Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-564/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndələri Vəkil Əli qızının və X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: 15 iyun 2010-cu il tarixdə saat 15 radələrində N.Nərimanov adına Neft və Qaz çıxarma İdarəsinin 1 saylı Neft qaz çıxarma sexinin 432 saylı meydançasında beton lövhələrin qopub açıq dənizə uçması nəticəsində Qobustan Nəqliyyat İdarəsində motorçusürücü işləyən X1 idarə etdiyi “Kraz” markalı, 10 AĞ 819 dövlət nömrə nişanlı avtomobil və manevrdə ona köməklik edən, həmin İdarədə maşinist-köməkçi işləyən X5 dənizə düşmüş, hadisə nəticəsində X5, yəni iddiaçının qardaşı vəfat etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1ndən müştərək qaydada onun xeyrinə 30.000.000 (otuz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4626/2024 saylı qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1ndən vurulmuş mənəvi zərərin əvəzi qismində 2000 (iki min) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı proses iştirakçıları mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək barışıq sazişini elektron məhkəmə vasitəsilə məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı cavabdehin nümayəndələrinin izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunan hissədə qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 arasında bağlanılmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh1 mənəvi zərərə görə 8000 (səkiz min) manat məbləğində kompensasiyanı iddiaçıya ödəməyi öhdəsinə götürür.
2. İddiaçı razılaşır və Cavabdeh öhdəsinə götürür ki, qeyd olunan 8000 (səkiz min) manat məbləği bu Saziş qüvvəyə mindiyi tarixdən sonrakı 3 həftə ərzində İddiaçıya tam şəkildə ödəyəcəkdir.
3. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 8000 (səkiz min) manat məbləğində olmasını təsdiq edir, cavabdehə qarşı mövcud iddia tələbindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə Cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür. Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.