Məhkəmə qərarları › İş №2(103)-5636/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5636/2022

31.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5636/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1 nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

2. İddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1 MTKya, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK, İddiaçı və Cavabdeh2 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən 3 otaqlı, 59 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Tbilisi prospekti 100, M14, mənzil 4) istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, maddi zərərin əvəzi kimi 5000 manatın, mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı “maliyyə arayışı və pay haqqının taınınması barədə iclas protokolundan çıxarışın etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007- ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 85 saylı prokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən şəxsin iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin dəyərini Cavabdeh2 ödəyərək həmin əmlakı mülkiyyətinə qəbul etmişdir. Cavabdeh2 Cavabdeh1 MTK-ya ünvanladığı xx.xx.2019-cu il tarixli təsdiq olunmuş ərizəsinə əsasən o, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında inşa edilmş yüksəkmərtəbəli yaşayış binasında ona məxsus A bloku, Xİİİ mərtəbə. 131,43 kv.m., 3 otaqlı, 59 saylı mənzilə ödənilmiş 49.480 ABŞ dolları, yəni bütövlükdə onun pay haqqını İddiaçı adına keçirilməsini və onun pay haqqından könüllü olaraq azad edilməsini xahiş etmiş və bununla əlaqədar gələcəkdə yeni qəbul olunmuş payçıya və MTKnın rəhbərliyinə qarşı heç bir iddia və tələbi olmayacağını bildirmişdir.

8. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

9. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) 20 dekabr 2021-ci il tarixli, 2(103)-10744/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxsli qızının apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

11. İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Hər bir iddia üzrə Cavabdeh1 MTK kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat:

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ilk İddiaçı və hər bir iddia üzrə Cavabdeh1 MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 10744/2021 nömrəli qətnaməsi qismən – ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilərək mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı:

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, həqiqətən də MTK-dakı həmin mənzilini satmaq niyyətində olmuş, MTK-dakı payından imtinaya dair ərizəni özü şəxsən imzalamış, lakin ərizənin məzmununu oxumadan imzalamışdır, həmin mənzilə görə şəxsən ona iddiaçı tərəfindən pul verilməmişdir, ola bilsin ki, onun uzun müddət faktiki ər-arvad münasibətlərində olduğu və birlikdə yaşadığı əri, hazırda ona qarşı da dələduzluqda ittiham olunan Ramil Musazadə və ya kimsə onun əvəzindən həmin vəsaiti almışdır, ancaq pul ona çatmamışdır, o, mənzilini Gülnarəyə satmamış, ümumiyyətlə onu tanımamışdır. Bununla belə, Cavabdeh2 əgər doğrudan da mənzili İddiaçı satmamışdırsa və bundan xəbəri olmamışdırsa, onda kooperativin üzvü olduğu halda, 28 aprel 2020-ci il tarixdə 85 saylı protokolla kooperativə yenidən üzv qəbul olunması və yeni maliyyə arayışı almasının səbəbini hər hansı ağlabatan şəkildə izah edə bilməmişdir.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 Cavabdeh2 izahatını uyğun izahat verərək göstərdi ki, MTK-dakı mənzil payından imtinaya dair ərizədəki imza Cavabdeh2 aid olsa da, ərizədəki mətin başqa şəxs tərəfindən icra olunmuş, Vüsalənin ərizənin məzmunundan məlumatı olmamış, onu aldatmışlar, mənzilə görə pulun Cavabdeh2 verilməsi də sübut olunmur, ola bilsin ki, kimlərsə bu əməliyyatları planlı şəkildə təşkil etmişdir, lakin Cavabdeh2 həmin mənzilə görə hər hansı vəsait ödənilməmişdir, Cavabdeh2 təkrarən MTK-ya üzv qəbul olunması və yeni maliyyə arayışının verilməsindən də onun xəbəri olmamışdır, o, bütün işlərinin aparılmasını faktiki əri olan Ramilə etibar etmiş, sonrada isə məlum olmuşdur ki, o da başqaları ilə əlaqəyə girərək Cavabdeh2 da aldadaraq dələduzluq etmişdir, buna görə də apellyasiya şikayətini təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, Cavabdeh2 həmin mənzilin satılması barədə maklerlərə sifariş vermiş, İddiaçı əri maklerlər vasitəsi ilə bundan məlumat almış, sonra maklerlərlə birlikdə mənzilə baxmışlar, mənzilə baxarkən Cavabdeh2 və onun anası evdə olmuş və xeyirdua vermişlər, sonra tərəflər razılığa gəlmişlər, bütün bu prosesslərdə Vüsalənin onlara əri və evin böyüyü kimi təqdim etdiyi Ramil iştirak etmiş, mənzilin çıxarışı olmadığından alqı-satqı ümumi qəbul olunmuş qaydada- Cavabdeh2 MTK-dakı payından imtinası və İddiaçı adına yeni müqavilənin bağlanması və maliyyə arayışının verilməsi qaydasında həyata keçirilmış, Cavabdeh2 özü şəxsən MTK-nın ofisinə gələrək imtina ərizəsinin yazaraq imzalamış, hətta onun rəsmi nikahının çoxdan 2011 və ya 2012-ci ildə pozulmasına baxmayaraq, keçmiş əri də tapılaraq onun da yazılı razılığı alınmışdır. Həmin mənzil qanuni əsaslarla İddiaçı məxsus olduğu və onun mülkiyyəti sayıldığı halda, sonradan cavabdeh başqa şəxslərlə əlaqəyə girərək, yenidən MTK-ya üzv olması və yeni maliyyə arayışına dair saxta sənədlər tərtib etməklə, artıq başqasına məxsus olan mənzilin qanunsuz yollarla özəlləşdirərək, tələm-tələsik, özəlləşmədən bir gün sonra, hüquqi baxımdan mövcud olmayan mənzili Maraqlı şəxs adlı başqa bir şəxslə alqı-satqı etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK nümayəndəsi B.İsgəndərov izahatında göstərdi ki, Cavabdeh2 MTK-dakı mənzilini və bir qarajını satmaq istədiyini bildirmiş, MTK-da hüquqi və müqavilələrlə bağlı işlərlə şəxsən o özü məşğul olur, bu barədə ona özünü Vüsalənin əri kimi təqdim edən Ramil adlı şəxs bildirmişdir və etibarnaməsinin olduğunu demiş, lakin bu işlərdə təcrübəsi olduğundən mənzilin sahibi Vüsalənin şəxsən gəlməli olduğunu bildirmiş, sonradan isə həmin mənzilin Vüsalənin birgə nikahda olduğu vaxt əldə edildiyini bilib, onun keçmiş ərinin də razılığının tələb olunduğunu bildirmiş, Vüsalənin əri israr etsə də, o qəti mövqeyini bildirmiş, bundan sonra Cavabdeh2 MTK-nın ofisinə gəlmiş, o özü Vüsalə xanımla söhbət etmiş, sonra Vüsalə özü mənzildən imtina barədə ərizəni oxuyaraq imzalamış, eyni zamanda ona keçmiş ərinin də yazılı razılıq ərizəsi təqdim olunmuş, yalnız bundan sonra xx.xx.2019cu il tarixdə həmin mənzili İddiaçı satmışdır, pulun alınıb verilməsi tərəflərin öz aralarında olmuşdur. MTK olaraq onlar bu məsələyə qarışmırlar, amma bilir ki, mənzilin alıcısı mənzilin pulunu satıcı tərəfə ödəmişdir, həmçinin bildirdi ki, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarış və Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, Maraqlı şəxs mənzili vicdanlı əldə edəndir, onunla bağlanmış alqı-satqı müqaviləsi mübahisələndirilməmiş, eləcə də onun həmin mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasına dair reyestrdəki qeydi hazırda da qüvədədir, kasassiya məhkəməsinin qərarına əsasən hazırda qətnamə onların tələbinə dair hissədə müzakirə olmasa da, Maraqlı şəxs mülkiyyət hüququnun pozulduğunu nəzərə almalıdır. Sübutların tədqiqi:

19. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, İddiaçı qohumudur. Gülnarənin əri ev almaq istədiklərini bildirmişlər. Bununla əlaqədar evə baxmağa gedəndə onları Rasim adlı şəxs qarşılamışdır. Evi bəyəndikdən sonra, 500 manat beh verilmişdir. Sonradan şirkətə gedib evi sənədləşdirdilər. İddiaçı Cavabdeh2 135.000 manat pul vermişdir.

20. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, MTK-da katib vəzifəsində çalışır. 2019-cu ildə Vüsalənin əri Ramil evi satmaq istədiklərini bildirmişlər. Həmin şəxs qısqanc olduğundan mənzildən imtina barəsində ərizənin onun tərəfindən yazılmasını xahiş etmişdir. Bu zaman Rasim xahiş etmişdir ki, evin alqı-satqısı ilə bağlı ərizə yazsınlar. Cavabdeh2 özü ərizəni oxumuş və imzalamışdır.

21. AR-İ seriyalı 778154 №-li, 25 may 2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 X2 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir.

22. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27 may 2019-cu il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti. 44 C ünvanında yerləşmiş MTK "xxxx"ın tikilməkdə olan binasında 59 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

23. Cavabdeh1 tərəfindən verilmiş 27 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə XİV, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49.480 ABŞ dolları payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

24. Cavabdeh2 Cavabdeh1 MTK-ya ünvanladığı xx.xx.2019-cu il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, o, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında inşa edilmş yüksəkmərtəbəli yaşayış binasında ona məxsus A bloku, Xİİİ mərtəbə. 131,43 kv.m., 3 otaqlı, 59 saylı mənzilə ödənilmiş 49.480 ABŞ dolları, yəni bütövlükdə onun pay haqqını İddiaçı adına keçirilməsini və onun pay haqqından könüllü olaraq azad edilməsini xahiş edir. Bununla əlaqədar gələcəkdə yeni qəbul olunmuş payçıya və MTKnın rəhbərliyinə qarşı heç bir iddia və tələbi olmayacaqdır.

25. X9 Cavabdeh1 MTK-ya ünvanladığı xx.xx.2019-cu il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, o, keçmiş həyat yoldaşı Cavabdeh2 məxsus A bloku, Xİİİ mərtəbə, 131,43 kv.m., 59 saylı mənzilin və bütövlükdə əmlakın satılmasına, bağışlanmasına və pay haqqından imtina etməsinə etiraz etmir.

26. Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 85 №-li protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında A girişi, Xİİİ mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

27. Cavabdeh1 tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə Xİİİ, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49.480 ABŞ dolları payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

28. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.

29. Cavabdeh1 xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006- cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur.

30. Notariat qaydasında 19 may 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır.

31. Notariat qaydasında 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır.

32. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 10, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Maraqlı şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.

33. Bakı şəhəri Xətai RPİ-nin baş müstəntiqi, polis mayoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Vüsaləyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007ci məhəllə, 59 nömrəli mənzili Elxan adlı makler İbrahimxəlil adlı şəxsə almaq istəmişdir. İbrahimxəlil İddiaçı əridir. Elxan isə etibarnamə əsasında İddiaçı adından çıxış etmişdir. Elxan və İbrahimxəlil hətta gəlib həmin mənzilə baxaraq bəyənmişlər. Vüsalə və anası mənzilə görə xeyir-dua da vermişlər. Vüsalə mənzilin və mənzilə aid olan bir qarajın ümumilikdə 135000 manata satılmasına razılıq vermişdir. Vüsalə ona təmsil etmək üçün baş etibarnamə vermişdir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmadığı üçün Vüsalə həmin mənzili Cavabdeh1 MTK vasitəsilə satmaq istəmişdir. Bu məqsədlə o, Cavabdeh1 MTK-nın Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmiş və orada MTK-nın hüquqşünası olan Bəhlul İskəndərov adlı şəxslə görüşdü. O, Bəhlula mənzili Vüsalənin adından satmaq istədiyini bildirmişdir, lakin Bəhlul Vüsalənin özünün MTK-ya gəlməli olduğunu bildirmişdir. Bu işdə ona Vüsal adlı dostu da köməklik etmişdir. Vüsalın qayınatası Vilayət müəllim bildiyinə görə Cavabdeh1 MTK-nın rəhbəridir. Vüsal hazırda Türkiyədədir. Bəhlul mənzilin digər şəxsin adına sənədləşdirilməsi üçün zəruri olan sənədlər haqda Vüsala demiş, Vüsal da bu haqda ona demişdir. Vüsalənin keçmiş həyat yoldaşı olan X9 da razılığı lazım olmuşdur. Vüsalə Anarla bu haqda danışandan sonra, o, Anarın yanına gedib ərizəni almışdır. Onlar lazım olan sənədləri toplamışlar. Hətta Vüsal imzalamaq üçün MTK-dan bir ərizə almışdir. Ərizənin məzmununda Vüsalənin mənzilin satılmasına etirazının olmaması göstərilmişdir. Vüsalə ərizə ilə tanış olub üzərində müvafiq qeydlər etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə

34. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

36. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

38. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:

39. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10744/2021 nömrəli qətnaməsi qismən – ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edildiyindən, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən yalnız ilkin iddia və qarşılıqlı iddia tələblərinə aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:

53. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

57. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

58. Apellyasiya məhkəməsinin bundan əvvəlki qərarını ləğv etmiş Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edir ki, “ ... kasasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası mənzilin Maraqlı şəxs satılmamışdan öncə İddiaçı satılmasını təsdiq edən hər hansı mötəbər dəlilin məhkəməyə təqdim edilməməsinə, həmin əmlakların əvəzində Cavabdeh2 pulun verildiyinə dair sübutu məhkəməyə təqdim edə bilməməsinə, Cavabdeh2 Cavabdeh1 MTK-nın üzvlüyünə xitam verilməsini təsdiq edən hər hansı dəlilin mövcud olmamasına, Cavabdeh1 MTK-nın faktiki olaraq mülkiyyətində olmayan daşınmaz əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamıasına istinad edib ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etmiş olsa da, iş materiallarında olan və Cavabdeh2 tərəfindən imzalanmış pay hüququndan imtina barədə ərizəsinə, onun sabiq əri tərəfindən də buna etiraz edilməməsi barədə ərizəsinə hər hansı münasibət bildirməmişdir. Halbuki, Cavabdeh2 həmin ərizənin onun tərəfindən imzalanmasını etiraf etmişdir. Belə olan halda o, mübahisəli mənzilə dair pay hüququnun xitam veriləcəyinə bələd olmuş, lakin hazırki ilk iddiaçı məhkəməyə yuxarıda qeyd edilmiş tələblə müraciət etdikdən sonra İddiaçı qarşı MTK ilə Gülnarə arasında bağlanmış müqaviləni mübahisələndirmişdir. Əgər Cavabdeh2 həmin mənzilə dair pay hüququndan könüllü imtina etmək niyyətində deyildisə, ərizəni könüllü olaraq imzalamamışdısa, nəticəsi özünə bəlli olan göstərilən halları və Gülnarə ilə bağlanmış müqaviləni daha əvvəl mübahisələndirmək imkanında idi ki, o, bu imkandan istifadə etməmiş və həmin niyyətini nümayiş etdirməmişdir. Apelyasiya kollegiyası bu hala da münasibət bildirməmiş və əhəmiyyət verməmiş, qarşılıqlı iddiaçının iddia tələbinə münasibətdə kəsici iddia müddətinin tətbiq edilmə imkanını və xüsusiyyətlərini də araşdırmamış və hər hansı münasibət bildirməmişdir.

59. Bundan əlavə, ilkin iddiaçının kasasiya şikayətində göstərdiyi kimi apelyasiya kollegiyası nəzərə almamışdır ki, əgər Cavabdeh2 ilkin alıcı kimi xx.xx.2006-cı il tarixli müqavilənin əsasında verilmiş protokolu və maliyyə arayışı qüvvədə idisə, yenidən 28 aprel 2020-ci il tarixdə 85 saylı protokol və ondan çıxarış, maliyyə arayışı verilməsinin nə əhəmiyyəti var idi və hansı əsasla mövcud olmuş fakt və sənədlər nəzərə alınmadan yenidən göstərilən sənədlər tərtib edilməli idi.

60. ...Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunda MTK-nın sədri Ş.R.Hüseynov göstərildiyi halda, Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışında MTK-nın sədri R.Ş.Abdullayev göstərilmişdir. Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən isə, R.Ş.Abdullayev MTK-nın əvvəlki sədri (2016-cı ilə kimi) olmuş, xx.xx.2020-ci il tarixdə və hal-hazırda isə sədr A.P.Musayevdir. Qeyd olunan halları MTK-nın nümayəndəsi B.İskəndərov da birinci instansiya məhkəməsində məhkəmə iclasında bildirərək göstərmişdir ki, həmin sənədlər ("xxxx" MTK-nin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarış və Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı) əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur. Apellyasiya kollegiyası bu hala da əhəmiyyət verməmiş və bu istiqamətdə də hər hansı hüquqi mövqe nümayiş etdirməmişdir. Halbuki, tərəflərin izahatları da digər sübutlarla yanaşı, dəyərləndirilməli və hüquqi qiymət verilməli idi.

61. Kollegiya qeyd edir ki, "xxxx" MTK-nın məktubundan və həmin MTK-nın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir.

62. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarışa görə Cavabdeh2 həmin tarixdə mübahisəli mənzilin payçısı olması təsdiq edilmiş və onun adına eyni tarixli maliyyə arayışı verilmişdir. Həmin sənədlər əsasında Cavabdeh2 mübahisəli mənzilə dair öz adına mülkiyyət hüququ haqqında çıxarış almış və qısa müddət ərzində həmin mənzili Maraqlı şəxs satmışdır. Göstərilən sənədlərə nəzər yetirdikdə görünür ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunda MTK-nın sədri Ş.R.Hüseynov göstərildiyi halda, Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışında MTK-nın sədri R.Ş.Abdullayev göstərilmişdir. Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, R.Ş.Abdullayev MTK-nın əvvəlki sədri (2016-cı ilə kimi) olmuş, xx.xx.2020-ci il tarixdə və hal-hazırda isə sədr A.P.Musayevdir. Qeyd olunan halları MTK-nın nümayəndəsi B.İskəndərov da məhkəmə iclasında bildirərək, göstərmişdir ki, həmin sənədlər ("xxxx" MTK-nin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarış və Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı) əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur.

63. Məhkəmə kollegiyasının iclasında izahat verərkən də Cavabdeh2 yenidən 28 aprel 2020-ci il tarixdə 85 saylı protokol və ondan çıxarış, maliyyə arayışı verilməsinin səbəblərini zah edə bilməmişdir.

64. Kollegiya hesab edir ki, rayon məhkəməsi İddiaçı ilkin iddia tələbi əsaslı olduğundan ilkin iddia tələbini təmin etməkdə, qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Çünki həmin mənzilin Cavabdeh2 adından İddiaçı adına MTK-da özgəninkiləşdirilməsinin sənədləşdirilməsi uzun illər ərzində tətbiq olunan və hazırda da movcud olan və oturuşmuş praktikaya və işgüzar adətələrə tam uyğun olmuşdur. Cavabdeh2 həmin mənzilə dair iddiaçıdan, mənzilin alıcısı İddiaçı tərəfindən mənzilin dəyərinin ona ödənilməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 özü də təsdiq etmişdir ki, uzun illərdir notariat kontorunda işləmişdir, belə olan halda mənzilin dəyərinin ödənilmədiyi bir vəziyyətdə mənzildən imtinaya dair həm özünün yazılı ərizə verməsi, həm də 2012-ci ildə boşandığı keçmiş əri X9 (1-ci cild, i/v 210) da buna dair yazılı razılıq ərizəsini MTK-ya təqdim etməsi ağılabatan görünmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin mənzilə dair ödənişin Cavabdeh2 özünün şəxsən, ya əri kimi təqdim etdiyi R.Musazadənin, ya da onlarla birlikdə olan digər şəxsin alması hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.

65. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs iddia tələbi ilə bağlı isə qeyd edir ki, mənzilə dair onunla bağlanmış müqavilə, buna uyğun oaraq daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış qeyd qüvvədədir, mübahisələndirilməmişdir, Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-2885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qətnamə onun iddia tələbinə aid təmin edilməyən hissədə qüvvədə olduğundan onun apellyasiya şikayəti yoxlanılmır.

66. Beləliklə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, rayon məhkəməsi iş üzrə maddi və prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir.

67. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı təmin, qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

70. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar