Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5684/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təhməzova Samirə Rüstəm qızının nümayəndəsi və vəkili İsmayılova Xavər Bəxtiyar qızının, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Arif Kamil oğlu və onun nümayəndəsi və vəkili Bağırov Bilal İsa oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təhməzova Samirə Rüstəm qızının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Arif Kamil oğluna qarşı “aliment tələbi” barədə ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Arif Kamil oğlunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təhməzova Samirə Rüstəm qızına qarşı “atalığın müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 128/2020 saylı, xx xxxx 2020-ci il tarixli, qətnaməsindən Məmmədov Arif Kamil oğlu apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı Təhməzova Samirə Rüstəm qızının ilkin iddia üzrə cavabdeh, Məmmədov Arif Kamil oğluna qarşı Məmmədov Arif Kamil oğlundan birgə nikahdan xx.xx.2010-cu ildə anadan olmuş Məmmədli Fatimə Arif qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Arif Məmmədov ilə 2009cu ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2010-cu ildə Məmmədli Fatimə Arif qızı anadan olmuşdur. Cavabdehlə nikahları xx.xx.2013-cü ildə pozulmuşdur. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə uşaq anasının himayəsinə verilmişdir. Cavabdeh uşağa maddi yardım etmir. Cavabdeh “xxxxxxxxxxxxx” MMC-də yedək gəmisinin mexaniki vəzifəsində işləyir. Aylıq gəliri və maaşı vardır. Ona görə də, uşağın saxlanılması üçün alimentin alınması zəruridir. Təkbaşına olaraq uşağın bütün xərclərini qarşılaya bilmir. Qarşılıqlı iddia üzrə iddiaçı Arif Məmmədov qarşılıqlı iddia üzrə cavabdeh Samirə Təhməzovaya qarşı xx.xx.2010-cu ildə anadan olmuş Məmmədli Fatimə Arif qızının bioloji atası olmamasının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Samirə Təhməzova ilə 1999-cu ilin iyul ayında nikaha daxil olmaqla ailə qurmuşdur. Uzun müddət uşaqları olmamış, cavabdeh buna görə müalicə almış, lakin müsbət nəticəsi olmamışdır. Uşaq dünyaya gəlməzdən əvvəl cavabdehin yad kişilərlə əlaqə saxlaması barədə məlumatı olmuş, bir neçə dəfə onun yad kişilərlə telefon danışıqlarını tutmuş, sadəlövhlük edərək ona inanmış və onu bağışlamışdır. Lakin cavabdeh bundan nəticə çıxarmaq əvəzinə öz hərəkətlərini eyni tərzdə davam etdirmişdir. Belə bir şəraitdə nikahları mövcud olan zaman 2010-cu ilin iyunun 30-da Fatimə adlı uşaq dünyaya gəlmişdir. Uşaq doğulsa da, onun uşağı olmasına dair şübhələr aradan qalxmamış, ona görə də uşağa heç vaxt doğma övlad kimi münasibət bəsləməmişdir. Elə bu səbəbdən baş vermiş münaqişə zəminində aralarındakı nikah 2013-cü ilin mayında məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulan zaman bu məsələni qabartmadığı üçün cavabdeh aliment tələb etməmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü Məmmədli Fatimə Arif qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Arif Məmmədovdan xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay, aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınaraq Samirə Təhməzovaya ödənilməsi, Arif Məmmədovdan 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Qətnamədən Arif Məmmədov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, işə birinci instansiya məhkəməsində baxlan zaman genetik ekspertiza keçirilmiş, lakin, o, təyin edilmiş vaxtda ekspertin yanında olmadığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. O, həmin vaxt iş rejiminə uyğun olaraq dənizdə olmuş, sonradan o işin yenidən ekspertizaya göndərilməsini xahiş etsə də, məhkəmə onun məhkəmə baxışının yubatmağı kimi qəbul edərək onun vəsatətini rədd etmişdir. Məhkəmə iclasında iştirak edən Arif Məmmədov, həmçinin onun nümayəndəsi və vəkili Bilal Bağırov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Xavər İsmayılova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Məmmədli Fatimə Arif qızı anadan olmuşdur (AZ-İİ seriyalı, 498507 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial təsdiq edilmiş surəti). Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Arif Məmmədov ilə Samirə Təhməzova (Məmmədova) arasında xx.xx.1999-cu il tarixdə Xətai rayon VVAQ şöbəsi tərəfindən bağlanmış 451 saylı nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü Məmmədli Fatimə Arif qızının anası Samirə Təhməzovanın yanında saxlanması qət edilmişdir. Tərəflərin nikahı xx.xx.2013-cü il tarixdə ləğv edilmiş, bu barədə akt qeydlərində 345 nömrəli qeyd edilmişdir (AZ-İ seriyalı 198278 nömrəli Nikahın pozulması haqqında şəhadətnamə). “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 06/44 nömrəli arayışına əsasən Məmmədov Arif Kamil oğlu xx.xx.2002-ci il tarixindən hal-hazıradək MMC-nin yedək gəmisinin mexaniki işləyir və son bir il ərzində ona: 2018-ci il fevral ayı 1476,10 manat, mart ayı 1676,10 manat, aprel ayı 1476,10 manat, may ayı 1476,10 manat, iyun ayı 1676,10 manat, iyul ayı 2753,36 manat, avqust ayı 200 manat, sentyabr ayı 1476,10 manat, oktyabr ayı 1476,10 manat, noyabr ayı 1476,10 manat, dekabr ayı 1476,10 manat, 2019-cu il yanvar ayı 1676,10 manat məbləğlərdə əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xx.xx.2019-cu il tarixli 565/2019-MTBŞ nömrəli ekspert rəyinə əsasən anası Təhməzova Samirə Rüstəm qızı olan Məmmədli Fatimə Arif qızı barəsində Məmmədov Arif Kamil oğlunun atalıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020ci il tarixli, 9/108 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi genetik ekspertizanın təyini barədə qərardad və mülki iş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi biologiya şöbəsinə daxil olmuş, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində Samirə Təhməzova uşaqla birlikdə şöbəyə gəlmiş, Arif Məmmədov isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını əsas gətirərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunması nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya baxışı zamanı Arif Məmmədovun xx xxxx 2010cu il tarixdə Samirə Təhməzova tərəfindən dünyaya gətirilən Fatimə adlı qız uşağının bioloji atası olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə məhkəmə-tibb (genetik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli rəydə qeyd olunmuşdur ki, Məmmədov Arif Akif oğlunun Məmmədli Fatimə Arif qızının bioloji atası olması inkan olundu. Kollegiya hesab edir ki, qeyd edilən ekpert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Belə ki, rəydən göründüyü kimi, bioloji ekspertiza iddiaçının, cavabdehin və uşağın qan və ağız suyu nümunələri əsasında keçirilərək müvafiq nəticəyə gəlinmişdir və işin hər hansı halı həmin rəy üzrə gəlinmiş nəticəni şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Məmmədov Arif Kamil oğlunun xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş Məmmədli Fatimə Arif qızının bioloji atası olmadığı faktı apellyasiya baxışı zamanı öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi təmin edilməlidir. Kollegiya onu da qeyd edir ki, Samirə Təhməzovanın Arif Məmmədova qarşı aliment tələbinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə isə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-128/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təhməzova Samirə Rüstəm qızının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Arif Kamil oğluna qarşı aliment tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Məmmədov Arif Kamil oğlunun qarşılıqlı iddia üzrə cavabdeh Təhməzova Samirə Rüstəm qızı tərəfindən xx.xx.2010-cu ildə dünyaya gətirilən Məmmədli Fatimə Arif qızı adlı uşağın bioloji atası olmaması müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5684/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5684/2020
18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver