödənilmiş 35.000 ABŞ dolları, habelə həmin evin təmir və tikintisinə sərf edilmiş 20.000 manat pul vəsaiti, cavabdehlə onun birgə nikahları dövründə əldə edimiş olduğundan, paylarına uyğun olaraq onlar arasında bölünməsini xahiş edir.
44. Kollegiya qeyd edir ki, səlahiyyətli orqanlara təqdim etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada 26 aprel 2014-cü il tarixdə təsdiq edilmiş ərizənin kserosurətində cavabdeh sözügedən evi Oqtay Həsənovdan 35.000 ABŞ dollarına aldığını götərmişdir.
45. Kollegiya qeyd edir ki, iddia tələbi evə görə ödənilmiş 35.000 ABŞ dollarının bölünməsi hissədə əsaslı olduğundan təmin edilməlidir.
46. Ailə Məcəlləsinə əsasən ər-arvadın əmlakdakı paylarının bərabər olması prezumpsiyası mövcuddur (Ailə Məcəlləsi, maddə 37.1).
47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 maddəsinə əsasən ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
48. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ərarvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumpsiyasını müəyyən edir. Bu da o, deməkdir ki, birincisi, birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; ikincisi, birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; üçüncüsü, hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır, yəni qanunla ər-arvadın ümumi mülkiyyəti sayılan əmlak yalnız tərəflərin razılaşmasına və ya məhkəmənin qərarına əsasən ərin və ya arvadın ayrıca mülkiyyəti sayıla bilər. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: birincisi, əmlak nikah dövründə ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; ikincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır.
49. Həmin Məcəllənin 36.3 maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
50. Həmin Məcəllənin 36.4 maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 -ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
52. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən bildirir ki, hazırkı iş üzrə evə görə ödənilmiş həmin 35.000 ABŞ dollarının ½ hissəsi, 17.500 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) cavabdehdən alınaraq iddiaçıya veilməlidir.
53. Məhkəmə kollegiyası iddia tələbinin evin təmiri üçün sərf edilmiş 20.000 manat pul tələbinə dair hissədə isə qeyd edir ki, iddiaçı həmin tələblə bağlı hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
54. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilmədiyindən, eləcə də maddi hüquq normasının tətbiq və təfsirində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, 6 döngə, 9/1 saylı fərdi yaşayış evinin alınmasına sərf edilmiş 35.000 ABŞ dollarının ½ hissəsi, yəni 17.500 ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (30+15=45) 45 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-509/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, 6 döngə, 9/1 saylı fərdi yaşayış evinin alınmasına sərf edilmiş 35.000 ABŞ dollarının ½ hissəsi, yəni 17.500 (on yeddi min beş yüz) ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev