Məhkəmə qərarları › İş №2(103)-5685/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5685/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5685/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(011)-1440/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 14888,70 manat məbləğində sığorta ödənişinin və məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-dən xx.xx.2015-ci il tarixdə 18 ay müddətinə qaytarmaq şərtilə 25 faiz dərəcəsi ilə 14200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Qeyd edilən kredit məbləği xx.xx.2017-ci il tarixədək “xxxxxxxxxxxxx” ASC tərəfindən fərdi qəzadan sığortalanmışdır. xx.xx.2016-cı il tarixində iddiaçının əlilliyinə səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı əlilliyi ilə bağlı “xxxxxxxxxxxxx” ASC-yə müraciət etsə də, “xxxxxxxxxxxxx” ASC fərdi qəza sığortası şəhadətnaməsində qeyd edilən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1440/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxx” ASC-dən 14888,70 manat məbləğində sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,fərdi qəza sığortası qaydalarına əsasən sığorta ödənişinin miqdarı fərdi qəza və ya xəstəlik nəticəsində alınan xəsarətin ağırlığından asılı olmaqla sığorta məbləği 1) bədən xəsarətinin nəticəsi olaraq ümumi əmək qabiliyyətinin daimi itirilməsi, 2) omba və dabanın sınığı, 3) çoxsaylı sınıqlar zamanı sığorta məbləğinin 50 % həcmində verilə bilər. İddiaçıya 7444 manat sığorta ödənişinin həyata keçirilməsi rəsmi olaraq təklif edilsə də, o bundan imtina etmişdir. AR Maliyyə Nazirliyinin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə fərdi qəza sığortası üzrə qaydalar müəyyən edilmişdir. Həmin qaydalara uyğun olaraq iddiaçı tərəfə sığorta haqqının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatına əlavə olaraq bildirdi ki, onun bədənində çoxsaylı sınıqlar var. Belindən neçə dəfə ağır əməliyyatlar keçirmişdir. Xəsarət aldığı vaxtdan o, Türkiyədə 7 dəfə əməliyyat olunmuş, onun əməliyyatına ümumi olaraq 70000 manata yaxın pul xərclənmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1440/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X4 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(003)-331/2016-cı il tarixli hökmündən görünür ki, X6 xx xxxx 2016-cı il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daweoo- Gentra” markalı Az **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan İddiaçı ağır travmatik və hemorragik şok, daxili qanaxma ilə müşayiət olunan “S”-ə bənzər bağırsağın seroz qatının və müsariqəsinin zədələnməsi ilə nəticələnmiş qarının qapalı küt travması, sol oturaq sümüyünün açıq sınığı, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun, döş qəfəsinin, sağ əlin, sağ budun, sol dizin qançırları kimi zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vuran xəsarətlər yetirmişdir. İş materiallarında olan stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xəstə İddiaçı “aralıq nahiyəsinin cırılımış-didilmiş-deşilmiş yarası, hematoma, qarındaxili qanaxma, travmatik və hemorragin şok İİİİ-İV dərəcə, sol oturaq və qasıq sümüklərinin açıq sınığı, oma sümüyünün qəlpəli yerdəyişmiş sınığı, 15 sağ yan çıxıntısının sınığı, oma-qalça bitişməsinin ayrılması” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2016-cı il tarixli 685 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində X3 travmatoloq- cərrahın yanında müayinədə olmuş, “politravma, çanaq sümüklərinin yerini dəyişmiş qapalı çoxqəlpəli sınığı” diaqnozu ilə “osteosintez” əməliyyatı keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, xxxxxxx0002 nömrəli arayışından görünür ki, İddiaçı birinci dərəcəli əlildir. İş materiallarında olan İddiaçı ilə “xxxxxxxxxxxxx” ASC arasında imzalanmış fərdi qəza sığortası şəhadətnaməsindən görünür ki, sığorta məbləği 14888,70 AZN təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli 15 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə “xxxxxxxxxxxxx” ASC tərəfindən A20-27085-00100 saylı Fərdi qəza sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən xx.xx.2016-cı il tarixində avtoqəza nəticəsində çoxsaylı sınıqlarla İ qrup əlillik dərəcəsi ilə xəsarət almışdır. “Fərdi qəza sığortası qaydaları”nın 22-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixli 23 nömrəli məktubda göstərildiyi kimi iddiaçının “xxxxxxxxxxxxx” ASC-nin Bakıxanov filialında olan hesabına 7444 manat həcmində sığorta ödənişi “xxxxxxxxxxxxx” ASC tərəfindən həyata keçirilə bilər. İş materiallarında olan “xxxxxxxxx” ASC-nin xx.xx.2017-ci il tarixli, 435 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli 24072015/228694 saylı kredit müqaviləsi üzrə əsas borcu 11482,41 ABŞ dolları, faiz borcu 1880,62 ABŞ dolları, dəbbə borcu 247,76 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2.-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda həyata keçirilir. Adı çəkilən Məcəllənin926.1-ci maddəsinə görə isə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İş materiallarında olan “xxxxxxxxxxxxx” ASC tərəfindən təsdiq edilmiş “Fərdi qəza sığortası Qaydaları”nın 22.1-ci maddəsinə əsasən sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu qaydaların 22-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir. Həmin Qaydaların 22.2-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarı fərdi qəza və ya xəstəlik nəticəsində xəsarət omba və ya çanaq sümüyünün çoxsaylı sınıqları (ən azı biri ağır və biri tam) olduqda, sığorta məbləğindən 100 faizlə hesablanır. Belə olan halda məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasında imzalanmış “Fərdi qəza sığortası şəhadətnaməsi” ilə nəzərdə tutulmuş təminata daxil olan sığorta hadisəsi baş verdiyindən və iddiaçının qəza nəticəsində aldığı xəsarətə görə “Fərdi qəza sığortası qaydaları”na əsasən sığorta ödənişi miqdarı sığorta məbləğinin 100 faizi ilə hesablanmalı olduğundan cavabdeh “xxxxxxxxxxxxx” ASC tərəfindən 14888,70 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirirərək məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1440/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar