Məhkəmə qərarları › İş №2(103)-5668/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5668/2020

24.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5668/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 53 A ünvanında yerləşən “Tələbə” icrarə müəsisəsinin və onun yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 4315 saylı müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 16538 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatət verərək Bakı İnzibati Məhkəməsinin icraatında olan və hazırkı mülki işin nəticəsinə birbaşa təsir edən başqa bir iş üzrə yekun qərar qəbul edilənədək hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Ş.Əliyev, iş N 2(011)-500/2020) Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “tikinti-texniki ekspertizasının keçirilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair 2-1(112)-3164/2020 saylı inzibati işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlaka dair tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan əqdin mövcudluğu preyudisial əhəmiyyət kəsb edən faktdır və bu faktın mövcudluğu inzibati məhkəmə icraatı qaydasında digər işə baxılmasını qeyri-mümkün edir. Bakı İnzibati Məhkəməsinin icraatında olan iş həll edilməyincə Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə qərar qəbul edilməsi mümkündür və həmin işlər nəticə etibarı ilə bir-birindən asılı deyildir. Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslərə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi icraatın dayandırılmasının zəruriliyi ilə bağlı mövqeyini inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisə üzrə iş həll edilməyincə hazırkı mülki işə baxmağın mümkün olmaması ilə əsaslandırmış və bu zaman prosessual hüquq norması kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı göstərilmişdir ki, MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən bağlılığı deyil, elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə mümkün olmasın. Konstitusiya Məhkəməsinin həmin qərarda ortaya qoyduğu mövqeyə görə iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa bir iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşin hallarından göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçının tələbi “Tələbə” icrarə müəsisəsinin və onun yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 4315 saylı müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 16538 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsindən ibarətdir. Cavabdehin mülki iş üzrə icraatın dayandırılması üçün əsas kimi irəli sürdüyü və inzibati məhkəmənin icraatında olan tələblər isə aşağıdakılardır: hərrac ödənişi həyata keçirilərkən ona 30 % güzəşt edilməsi; hərraca çıxarılan obyektin satış dəyərinin 50 % aşağı endirilməsi; tikilinin və onun yerləşdiyi torpaq sahəsinin qiymətinin tikinti-texniki ekspertiza keçirilməklə dəqiqləşdirilməsi; həmin şərtlərlə yeni müqavilənin bağlanması; vurulmuş ziyana görə mənəvi zərərin əvəzinin ödənilməsi. Əmlak Məsələləri Dövlət Komitəsi tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləyə istinad etmişdir. Cavabdeh isə öz tələbində qiymətlə razılaşmadığına görə müqaviləni imzalamadığını göstərmiş və qiymətin dəqiq müəyyən edilməsi şərtilə yeni müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərkən müəyyən etdi ki, həqiqətən də iddiaçı tərəfindən təqdim olunan və mübahisələndirilən alqı-satqı müqaviləsi alıcı Cavabdeh tərəfindən imzalanmamışdır. Hazırda Cavabdeh inzibati məhkəmə icraatında məhz bu fakta əsaslanaraq müqavilənin əmlakın qiyməti ilə bağlı şərtlərinin dəqiqləşdirilməsini və yeni müqavilə bağlanmasını tələb edir. Əmlak Məsələləri Dövlət Komitəsi öz şikayətində Mülki Məcəllənin 399.1-ci maddəsinə istinad edərək tələblər arasında asılılıq olmadığını, mübahisə predmeti olan əmlaka dair tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan əqdin mövcudluğunun preyudisial əhəmiyyət kəsb edən fakt olduğu və bu faktın mövcudluğunun inzibati məhkəmə icraatı qaydasında digər işə baxılmasını istisna etdiyini göstərmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, mülki qanunvericilik müqavilənin qüvvəyə minməsini onun bağlanma anı ilə şərtləndirmişdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə isə yazılı əqdlər, o cümlədən müqavilələr həmin əqdin məzmununu ifadə edən və əqdi bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır. Yuxarıda qeyd olunduğu kimi, mübahisələndirilən müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır (i.v.7-8) və hazırda Cavabdeh inzibati məhkəmə icraatı qaydasında mübahisəli daşınmaz əmlakın dəyəri ilə bağlı müqavilə şərtləri dəqiqləşdirilməklə yeni müqavilə bağlanmasını tələb edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında müqavilənin bağlanmış olduğu qəbul edilsə belə, Mülki Məcəllənin 398.2-ci maddəsi müqavilə bağlandıqdan sonra da qiymətin dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılan iş üzrə müəyyən edilə biləcək faktların hazırkı mülki işin həlli üçün preyudisial əhəmiyyəti vardır və bu baxımdan birinci instansiya məhkəməsi göstərilən əsasla və MPM-nin 254.1.4-cü maddəsini rəhbər tutmaqla icraatı dayandırmaqda haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar