Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5684/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5684/2025 (Açar sözlər: alimentin tutulma qaydası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X6 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1504/2025 nömrəli 08 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər: X7 (bundan sonra birinci tərəf) və İddiaçı (bundan sonra ikinci tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. tərəflər: X7 və Qurbanov X5 (Bakı Nikah Evi) qeydə alınmış nikahın davam etdirilməsinə razı olmadılar. X7 müvafiq məhkəməyə müraciət edəcəkdir. 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X17 ana X3 yanında qalacaqdır. 4. Tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X17 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər. 5. 2-ci tərəf İddiaçı şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni X4 verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf X7 cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(009)- 81/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilmişdir: 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf - İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. 5. 2-ci tərəf - İddiaçı şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni X4 verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf - X7 cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 8(009)- 251/2024 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, izah edilmişdir ki, icra sənədində qeyd edilən 3500 (üç min beş yüz) manat alimentin tutulması hər ayı ehtiva edir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(103)-48/2025 saylı qərardadından görünür ki, borclu İddiaçı şikayəti təmin edilməmişdir.
4. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Aviaşirkəti Uçuşların İstehsalı İdarəsi Uçuş xidmətinin Airbus-319/320 HG-nin ikinci pilotu vəzifəsində işləyir və onun 2024/2025-ci illər üçün on iki ay ərzində hesablanmış əmək haqqı 129.704,19 manat (yüz iyirmi doqquz min yeddi yüz dörd manat 19 qəpik) təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixli Barışıq sazişi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilərək aylıq qazancının 1/3 (üçdə bir) hissəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X8 və hər iki mübahisə tərəfinin şəxsən iştirakı ilə mediasiya sessiyasında “Mediasiya haqqında” qanunun 33-cü maddəsinə əsasən MŞB/2-03895/2023 nömrəli Barışıq sazişi hazırlanmış, tərəflərin və mediatorun imzası ilə təsdiq edilmişdir. Barışıq sazişinin ikinci bəndinə əsasən tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəfindən birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X15 və xx.xx.2022-ci il təvəllüdlü X16 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 (iki min beş yüz) manat, xx.xx.2024-cü il tarixindən etibarən isə 3500 (üç min beş yüz) manat aliment ödəyəcəkdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1881/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən MŞB/2-03895/2023 nömrəli Barışıq sazişişinin müvafiq bəndi məcburi icrası üçün təsdiq edilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədində qeyd edilən 3500 manat alimentin hər ay ehtiva edib-etməməsi ilə bağlı qərara izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1881/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2.Tərəflər razılaşırlar ki, 2-ci tərəf - İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. Sözügedən icra sənədində xx.xx.2024-cü il tarixindən etibarən 3500 manat aliment ödəniləcəyi qeyd edilsə də, bu ödənişin hər ayödənilməsi qeyd edilməmiş, bununla əlaqədar icra sənədinin icra olunmasında çətinlik yaranmışdır. Məhkəmə 8(009)-251/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən olunur ki, 3500 manat məbləğində alimentin hər ay ödəniləcəyi ehtiva olunur. Həmin qərardaddan narazı qalaraq, apellyasiya şikayəti vermişdir. Belə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanan azad iradə ifadəsidir, lakin məhkəmə qərardad qəbul edərkən barışıq sazişinin şərtlərini özü müəyyən etmişdir. Barışıq müqaviləsində pulun hər ay ödənilməsi qaydası göstərilməmişdir. Məhkəmə onun yerinə, iradə ifadəsinə zidd, müqaviləyə faktiki olaraq şərt əlavə etmişdir. Sazişə görə onun tərəfindən ödənilməli olduğu məbləğlər illik məbləğlərdir və ümumi də il ərzində 6000 manat təşkil edir. Bununla aylıq iki uşaq üçün ödəniş 500 manat təşkil edir. Apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəməyə təqdim etdiyi aylıq və illik qazancı barədə məlumatdan da görünür ki, onun aylıq və illik qazancından olan məcburi tutmalar aliment ödənişi, yəni sazişdə göstərilən aylıq 3500 AZN aliment ödənişi ilə toplanıldıqda onun qazancının yarıdan çoxunu aşır. Belə ki, AR Milli Aviadaşıyıcısı "xxxx" QSC xx.xx.2025-ci il №160 saylı arayışından da görsənir ki, aylıq əmək haqqım 9000- 10500 manat təşkil edir. Həmin məbləğdən 25% gəlir vergisi, 3% sosial müdafiə fondu, 0.5% işsizlik fondu, 2% icbari tibbi sığorta və paşa sığorta kimi məcburi tutulmalar yer alır. O, real olaraq 4000-4500 AZN civarında maaş alır və 3500 AZN aliment ödədiyi təqdirdə, ona cəmi ***-**** AZN qalır. Bu məbləğ isə onun şəxsi, yaşayış ehtiyaclarını və digər zəruri xərclərini qarşılamaq üçün qeyri-real və ədalətsizdir. Hazırki aliment məbləği onun maliyyə imkanlarından artıqdır və gəliriylə uzlaşmır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1504/2025 nömrəli 08 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməsi, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi, 09 iyun 2020-ci il təvəllüdlü X9 və 09 mart 2022-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) Cavabdeh ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini və yaşını, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə təsirini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin uşaqları 09 iyun 2020-ci il təvəllüdlü X9 və 09 mart 2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur.
9. Məhkəmə, barışıq sazişində nəzərdə tutulmuş 3500 manat aliment məbləğini və arayışda göstərilən iddiaçının aylıq qazancın məbləğini, eləcə də uşaqların yaşını və onlarla bağlı çəkilə biləcək xərclərin (təlim, geyim, yemək-içmək, gəzmək və s.) məbləğini və iddiaçının öz xərclərini, cavabdehin də həm müəllimə işləməsini, həm də (aylıq qazancı stabil olmasa da) müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla özünün deməsinə görə bəzi aylarda qazancının 2000 manat ola bilməsini nəzərə alaraq, iddianın təmin edilməsini və yetkinlik yaşına çatanadək hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulmasını mümkün hesab etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19, Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 76.2, 112.1, Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 233.4 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı və cavabdeh tərəfin nə ailə, nə də maddi vəziyyətində heç bir dəyişiklik olmadığı halda məhkəmə tərəfindən alimentin azaldılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməmiş, onun azyaşlı uşaqlarımla birlikdə yaşadığı yaşayış sahəsinə görə ödədiyi aylıq kirayə haqları, uşaqlara işdə olduğu saatlarda baxan dayə üçün ödədiyi aylıq ödənişlər, iddiaçının uzun müddət aliment ödəməkdən yayınması səbəbindən azyaşlı uşaqlarının məcburi tələbatlarını qarşılamaq üçün maddi problemlər səbəbindən aldığı kredit və borclara görə hər ay ödəməli olduğu ödənişlər, maddi gəlirinin az və dəyişkən olması, o cümlədən alimentin azalması səbəbindən azyaşlı uşaqlarının mənafeyi və maddi təminatının pisləşə biləcəyi nəzərə alınmamış, tərəflərin iradə ifadəsi ilə təsdiq edilmiş Mediasiya Sazişinin olması və həmin Sazişin qanuni qüvvəyə minmiş məhkəmə aktının tələbləri məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamış və nəticədə alimentin dəyişilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslar olmadığı halda məhkəmə alimentin miqdarının azaldılması barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual qanunvericilik normalarına düzgün istinad etməmiş və qəbul edilmiş məhkəmə qətnaməsi qanuna və sübuta əsaslanmamış və nəticədə qətnamə qanunamüvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərinə əməl edilməmiş, məhkəmə tərəfindən mübahisəyə dair qərar qəbul edilərkən sübutlar düzgün qiymətləndirilməmiş, mübahisə tərəflərinin bərabər münasibət göstərilməmiş və yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozularaq qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
15. Cavabdeh izahatında əlavə olaraq bildirmişdir ki, Nardaran qəsəbəsində “See Breeze” yaşayış kompleksində aylıq 900 manata kirayə qalır. Övladı həmin kompleksdə yerləşən “Landau School” məktəbində təhsil alır. İllik təhsil haqqı 6664 manat təşkil edir. Hazırda Milli Aviasiya Akademiyasında işləmir, AZAL-ın özündə təlimçi işləyir, pilotlara təlim keçir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, parfumeriya mağazası işlətmiş, aylıq gəliri 2000 manatadək olmuşdur. Anası Bayıl qəsəbəsində tək yaşasa da, o, işinə və uşağın məktəbinə yaxın olsun deyə “See Breez”də kirayə yaşayır. Bundan əlavə əvəzsiz qaydada - atasından vərəsəlik qaydasında Bakı şəhəri Yasamal rayonu, Zərgərpalan küçəsində - Nizami metrostansiyası yaxınlığında ticarət obyektlərinin icarəsindən aylıq 2.500 manat qazanc əldə edir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, izahatında bildirdi ki, əmək haqqı məbləği qeyri-müntəzəmdir. Belə ki, aylıq qazancı uçuş saatlarından asılı olaraq dəyişir. Hər ay üçün 3500 manat ödəmək onun maddi vəziyyətini kəskin ağırlaşdırır. Əmək haqqı 10345 manat göstərilsə də, əmək haqqının 25%-dən vergi və digər tutulmalar həyata keçirildikdən sonra təxminən 7700 manat maaş alır. Cavabdeh hazırda işləyir. Bundan əlavə məlumat üçün bildirir ki, Nizami metrostansiyası yaxınlığında yerləşən ticarət obyektinin icarəçisi ilə o özü danışıb, razılaşmışdır. Binanın 1 və 4-cü mərtəbələrinin icarə haqqı cəmi 2500 manat təşkil edir. Cavabdehin adında daşınmaz əmlak olan mənzil və anasının yaşadığı mənzil ola-ola kirayə ünvanda qalması anlaşılan deyil. Bundan əlavə cavabdeh kredit borcunun yaranma səbəbi aliment öhdəliyindən yayınmağımı göstərsə də, bu yalandır. Belə ki, aliment mənim qazancımdan tutularaq cavabdehə ödənilir. Kredit borcu cavabdehin məndən gizli avtomaşın alması üçün götürülmüşdür.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
19. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) 1/3 miqdarında aliment tutulur.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
22. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Aviaşirkəti Uçuşların İstehsalı İdarəsi Uçuş xidmətinin Airbus-319/320 HG-nin ikinci pilotu vəzifəsində işləyir və onun 2024/2025-ci illər üçün on iki ay ərzində hesablanmış əmək haqqı 129.704,19 manat (yüz iyirmi doqquz min yeddi yüz dörd manat 19 qəpik) təşkil edir.
34. Elektron Məhkəmə İnformasiya Sistemindən də müəyyən edilir ki, iddiaçı 10345 manat əmək əmək haqqı alır.
35. İddiaçı özü də bu halı təsdiq edərək, bildirir ki, qeyd edilən məbləğlər əmək haqqından tutulmalar hesablanmadan göstərilən məbləğlərdir. Uçuş saatların asılı olaraq daha çox da gəlir əldə etməyi mümkündür.
36. Cavabdeh isə Milli Aviasiya Akademiyasında müəllimə işləməklə hər saatına görə 27 manat, bundan əlavə aktiv olan VÖEN-dən göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Özünün bildirdiyinə görə bu faəliyyətdən 2000 manatadək gəlir əldə edir. Bundan əlavə o, adına qeydiyyatda olan ticarət obyektlərinin icarəsindən 2500 manat qazanc əldə edir.
37. Göründüyü kimi iddiaçı və cavabdeh təxminən eyni məbləğdə aylıq qazanc əldə edirlər.
38. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra onların hər iki yetkinlik yaşına çatmayan uşaqları cavabdehin himayəsindədir.
39. Kollegiya, barışıq sazişində nəzərdə tutulmuş 3500 manat aliment məbləğini, arayışda göstərilən iddiaçının aylıq qazancının məbləğini, eləcə də uşaqların yaşını və onlarla bağlı çəkilə biləcək xərclərin məbləğini və iddiaçının öz xərclərini, eyni zamanda cavabdehin də müəllimə işləməsini, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla (parfümeriya mağazası işlətməklə) özünün deməsinə görə bəzi aylarda qazancının 2000 manat olmasını, həmçinin 2500 manat icarə haqqı əldə etməsini nəzərə alaraq, yetkinlik yaşına çatanadək hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulmasını ağlabatan hesab edir.
40. Nəzərə alınmalıdır ki, cavabdehin bəzi xərclərdən azad olması üçün (misal üçün kirayə mənzildə yaşamaq) imkanları var.
41. Məhkəmə kollegiyası cavabdehin dəlillərini qəbuledilən hesab etmir, çünki cavabdeh özü bahalı həyat tərzi seçmişdir. Zərurət olmadan “See Breeze” yaşayış kompleksində aylıq 900 manata kirayə qalmaq, uşağını “Landau School” məktəbində oxutmaq və s. yersiz xərclər cavabdehin istəyinə bağlıdır. O, bu xərclər olmadan da normal həyat tərzi keçirə, uşaqlarına normal təhsil verə bilər. Qeyd olunan artıq xərclərin məhz iddiaçının hesabına ödənilməsi isə yolverilməzdir.
42. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Lakin bu zaman həm də aliment ödəyən valideynin hüquqları da nəzərə alınmalıdır. İddiaçı hazırda aliment ödəməkdən yayınmağa cəhd etmir. Lakin cavabdeh də nəzərə almalıdır ki, uşaqları saxlamaq, onların maddi təminatını təmin etmək təkçə aliment ödəyən atanın borcu deyil.
43. Kollegiya tərəflər arasında mediasiya təşkilatında alimentlə bağlı saziş bağlamasına və ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişməməsinə münasibətdə qeyd edir ki, qeyd edilən məbləğ, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi ilə təyin edilən alimentin məbləğindən çox da fərqlənmir, bəzi hallarda hətta sazişdə nəzərdə tutulandan daha çox olur. Nəzərə alınmalıdır ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat təşkil edir.
44. Hazırki mübahisənin predmeti alimetin tutulma qaydasının dəyişdirilməsidir və Kollegiya da iddiaçının dəlillərini əsaslı hesab edir. Alimentin hər ay iddiaçının qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında tutulması həm hazırki işin hallarına, həm də qanunun tələblərinə tam uyğundur.
45. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1504/2025 nömrəli nömrəli iş üzrə 08 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.