Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5656/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-2288/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-2288/2021 nömrəli qətnaməsi ilə Bank «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 29.05.2019-cu il tarixli, RPF- 00055-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.01.2021-ci il tarixinə ödənilməmiş 6648,09 AZN (altı min altı yüz qırx səkkiz manat, doqquz qəpik) əsas borc, 14,87 AZN (on dörd manat, səksən yeddi qəpik) faiz borcu, ümumilikdə 6662,96 AZN (altı min altı yüz altmış iki manat, doxsan altı qəpik) borc, iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 0,40 AZN (sıfır manat, qırx qəpik) bank xidməti haqqının Cavabdeh iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisənin mahiyyəti və təfsilatı ondan ibarətdir ki, iddiaçı bank ”xxxx" ASC ilə arasında bağlanmış 29.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 01 faiz olmaqla 6653 AZN məbləğində kredit ayrılması nəzərdə tutulmuşdur, tərəfindən ödəniş qrafiki üzrə vaxtı-vaxtında ödənişlər həyata keçirilmişdir. Sonradan valyuta məzənnələrində baş verən dəyişikliklərlə əlaqədar ödənişlərində müəyyən gecikmələr yarandığından bank "xxxx” ASC də bu hüququndan sui-istifadə edərək məhkəməyə müraciət etmişdir. Kredit öhdəliyini ödəməkdən heç vaxt boyun qaçırmamışdır, ödədiyi ödənişlər düzgün hesablanmamış və nəzərə alınmamış və nəticədə əsas borc məbləği şişirdilmiş, bankın müəyyən eldiyi siyahı üzrə həyata keçirilmiş ödənişlər düzgün hesablanmamışdır. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda edilməmişdir. Əgər ekspertiza təyin edilərsə, o zaman təqdim edəcəyi qəbzlərlə onun banka borcu olmayacağı aşkar olunmuş olacaqdır. Bununla yanaşı, keçirilən məhkəmə iclasından xəbəri olmamışdır. Məhkəmə tərəfindən araşdırma aparılarkən prosessual qanunvericliyin çəkişmə prinsipinə əməl olunmalı, iştirakı cavabdeh kimi təmin edilməli idi. Hesab edir ki, bu aşkar prosessual hüquq pozuntusudur. Qarabağ müharibəsi veteranı və Qarabağ müharibəsi əlilidir. Bankın Qarabağ qazisinə bu münasibətini də ədalətli və vicdanlı hesab etmir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini göstərməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı 29.05.2019-cu il tarixli, RPF-00055-16/19A №-li kredit müqaviləsinə əsasən cavabdehə illik 1 faizlə, 60 ay müddətinə 6653,25 manat kredit vermiş, cavabdeh isə 29 may 2024-cü ilədək həmin krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüş, öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun banka 6648,09 manat əsas, 14,87 manat faiz, cəmi 6662,96 manat borcu yaranmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri açıq-aşkar əsassızdır. Çünki, Cavabdeh məhkəmə iclasında iştirak etmiş və iddianı etiraf etmişdir. İkincisi, borc məbləğinin şişirdildiyi və ödənişlərin düzgün aparılmadığı barədə dəlillər də əsassızdır. Çünki, cavabdeh hansısa formada öhdəliyini icra etmişdirsə bu barədə sübut təqdim etməli idi. İddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Üçüncüsü, cavabdehin göstərdiyi digər dəlillər də onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)- 2288/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5656/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5656/2021
05.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver