Məhkəmə qərarları › İş №2(103)-565/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-565/2021

10.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-565/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Zülfü oğlu və onların və digər iddiaçıların nümayəndəsi və vəkili X14, Cavabdehin nümayəndəsi X11, cavabdehin digər nümayəndəsi və vəkili X15, X10 Xidmətin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh ”Cavabdeh” MMC-nə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışlar ki, 2016-cı ilin mart ayında Gəncə şəhərinin su və kanalizasiya sisteminin tikintisinə dair tenderin qalibi iş üzrə cavabdeh “xxxx” MMC ilə aralarında razılaşma olmuş, həmin razılaşmaya əsasən xx xxxx 2016-cı ildən etibarən Gəncə şəhəri su və kanalizasiya sisteminin bərpası işlərinə cəlb olunmuşlar,bir müddət layihə əsasında müəyyən işlər görsələr də, cavabdeh təşkilat tərəfindən onlara olan əmək haqqı borcu vaxtlı-vaxtında ödənilmədiyindən, həmin layihə üzrə işlərin dayandırmaq məcburiyyətində qalmışlar. Nəticədə cavabdeh təşkilatın onlara ümumilikdə 140480 manat hazırki günə ödənilməmiş borcu qalmışdır. Belə ki, X5 (maşinist) – 2000 manat, İddiaçı10 (sürücü pikap) – 4000 manat, İddiaçı2 Zülfü oğlu (layihə rəhbəri) – 44104 manat, İddiaçı1 (tikinti üzrə konsultant) – 34460 manat, İddiaçı3 Füzuli oğlu (maşinist) – 9494 manat, İddiaçı7 (sürücü) – 2726 manat, X9 (maşinist) – 8848 manat, İddiaçı8 (maşinist) – 10792 manat, İddiaçı5 (maşinist) – 11278 manat, İddiaçı4 (maşinist) – 12778 manat. Dəfələrlə cavabdeh təşkilata, eləcə də, digər aidiyyatı dövlət orqanlarına borcun ödənilməsi ilə bağlı müraciət etsələr də, bu heç bir nəticə verməmişdir. Cavabdeh təşkilat tərəfindən Gəncə şəhəri üzrə yuxarıda qeyd olunan layihənin icrası məqsədi ilə işə cəlb edilməyini kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır, belə ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 2 saylı region üzrə X7 xx xxxx 2019-cu il tarixli məktub, cavabdeh təşkilat tərəfindən xx xxxxxx 2017ci il tarixinə olan əmək haqqı borcu üzrə tərtib və təsdiq edilmiş cədvəl, habelə layihə rəhbəri kimi İddiaçı2 Zülfü oğluna xx xxxxxx 2017-ci il tarixdə verilmiş xasiyyətnamə buna əyani misaldır. iddiaçılar yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdeh təşkilat tərəfindən əmək haqqı üzrə borcu ödənilmədiyindən əmək hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh təşkilat Cavabdeh MMC tərəfindən əmək haqqı borcu olaraq iddiaçılara ödəniləcək 140480 (yüz qırx min dörd yüz səksən) manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 140480 (yüz qırx min dörd yüz səksən) manat iddiaçıların xeyrinə tutulması qət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh MMC apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri kimi qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barəsində onlar lazımı qaydada məlumatlandırılmamış, onlarin iştirakı təmin olunmamış, məhkəmədə dinlənilmək hüquqları və çəkişmə prinsipi pozulmuşdur, həmçinin, iddiaçılarla onun arasında əmək qanunvericiliyinə uyğun heç bir əmək müqaviləsi, yaxud mülki qanunvericiliyə uyğun hər hansı xidmət müqaviləsi olmamışdır, rayon məhkəməsi iddiaçıların subyektiv hüququnun olub-olmamasını yoxlamamış, prosessual və maddi hüquq hormalarını pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi İddiaçı7 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, o, iddiaçıların əksəriyyətini tanımır, onlardan İddiaçı1 və İddiaçı2 tanıyır ki, o da əmək münasibətləri ilə əlaqədar olmayıb, ümumi qaydada tanışlıq olmuşdur, iddiaçılarla rəhbəri olduğu MMC-nin hər hansı əmək və sair müqaviləsi olmamışdır, müəsissiənin direktoru kimi işləri ilə əlaqədar tez-tez başqabaşqa rayonda olduğu üçün əməliyyatların operativliyini təmin etmək zərurət ilə əlaqədar həmişə ofisdə hazır imzalı, möhürlü blanklar saxlayıb ki, onun olmadığı vaxtlarda yazışmaların ləngidilməməsi və işləri sürətli aparılması məqsədiylə işçiləri həmin imzalı və möhürlü sənədlərdən istifadə etsinlər, dəfələrlə bu praktikadan istifadə olunub, onlara məlum olmayan yolla iddiaçılar da həmin blanklardan birinə əmək haqqı borcu barədə belə bir mətn əlavə ediblər və həmin saxta sənədi də sübut kimi məhkəməyə təqdim etmişlər, rayon məhkəməsi də həmin sənədin əslini tələb etmədən və onun həqiqiliyini yoxlamadan, yalnız həmin saxta sənədə (həm də kserosurətə) istinadın, onlara məlumat vermədən və onları dinləmədən tam qanunsuz qətnamə qəbul etmişdir. Onun həmin sənəddə yazılan mətndən məlumatı yoxdur. Onlar, adətən, belə maliyyə sənədlərini firmanın rəsmi hazır blanklarında tərtib edirlər. Məhkəmənin həmin sənədə istinad etməsi düzgün deyildir, bu səbəbdən də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili T.Əliyev apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, işə baxmış rayon məhkəməsi həm prosessual, həm də maddi normaları kobud şəkildə pozmuşdur, iddiaçılarla cavabdeh arasında heç bir əmək, podrat və ya xidmət müqaviləsi bağlanmamışdır. Onlar hazır imzalı və möhürlü vərəqə sonradan belə bir mətn əlavə etmişlər ki, həmin vərəqdə yazıların bir hissəsinin çap formasında, MMC-in vəzifəli şəxslərinin ad və soyadlarının isə əlyazma formasında icra edilməsi də bunu təsdiq edir. İddiaçıların həmin sənədin rəngli kserosurətini hazırlayaraq rayon məhkəməsinə onu təqdim etmələri də onların sənədlərlə işləmə “bacarığına” malik olduqlarını göstərir. Ekspert rəyi ilə də həmin sənədin sonradan hazırlandığı müəyyən oluna bilər, rayon məhkəməsi isə yalnız həmin sənədə istinadən qətnamə qəbul etmişdir. Nümayəndə həmçinin yazılı ərizə təqdim edərək iddiaçılar tərəfindən əmək haqqı tələbi ilə bağlı qanunda təsbit olunmuş müddətin də ötürüldüyünü göstərərək, müddəti tətbiq etməklə, həm də bu əsasa görə iddia tələblərinin rədd edilməli olmasını bildirmişdir. Bütün qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayəti ilə razılaşmadığını bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 da eyni məzmunda izahat verərək və apellyasiya şikayəti ilə razılaşmayaraq, göstərdi ki, o və digər iddiaçılar iddia ərizəsində qeyd olunan tarixdə cavabdeh MMC-də qeyri-rəsmi işləyiblər, dəfələrlə o, İddiaçı7 onlarla rəsmi əmək müqaviləsi bağlanması üçün müraciət etmiş, lakin o, müxtəlif bəhanələrlə hər dəfə bundan yayınmış, yalnız xeyli sonrakı müddət xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək əmək müqaviləsi bağlamışdır. İlkin razılaşmaya əsasən onun əmək haqqı əvvəl 2000 manat, sonra isə 8000 manat olmuşdur, o, əmək haqqını tabelə qol çəkməklə nağd formada alırdı, lakin sonradan onun və diğər iddiaçıların əmək haqları ödənilməmişdir, bununla bağlı onlar dəfələrlə İddiaçı7 müraciət etsələr də, nəticəsi olmamışdır, məcbur qalıb dövlət orqanlarına müraciət etmişlər, əmək müfəttişliyində aparılan araşdırmalar zamanı da müəsissənin rəhbərliyi onlara olan borcunu ödəyəcəyini bildirsə də, sözünə əməl etməmişdir, əmək müfəttəşliyindən onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur, bundan sonra da onlar məhkəməyə müraciət etmişlər. Rayon məhkəməsinin istinad etdiyi ”İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədi məhkəməyə o, özü təqdim etmişdir, doğrudur ki, onlar məhkəməyə həmin sənədin əslini deyil, rəngli kserosurətini vermişlər, lakin məhkəmə onlardan sənədin əslini istəməmişdir, lazım gələrsə, həmin sənədin əslini təqdim edə bilərlər, bununla belə, həmin sənədi onlar sonradan doldurmamışlar, sənədi onlara MMC-nin rəhbərliyi vermişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. . Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili S.Əsədov apellyasiya şikayətinin dəlilərinə etiraz edərək göstərdi ki, cavabdeh MMC iddiaçılarla qanunla müəyyən olunmuş qaydada əmək müqaviləsi bağlamadan onları işlətmiş, bu vaxt həm əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş, eyni zamanda da işçilərin əmək haqqlarını verməmişdir, bu xüsusatlar əmək müfəttişliyində, eləcə də prokurorluqda aparılan araşdırmalarla da təsdiq olunmuşdur, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayədəsi A.Babayeva şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 2 saylı region üzrə X7 xx.xx.2019-cu il tarixli **********0 saylı məktubdan görünür ki, təqdim olunmuş məktubdan və müəssisədə çalışan işçilərin izahatlarından, həmçinin rəhbəri olduqları qrup üzrə əmək haqqı borcuna dair “xxxx” MMC-nin rəhbərliyi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş cədvəldən məlum olmuşdur ki, 15 şikayətçidən yalnız müəssisə ilə əmək münasibətləri əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş, digər işçilər isə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmçinin “xxxx” MMC tərəfindən qrupunda işləyən X4 yaranmış borc üzrə 3242 (üç min iki yüz qırx iki) manat, X1 886 (səkkiz yüz səksən altı) manat ödənilmişdir. DSC şirkətinin məktubuna əsasən layihə meneceri cənab Vəliyev Eldəniz cənab İddiaçı2la əvəz edilməsi ilə bağlı daxili dəyişiklik barədə “xxxx Baş ofisinin qərarına dair məlumat almışlar. Həmçinin, üçüncü müvəqqəti layihə meneceri artıq 6 ay ərzində fəaliyyət göstərmişdir. Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş cədvələ əsasən şirkətin İddiaçı6 (maşinist)- 2000 manat, İddiaçı10 (sürücü pikap) -4000 manat, İddiaçı2 (layihə rəhbəri)-45104 manat, İddiaçı1 (tikinti üzrə konsultant)-34460 manat, İddiaçı3 Füzuli oğluna (maşinist)-9494 manat, İddiaçı7 (sürücü)-2726 manat, X6 (maşinist)-8848 manat, İddiaçı8 (maşinist)- 10792 manat, İddiaçı5 (maşinist)-11278 manat, İddiaçı4 (maşinist) -12778 manat məbləğində əmək haqqı borcu vardır. “xxxx” Az MMC-nin (VÖEN **********) xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, xx xxx 2019-cu il tarixli 19130Ö7733 məktuba cavab olaraq bildirilmişdir ki, şikayət edənlərdən yalnız İddiaçı2 Zülfü 24,01.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək müəssisədə layihə rəhbəri vəzifəsində işləmişdir. Əmək müqaviləsinə uyğun olaraq onun əmək haqqısı 250 (iki yüz əlli) manat (vergilər daxil) olmuşdur. Əməkdaş xx.xx.2017-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Müəssisənin əməkdaşa 2298.71 AZN ödənilməmiş borcu vardır. Maliyyə çətinliyinə görə yaranmış borc bugünədək ödənilməmişdir. Yaranmış borcun tezliklə tərəflərindən ödəniləcəyinə şirkət zəmanət verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/793- 5/795 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması səbəbindən MPM-nin 372.2-ci maddəsinin göstərişinə əsasən cavabdeh tərəfin izahatlarını, ekspertiza keçirilməsi barədə vəsatətini və müddətin tətbiqinə dair ərizəsinin apellyasiya baxışında (mərhələsində) qəbulunu mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri yalnız İddiaçı2 tələbinə aid hissədə qismən təmin edilməlidir və İddiaçı2 aid hissədə əsaslandırma ayrıca aparılacaqdır. İddiaçıların hazırkı iddia tələbinin qanuni əsasını fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndi və 294-cu maddəsi ilə birlikdə götürülməklə həmin Məcəllənin 288-ci maddəsinin d) bəndi təşkil edir. İddiaçılar bildirir ki, 2016-cı ilin mart ayında Gəncə şəhərinin su və kanalizasiya sisteminin tikintisinə dair tenderin qalibi iş üzrə cavabdeh “xxxx” MMC ilə aralarında razılaşmaya əsasən cavabdehlə əmək münasibətlərində olmuşlar, müqavilələrə əsasən 2016-cı ilin dekabr ayına qədər müəyyən işlər görsələr də, cavabdeh təşkilat tərəfindən onların əmək haqqısı tam ödənilməmişdir və hazırda Cavabdeh MMC tərəfindən əmək haqqı borcunun onlara ödənilməsini tələb edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsində fərdi əmək mübahisələrinin anlayışı verilmişdir. Normaya əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsində fərdi əmək mübahisələrinin predmeti müəyyən edilmişdir. Həmin maddənin d) bəndinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi də fərdi əmək mübahisələrinin predmeti kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinin tələbində fərdi əmək mübahisələrini həll edən orqanın qərarı ilə razılaşmayan işçi və ya işəgötürən həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etmə hüququ təsbit edilmişdir. ƏM-in 42-ci maddəsində əmək müqaviləsinin tərəfləri, 43-cü maddəsində əmək müqaviləsinin məzmunu, 44-cü maddəsində əmək müqaviləsinin məzmunu, 46-cı maddəsində əmək müqaviləsinin bağlanması qaydası, 49-cu maddəsində isə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi qaydası və vaxtı müəyyən edilmişdir. Həmin Məcəllənin 154-cü maddəsində əmək haqqının anlayışı verilmişdir: əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 289-cu maddəsinə görə fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. İddiaçılar tələblərinin əsası kimi məhkəməyə X10 ilə olan yazışmaları, eləcə də Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətini təqdim etmişlər. İddiaçılar hazırkı tələbləri ilə bağlı məhkəməyə hər hansı başqa sübut, xüsusən də cavabdehlə əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər. Rayon məhkəməsi yalnız mülki iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətinə əsaslanmaqla iddia tələbi təmin edilmişdir (i/v 70). Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/793- 5/795 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar (İddiaçı2 istisna olmaqla) isə cavabdehlə əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq əmək münasibətlərində olmalarına, onunla bağlanmış (razılaşmış) əmək müqaviləsinə əsasən 2016-cı ilin mart ayından həmin ilin dekabr ayınadək əmək funksiyalarını yerinə yetirdiklərinə, eləcə də, cavabdehin onlara əmək müqaviləsinə əsasən görmüş olduqları işlərə görə ödənilməmiş əmək haqqı borcunun olmasına dair: -biri digərini tamamlayan, -təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və -hər hansı şübhədənkənar sübut təqdim edə bilməmişlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla iddiaçların (İddiaçı2 istisna olmaqla) iddia tələblərinin əsasız olması müəyyən olunmuşdur. İddia müddətinin tətbiqi isə yalnız əsaslı olan (keçərli olan) iddialara tətbiq oluna bilər. Əsassız olan iddia tələbi elə əsassız olmasına görə rədd edilməlidir. Başqa sözlə, əsassız olan iddia tələbinə iddia müddətinin tətbiqi istisna olunur. Bu baxımdan da, hazırkı iş üzrə iddiaçıların (İddiaçı2 istisna olmaqla) tələblərinə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi təmin edilə bilməz. İddiaçı2 iddiasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı2 iddiasında cavabdehdən əmək haqqı kimi 44104 (qırx dörd min yüz dörd) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı2 hazırkı işdə cavabdehdən əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı ödənilməmiş qalan əmək haqqısını tələb edərkən digər iddiaçılar kimi eyni sübutlara istinad etmişdir ki, həmin sübutların da iddia tələblərinin təsdiqi üçün kifayət etmədiyi (əsaslı olmadığı) müəyyən edilmişdir. Bununla belə, Məhkəmə Kollegiyası tərəfindən hazırkı halda İddiaçı2 münasibətdə sübutetmə yükü ilə bağlı fərqli hal müəyyən edilmişdir. Mülki iş materiallarına (i/v 71) Cavabdeh MMC-nin direktoru İddiaçı7 X10nə ünvanladığı xx xxx 2019-cu il tarixli, 20 saylı məktubun kserosurəti əlavə olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, şikayətçilərdən yalnız İddiaçı2 Zülfü oğlu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək müəssisədə layihə rəhbəri vəzifəsində çalışmış, aylıq əmək haqqı 250 (iki yüz əlli) manat olmuş, əməkdaş öz xahişi ilə xx.xx.2017-ci il tarixdə işdən azad olunmuş, müəssisə tərəfindən maliyyə çətinliklərinə görə əməkdaşa olan 2298.71 (iki min iki tüz doxsan səkkiz, yetmiş bir) manat borc ödənilməmiş, lakin borcun ən tez zamanda ödəniləcəyinə dair zəmanət verilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılan araşdırmalar zamanı Cavabdeh MMCnin direktoru İddiaçı7 həmin sənəddəki imzanın ona aid olduğunu və həqiqətən də, Əmək Müfəttişliyinə həmin məzmun və tarixdə məktub ünvanladığını təsdiq etmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, bu xüsusat MPM-in 106.3-cü maddəsinin təsiri altına düşür. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktı sübut etmə vəzifəsindən azad edir. Qeyd olunanlara əsasən Məhkəmə Kollgiyası hesab edir ki, İddiaçı2 iddia tələbi qismən, 2298.71 (iki min iki tüz doxsan səkkiz, yetmiş bir) manat məbləğə dair hissədə sübut olunmuş hesab edilməli və təmin edilməlidir. O, iddia tələbinin qalan hissəsinə dair digər iddiaçılar kimi hər hansı sübut təqdim edə bilməmişdir. Bu baxımdan da, onun iddia tələbi qalan hissədə təmin edilə bilməz. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinin məhz İddiaçı2 iddiası ilə bağlı hissəsi ilə əlaqədar Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya bununla bağlı göstərir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (AR Əmək Məcəlləsi, maddə 296.4). Bununla bağlı Kollegiya qeyd edir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1) Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn:əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda aydın olur ki, İddiaçı2 hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Bundan başqa, araşdırmalardan müəyyən olunmuşdur ki, rayon məhkəməsi başa bir pozuntuya daha yol vermişdir. Belə ki, hazırkı iş üzrə 10 iddiaçının olmasına və onların hər birinin cavabdehdən konkret məbləğdə əmək haqqı tələb etməsinə baxmayaraq, məhkəmə qətnaməsinin nəticə hissəsində hansı iddiaçının xeyrinə cavabdehdən hansı məbləğdə pulun tutulmasını ayrı-ayrılıqda göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi İddiaçı2 iddiasına münasibətdə qismən təmin edilərək, cavabdehdən 2298.71 (iki min iki tüz doxsan səkkiz, yetmiş bir) manat alınaraq ona ödənilməli, onun iddia tələbi qalan hissədə, digər iddiaçıların tələbləri isə bütünlükdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 Zülfü oğlunun iddia tələbi qismən təmin olunsun, Cavabdeh MMC-dən 2298.71 (iki min iki tüz doxsan səkkiz, yetmiş bir) manat alınaraq ona ödənilsin, onun iddia tələbi qalan hissədə, digər iddiaçıların iddia tələbləri isə bütünlükdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat isə dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh MMC-dən tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar