Məhkəmə qərarları › İş №2(103)-5684/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5684/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5684/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" QSC və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə dair qeydin dövlət reyestrindən çıxarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 09.03.2021ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, göstərilən daşınmaz əşyaların "xxxx" QSC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın: 1) Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3306 ünvanında 0,12 ha torpaq sahəsi və bağ evi; 2) Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında 0,12 ha torpaq sahəsi; 3) ünvan 3 58 №-li mənzil; 4) Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 12-də yerləşən 43 №-li mənzil; 5) Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev № 11-də yerləşən 91 №-li mənzil. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin daşınmaz əşyaların ipoteka yüklülüyünə dair qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin daşınmaz əşyalar kreditin qaytarılmasının təminatı üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olub. Bank ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət edib, lakin iddia Ali Məhkəmənin 2(102)-2412/2020 nömrəli iş üzrə qəbul etdiyi 11.08.2020-ci il tarixli qərarla rədd olunub. Qərar qanuni qüvvəyə minib. Qərarın əsası bundan ibarət olub ki, həmin əşyalara münasibətdə ipoteka müqaviləsi bağlanmamış sayılır. Əgər ipoteka müqaviləsi bağlanmamış sayılırsa, deməli, ipoteka hüququ yaranmayıb. Mövcud olmayan ipoteka hüququna dair qeyd dövlət reyestrində qala bilməz. Ona görə də ipoteka yüklülüyünə dair qeydin dövlət reyestrindən çıxarılması Mülki Məcəllənin 269-cu maddəsinin mənasına uyğundur. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar