Məhkəmə qərarları › İş №2(103)-5649/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5649/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5649/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4990/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi ziyanın əvəzi oaraq 1.000.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” X1 X10 Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətin 8-ci sahəsinin ustası vəzifəsində işləməklə, inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olaraq, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəki yeni yaşayış massivində yerləşən abonentlərə qaz nəql edən 40 mm diametrlik borulardan ibarət və aşağı təzyiqli olduğu üçün yerüstü çəkilməli olan qaz xəttinin yeraltı olaraq həmin küçədə yerləşən X9 məxsus evin altından keçməsini aşkar etmək üçün real imkanı olmasına baxmayaraq, bunu vaxtında etmədiyi üçün xətlə nəql edilən təbii qaz borusunun korroziyaya uğrayaraq tamlığının pozulması səbəbindən Anar Rzayevin evinə qaz dolmuş, nəticədə 12.09.2010-cu il tarixdə saat 7 radələrində Anar Rzayev öz ailə üzvləri, yəni azyaşlı oğlu X12, yeni doğulmuş adı qoyulmamış oğlan uşağı ilə birlikdə dəm qazından zəhərlənərək, arvadı X4 isə baş vermiş yanğın zamanı aldığı termiki yanıq xəsarətləri ilə əlaqədar intoksikasiya nəticəsində ölmüşlər. Binəqədi Rayon Məhkəməsinin 29 may 2011ci il tarixli hökmünə əsasən X6 AR Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə qardaşının, gəlinlərinin, 1 yaşlı və hələ adı qoyulmamış yeni doğulmuş körpələrin həlak olmasından sonra iztirab, sarsıntı keçirmədiyi gün olmayıb. Ailədə yeganə oğlan olan qardaşını itirmək nəslilərinin kəsilməsi deməkdir. Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “Cavabdeh” İB-dən mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaitinin tutularaq X3 ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun “Cavabdeh” İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin mənəvi ziyanın qarşılığı olaraq təyin etdiyi məbləğin ağlabatan olmamasını irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh təşkilat ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 29.05.2011-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Rasif Məmmədov AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Rasif Məmmədov ona görə təqsirləndərilmişdir ki, o, “Qaz Təchizatı 2.08.08-87 Tikinti Norma və Qaydaları” nın 4.7 və 4.22 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.1 və 9.1-ci bəndlərinin, habelə “Cavabdeh” İB-nin baş direktorunun Regionlar üzrə qaz istismar idarəsinin və Bakı şəhəri X8 rəislərinə ünvanlanmış 30.03.2010-cu il tarixli ƏH -04-4312/4 saylı direktiv göstəriş məktubunun və “Binəqədi rayon X10 Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın tələblərini pozmuş və ehtiyatsızlıqdan iddiaçının qohumlarının ölümü ilə nəticələnən səhlənkarlıq etmişdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, dəymiş mənəvi ziyanın iddiaçıya daha artıq məbləğdə müəyyən olunması işin hallarına uyğun deyil. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının qardaşının və ailə üzvlərinin ölümünə görə cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi qismində tanınmış iddiaçının atası X7 xeyrinə mənəvi zərər qismində 100.000 manat pulun tutulmuşdur. İddiaçı isə hazırki tələblə 10 ilə yaxın vaxt keçəndən sonra müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4990/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar