Məhkəmə qərarları › İş №2(103)-5663/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5663/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5663/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(001)-439/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında və e-2(001)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş və qanuni qüvvəsini almış e-2(001)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Lakin alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadı olduğundan, alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq məhkəmə qətnaməsi qəbul edilənədək İddiaçı ödənilsin. Ərizənin verilmə tarixi xx.xx.2023-cü il olmuş və xx.xx.2023-cü ilə qədər olan 3 aylıq dövr üçün istər qeyd edilən qətnamədə istərsə də qərardadda bu məsələyə aydınlıq gətirilməmişdir. Hal-hazırda icra edilən hər iki icra vərəqində bu halların aydınlaşdırılması və icra üsulunun dəyişdirilməsinə zərurət vardır. Odur ki, qeyd edilən məsələnin araşdırılaraq yanlışlıqların aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(001)-439/2024 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(001)-439/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 27 avqust 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. MTT barədə qərardad xx.xx.2023-cü il tarixdən alimentin tutulmasını nəzərdə tutduğundan arada qalan müddət üçün nəzərdə tutulmuş aliment ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(001)-439/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. İddiaçı tərəfindən düzəliş edilməsi xahiş edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq, məhkəmə qətnaməsi qəbul edilənədək, İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-439/2024 saylı, 03 aprel 2024- cü il tarixli qətnaməsondən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh 04 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, qətnamənin mahiyyətinə toxunmadan və ya onun mahiyyətini (məzmununu) dəyişmədən ordakı yanlışlıqların və ya açıq hesab səhvlərinin qətnaməni çıxarmış məhkəmə (hakim) tərəfindən düzəldilməsi imkanı nəzərdə tutulmuşdur. Qətnamədəki yanlışlıqlar, bir qayda olaraq, ayrı-ayrı sözlərin və ya ifadələrin yazılışı zamanı yol verilmiş təhriflərlə əlaqədar olur, açıq hesab səhvləri isə adətən hesablama əməliyyatlarının düzgün aparılmaması və bu zaman təsadüfi səhvlərə yol verilməsi ilə əlaqədar olur. Yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi nəticəsində mübahisənin mahiyyəti üzrə gəldiyi nəticələr dəyişdirilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadda alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlanılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğundan alimentin tutulması bu tarixdən başlamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində isə qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır, lakin alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadı olduğundan alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. İddiaçı tərəfindən yanlışlığa yol verildiyi iddia olunan məhkəmə qərarlarından görünür ki, məhkəmə alimentin tutulmasının başlanması vaxtını müəyyən edilməsinə dair gəldiyi nəticəni qərarlarında əsaslandırmışdır, yəni həmin qərarlarda hər hansı bir yanlışlığa və ya açıq hesab səhvlərinə yol verilməmişdir. Ərizəçinin tələbinin təmin edilməsi isə qüvvədə olan məhkəmə qərarlarının nəticə hissəsinin dəyişdirilməsinə yönəlmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ərizəçinin dəlilləri əsassız olmaqla mübahisələndirilən məhkəmə qərarlarında yanlışlığa yol verildiyi iddia edilən alimentin tutulma vaxtı ilə əlaqədar məhkəmənin mövqeyi əsaslandırılmış, hər hansı bir yanlışlığa yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(001)-439/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş ərizə əsassız olduğundan düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(001)- 439/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar