Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-564/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh, onun nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)-1939/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 01 mart 2019-cu il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində yerlşən notariat ofisində 3M-95 nömrə ilə reyestrdə qeyd edilməklə bağlanan kredit müqaviləsinin borcun ödənilməsi səbəbi ilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 mart 2019-cu il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariat ofisində bağlanan kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 4000 manat məbləğində pul vəsaitini borca almışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən iddiaçı borcu cavabdehə 01 yanvar 2020-ci il tarixinədək qaytarmaq öhdəliyini götürmüşdür. Tərəfindən qeyd edilən öhdəlik vaxtında yerinə yetirilsə də, yəni götürülmüş 4000 manat borc ödənilsə də, cavabdeh bugünədək borcu ondan tələb etmişdir. Belə ki, cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsinin 6-cı bəndinə əsasən “borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Qeyd edilən bəndin tələbi ilə iddiaçı tərəfindən borc tam ödənildikdən sonra, cavabdeh öz əlyazması ilə kredit müqaviləsinin üzərinə “İddiaçı mənim 4000 minimi ödədi, heç bir etirazım yoxdur” ifadəsini yazmış və imzalamışdır. Lakin sonradan cavabdeh yenidən ödənilmiş borcu iddiaçıdan tələb etməyə başlamışdır. Onun tərəfindən borcun ödənilməsi səbəbində imtina edildikdə isə, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə şikayət etmiş, araşdırılma nəticəsində borcun ödənildiyi məlum olunduğundan, şöbə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bunan sonra, cavabdeh 02 dekabr 2020-ci il tarixdə iddiaçıya bildiriş göndərərək, yenidən ödənilmiş borcu tələb etmiş, əks təqdirdə notariat ofisinə müraciət edərək, icra qeydinin aparılmasını xahiş edəcəyini bildirmişdir. İddiaçı tərəfindən isə həmin bildirişə dair notariat ofisinə rəsmi qaydada təqdim edilmişdir. Bu səbəbdən artıq kredit müqaviləsinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)-1939/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 01.03.2019-cu il tarixində bağlanmış və reyestrdə 3M- 95 № ilə qeyd edilmiş kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddianın qəbul etməyərək, müqavilədə olan yazının ona məxsus olmadığını bildirsə də, məhkəmə bu vacib halı aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza təyin etməyərək, həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməməklə hüquq normalarının tələblərini pozmaqla səhv nəticəyə gəlmiş, bu səbəbdən də qətnamə ləğv edilərək, iddianın rədd olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayədəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi X2 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)-1939/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Kollegiya iş materiallarını, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli yoxlayıb qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin tədqiq olunan materialları əsasında müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01.03.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 4000 manat pul məbləğinin faizsiz borc verilməsi və borc məbləğinin 01.01.2020 tarixədək qaytarılması olmuşdur. İddiaçı iddia edir ki, borc məbləğini hissə-hissə qaytarmış və bu barədə cavabdeh tərəfindən kredit müqaviləsinin arxasına müvafiq qeydlər aparılmışdır. Eyni zamanda borcun qaytarılması hissə-hissə həyata keçirilmiş olduğundan əməliyyat notariusun depozit hesabı vasitəsilə aparıla bilməmişdir. Belə ki, o qalıq borcun 2000 manat hissəsini sonuncu dəfə notariat idarəsində həyata keçirmiş və cavabdeh müqavilədə öz xətti ilə bu barədə, konkret olaraq isə “İddiaçı mənim 4000(dörd) minimi ödədi, heç bir etirazım yoxdu” qeyd etmişdir. Lakin sonradan cavabdeh notariusa icra qeydi verilməsi ilə bağlı müraciət etdiyindən, həmin müqavilənin ləğv edilməsi barədə iddia vermək qərarına gəlmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi vəkili iddianı qəbul etmir və həmin qeydin onun tərəfindən aparılmadığını, eyni zamanda borcun notariusun depozit hesabı vasitəsilə qaytarılmalı olduğunu bildirir. Məhkəmə işin müəyyən edilən halları əsasında hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi borcalan tərəfindən tam şəkildə icra edilməklə kredit müqaviləsinin arxa səhifəsində cavabdeh tərəfindən yazılan “İddiaçı mənim 4000 manatımı ödədi, heç bir etirazım yoxdur” ifadəsi göstərir ki, cavabdeh özü borc məbləğinin ona qaytarılmasını təsdiq edir. Odur ki, müqavilə üzrə öhdəliklərə icra nəticəsində xitam verildiyindən və borclunun kreditordan icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməsi əvəzinə, gələcəkdə həmin müqaviləyə istinad edilərək yenidən iddia verilməsinin qarşısının alınması məqsədilə artıq öhdəliklərinə xitam verilmiş müqavilənin ləğv edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifəsi bütün fiziki və yaxud hüquqi şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını təmin etməkdən ibarətdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 424.2, 427.3, 527.2, 528, 529.1, 529.3, 529.5, 529.6, 739.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-cü maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qeyd edilən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, əsaslı hesab etmir. Məhkəmə işə baxarkən işin həqiqi hallarını düzgün müəyyənləşdirməmişdir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İş materialları ilə müəyyən olunur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən etirazını onunla əsaslandırmışdır ki, iddiaçının sübut qismində istinad etdiyi müqavilədə olan qeyd onun tərəfindən icra edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə iclaslarında borc məbləğinin qaytarılmadığını, kredit müqaviləsində olan qeydin onun tərəfindən icra edilmədiyini bildirsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi yazılan qeydin onun hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən icra edilmədiyini bildirsə də, bununla bağlı xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verməmiş və cavabdeh məhkəmə iclaslarında şəxsən iştirak etməyərək ondan imza, xətt nümunələrinin götürülməsinə imkan yaratmamışdır. Odur ki, cavabdeh tərəfin bu barədə etirazına məhkəmə formal mülahizə kimi qiymət verərək, iddianın rədd və ya qismən təmin edilməli olmaması qənaətinə gəlmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmə zəruri tədbirlər görməmişdir. Belə ki, işə baxan məhkəmə cavabdehin qeyd olunan dəlilinin yoxlanılmasını təmin etməli idi. Çünki bu halın yoxlanılması bilavasitə iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün, kollegiya cavabdehin ekspertiza keçirilməsi barədə vəsatətini təmin edərək, məhkəmə xətşünaslıq ekspertizası keçirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 29 dekabr 2021-ci il tarixli 4/1845№-li rəyi ilə məyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2(103)-10264/2021 nömrəli mülki işin 6-cı vərəqəsində olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisində bağlanmış 01 mart 2019-cu il tarixli, 3M-95 nömrə ilə reyestrdə qeyd edilməklə bağlanan kredit müqaviləsinin arxasında “İddiaçı mənim 4000 (dörd) minimi ödədi heç bir etirazım yoxdu” yazılar və həmin yazılardan aşağıdkaı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspertiza ilə razılaşmayan iddiaçının vəsatəti əsasında iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 4/298№-li rəyi ilə məyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2(103)-10264/2021 nömrəli mülki işin 6cı vərəqəsində olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisində bağlanmış 01 mart 2019-cu il tarixli, 3M-95 nömrə ilə reyestrdə qeyd edilməklə bağlanan kredit müqaviləsinin arxasında “İddiaçı mənim 4000 (dörd) minimi ödədi heç bir etirazım yoxdu” yazılar və həmin yazılardan aşağıdkaı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(103)-564/2022 nömrəli mülki işin 97-99cu vərələrində olan Cavabdeh eksperimental xətt və imza nümunələrində xəttin və imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hər iki ekspertiza rəyini işin materialları ilə əlaqəli qiymətləndirib hesab edir ki, ekspert rəyilərini şübhə altına almaq üçün əsas yoxdur və rəylər sübut kimi qəbul edilib qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qanunvericiliyin normalarından göründüyü kimi mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Kollegiya iş materiallarını və ekspertiza rəylərini qiymətləndirərək hesab edir ki, iddiaçının kredit müqaviləsinin ləğv edilməsi tələbini əsaslandırdığı hal, yəni, kredit müqaviləsinin arxa səhifəsində “İddiaçı mənim 4000 (dörd) minimi ödədi heç bir etirazım yoxdu” ifadəsinin cavabdeh tərəfindən icra edildiyi müəyyən olunmur. İşin müəyyən olunmuş bu halına görə, eləcə də yuxarıda qeyd edilən iddiaçının qanunvericiliyin tələblərinə uyğun bağladığı müqavilə üzrə öhdəliyini icra etməsi öz təsdiqini tapmadığından, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)-1939/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)-1939/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-564/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-564/2022
31.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver