Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5679/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2161/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Doğum haqqında İ-ИЕ seriyalı 306728 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X11r.
2. Doğum haqqında AЗ seriyalı ******* nömrəli şəhadətnaməyə əsasən X9 26 dekabr 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X11r.
3. Ölüm haqqında AZ-İ seriyalı 557224 nömrəli şəhadətnaməyə əsasən X9 xx.xx.2012-ci il tarixdə baş beyninə qansızma səbəbindən ölmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 nömrəli hökmündən görünür ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi göstərilmiş, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və s. hökm edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1686/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hadisə zamanı X1 ağır zərər vuran xəsarətlər alaraq ölməsi işin mübahisəsiz halı olmuş, kassasiya şikayətlərinin təmin edilməməsi, X6 və X20 barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə 30.000 (otuz min) manat və dövlət rüsumuna görə ödənilmiş 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 30.180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı avtobusla qatarın toqquşması nəticəsində doğma bacısı Mətanət İskəndərovanı itirmişdir. Belə ki, mərhum Mətanət İskəndərova iddiaçının həyatındakı ən dəyərli varlıq olmuşdur. İnsanın öz doğmasını itirməsi, hələ belə bir faciəvi qəzada itirməsi nəticəsində keçirdiyi sarsıntını yalnız bu hissi yaşayanlar bilə bilər. İddiaçının ürəyi sızlayır, yaşadığı iztirabları bu acını yaşamayan heç bir insan hiss edə bilməz. İddiaçı bacısı ilə birlikdə yaşamışdır. Mətanət İskəndərova xasiyyətcə deyib-gülən, istiqanlı biri olmuş və onların münasibətləri bacı-qardaş kimi çox yaxşı olmuşdur. O, həyatının hər anında iddiaçıya dəstək olmuş, onu itirməklə ailədə dərin bir boşluq yaranmışdır. Həyatlarının hər anında Mətanət İskəndərovanın yoxluğu ilə qarşılaşmaq daxildəki iztirabları artırır. İddiaçı hər gün avtobus görəndə bu dəhşətli hadisəni xatırlayır. Bacısının təqsirləndirilən şəxslərin təqsiri ucbatından belə bir dəhşətli qəzada həyatını itirməsi, bu qəzanın qurbanı olması onun üçün dözülməzdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi qaldırılmış, X6, 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq, “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi – 28 May küçəsi” 124-cü marşrut xətti ilə hərəkət edən X20 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət- Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq, keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyacan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuşdır.
8. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunun 61 manat hissəsinin cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh "xxxx" QSC-nin və "xxxx" MMC-nin işçilərinin təqsirinin müəyyən edildiyi hadisə səbəbindən iddiaçının bacısının ölməsi və bunun nəticəsində iddiaçının iztirab çəkməsi, ona mənəvi zərər dəyməsi hazırkı işin mübahisəsiz halını təşkil edir. Lakin məhkəmə hesab edir ki, bu hadisədə iş üzrə cavabdeh olan "xxxx" QSC-nin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəyən zərərin məbləğinin 30.000 manat qiymətləndirilməsi ədalətli və ağlabatan deyildir. Belə ki, məhkəmə iş üzrə diqqətəlayiq olan bütün halları – hadisənin baş verməsindən uzun zaman keçməsini, hadisə üzrə müxtəlif işəgötürənləri olan iki təqsirləndirilən şəxsin olmasını və iddiaçının, eyni zamanda təqsiri müəyyən edilmiş digər şəxsin işəgötürəninə qarşı da eyni əsaslarla eyni predmet barəsində olan iddia ərizəsinin aidiyyəti məhkəmənin icraatında olmasını və s. halları nəzərə alaraq hesab edir ki, iddiaçıya məhz cavabdehin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1099.1, 1108.1, 1108.3, 1113.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2161/2024 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Hadisə xx.xx.2012-ci il tarixdə baş verməsinə baxmayaraq iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 12 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Təqsirkarın təqsirinin dərəcəsi də təminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Hazırki mübahisədə İddiaçı baş vermiş hadisənin şahidi olmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd edilən xüsusata heç bir qiymət verməmiş, Konstitusiya Məhkəməsinin bu mövqeyinə zidd olaraq və iş materiallarında kifayət qədər sübut olmadığı halda iddiaçının mənəvi iztirab keçirtməsi qənaətinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında qeyd edilən yanaşma tamamilə formal mülahizəyə söykənir. Belə ki, işin mübahisəsiz halı İddiaçı bacısının 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində həlak olmasıdır. Bu hadisə nəticəsində İddiaçı mənəvi sarsıntı keçirtməsi isə konkret formada sübut olunmalıdır. İş materiallarında bu halın mübahisəsiz olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Bacısının həlak olması ilə bağlı iddiaçının qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi, hələ onun mənəvi sarsıntı keçirtməsinə dəlalət etmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, bacısının ölümü nəticəsində dərin iztirab və üzüntü keçirərək mənəvi zərər çəkməyim (zərərin ölümlə səbəbli əlaqəsi) həyatın normal axışı şərtlərinə uyğundur. Bacısının ölməsi faktı ona mənəvi zərər vurması qənaətinə gəlinməsi üçün kifayət edir və bu faktın başqa sübutlarla təsdiqinə ehtiyac yoxdur. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Ali Məhkəmənin Plenumunun mövqeyinə əsasən “mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.” Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərarında da ayrı-ayrı halların, o cümlədən yaxın qohumun itirilməsi faktının mövcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir. Digər tərəfdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Cəmiyyətdə baş verən qanun pozuntuları nəticəsində insanın ölümü nəinki onun yaxınları üçün, hətta bütün cəmiyyət və dövlət üçün ağır itgi və məhrumiyyət hesab olunur. Çünki insan, bütün varlıqlar içərisində ən ali dəyərdir. Bəşəriyyət inkişaf etdikcə insanı, onun həyatını, azadlıqlarını (o cümlədən yaşamaq haqqını) ən çox hörmətə layiq olan dəyərlər kimi tanımış, onlara hörmət etməyi və qorumağı insanlığın mənəvi borcu, dövlətin isə öhdəliyi kimi qəbul etmişdir. Bu, insan hüquqlarına dair qəbul edilmiş mühüm beynəlxalq sənədlərdə açıqca bəyan edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İqtisadi Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt, eləcə də Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt insan hüquqlarına laqeydliyin və həqarətin bəşəriyyətin vicdanını hiddətləndirən əməllərə gətirib çıxardığını vurğulamış, insanın bərabər və ayrılmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu bildirmiş, bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqət hissindən irəli gəldiyini etiraf etmiş və dövlətlərin insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət edilməsini və onlara riayət olunmasını təşviq etməyə borclu olduqlarını təsdiqləmişdir. Hazırkı işdə də mənəvi zərərə görə təzminat müəyyən olunarkən, mülki hüquq pozuntusunun insanın ölümü kimi mühüm itgi ilə nəticələnməsi və bu hadisənin mənə sarsıdıcı təsiri, keçirdiyim ruhi sarsıntı və iztirabın davam etməsi nəzərə alınmışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, hadisə baş verəndə "xxxx" QSC-nin əməkdaşı, digər təqsirkar "xxxx" MMC-nin sürücüsü olub. Bu hadisə 12 il əvvəl baş verib.Vəfat etmiş şəxsin indiyə qədər qardaşı müraciət etməyib. Lakin 12 il sonra “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırıb. Həmin hadisənin şahidi olmayıb. İddiaçı Nərimanov Rayon Məhkəməsinə "xxxx" MMC-yə qarşı iddia qaldırmışdır. Hesab edir ki, onlardan da tutulmuş 10.000 manat pul şişirdilmişdir. İddiaçının sarsıntı keçirtməsinə dair hər hansı bir sübut da yoxdur. İddiaçının mövqeyinə görə digər cavabdehin büdcəsi aşağı olduğu üçün 5000 manat pul, amma QSC 10.000 manat pul ödəməlidir. Bu isə ədalətsizlikdir. Digər işdə 5000 manat pul tutulmuşdursa hazırkı işdə də bərabər şəkildə pul tutulmalıdır.Tutulan pul proporsional olmalıdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
15. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qarşı tərəfin dediyi ilə razılaşırlar ki, onlar hadisə olanda xanımın yanında olmamışlar. Tərəflər bacı-qardaşdılar, bir evdə yaşayıblar. Bacının heç bir xəstəliyi olmayıb. İddiaçı mənəvi sarsıntı keçirib. İddiaçı hər dəfə avtobus görəndə o dəhşətli hadisəni xatırlayır. Əgər arada qohumluq əlaqəsi varsa, tərəfin sarsıntı keçiribkeçirməməsini yoxlamağa belə ehtiyac yoxdur. Nərimanov Rayon Məhkəməsində "xxxx" MMC-yə qarşı 5000 manat pul təmin olunub. Digər işdə "xxxx" MMC-nin ödəyəcəyi məbləğlə bu işin bağlılığı yoxdur. İnsanın həyatını 5000 manat pul ilə qiymətləndirmək gülüncdür. Apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
18. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləğinə dair hissədə dəyişdirilməlidir.
23. İşin halları odur ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi (qatarla avtobusun toqquşması) zamanı avtobusda olan iddiaçının bacısı olan X9 həmin hadisə nəticəsində ağır xəsarətlər alaraq vəfat etmişdir. Həmin hadisədə həm "xxxx" MMC-nin sürücüsünün, həm də "xxxx" QSC-nin keçid nəzarətçisinin təqsiri müəyyən edilmişdir. Hazırda iddiaçı bacısının həmin hadisə səbəbindən ölməsi nəticəsində ona vurulmuş 30.000 manat məbləğdə mənəvi zərərin "xxxx" QSC-dən tutulmasını tələb edir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1686/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hadisə zamanı X1 ağır zərər vuran xəsarətlər alaraq ölməsi işin mübahisəsiz halı olmuş, kassasiya şikayətlərinin təmin edilməməsi, X6 və X20 barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
25. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə eyni əsaslarla, eyni predmet barəsində, lakin başqa cavabdehə - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X19rşı iddia ərizəsi ilə müraciət edərək, bacısının həmin hadisə səbəbindən ölməsi nəticəsində ona dəymiş 30.000 manat mənəvi zərərin “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ-dən tutulmasını tələb edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1837/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X19rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.
26. Hazırkı iddia tələbi ilə bağlı işə baxan məhkəmənin qənaəti belə olmuşdur ki, cavabdeh "xxxx" QSC-nin və "xxxx" MMC-nin işçilərinin təqsirinin müəyyən edildiyi hadisə səbəbindən iddiaçının bacısının ölməsi və bunun nəticəsində iddiaçının iztirab çəkməsi, ona mənəvi zərər dəyməsi hazırkı işin mübahisəsiz halını təşkil edir. Lakin məhkəmə hesab edir ki, bu hadisədə iş üzrə cavabdeh olan "xxxx" QSC-nin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəyən zərərin məbləğinin 30.000 manat qiymətləndirilməsi ədalətli və ağlabatan deyildir. Belə ki, məhkəmə iş üzrə diqqətəlayiq olan bütün halları – hadisənin baş verməsindən uzun zaman keçməsini, hadisə üzrə müxtəlif işəgötürənləri olan iki təqsirləndirilən şəxsin olmasını və iddiaçının, eyni zamanda təqsiri müəyyən edilmiş digər şəxsin işəgötürəninə qarşı da eyni əsaslarla eyni predmet barəsində olan iddia ərizəsinin aidiyyəti məhkəmənin icraatında olmasını və s. halları nəzərə alaraq hesab edir ki, iddiaçıya məhz cavabdehin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
27. Mülki qanunvericiliyin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Göründüyü kimi, iddiaçının bacısının vəfat etməsi ilə bağlı cavabdehin işçisinin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.”
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi barədə iddia tələbi əsaslıdır.
31. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən bacısının ölümü ilə əlaqədar “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X19rşı da mənəvi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülmüşdür. Bundan əlavə, iddiaçının bacısı 2012-ci ildə vəfat etmişdir. Həmin hadisədən 12 ilə yaxın müddət keçmişdir. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 5000 manat məbləğində qiymətləndirilməsi hazırki işin hallarına uyğundur.
33. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilməli, cavabdeh "xxxx" QSC-dən dəymiş zərərin əvəzi olaraq 5.000 (beş min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
34. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" QSC-dən dəymiş zərərin əvəzi olaraq 5.000 (beş min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov