Məhkəmə qərarları › İş №2(103)-5688/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5688/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5688/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: uşağın xəstəliyi ilə bağlı əlavə xərclər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi , İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1616/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşlar.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1392/2024 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2572/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(009)- 216/2025 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 235 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmiş, onda uşaq autizmi, kanner sindromu diaqnozu müəyyən edilmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X11 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də konsultasiya olunub, xx.xx.2025-ci il tarixdən etibarən duyu bütünləmə mütəxəssisi və psixoloq yanında terapiya keçməyə başlayıb. X11 hazırda terapiyalara gəlməyə davam edir.

6. “Theory of mind” Psixoloji Mərkəzin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Əli Mirzəyev - 6 yaş autizm spektr pozuntusu (ağır dərəcəli) diaqnozundan əziyyət çəkir. Hazırda mərkəzdə psixoloji və loqopedik dəstək məqsədilə mütəmadi olaraq seanslara cəlb olunmuşdur. Uşaq 2025-ci ilin yanvar ayından etibarən mərkəzdə qeydiyyatdadır və həftədə 3 dəfə fərdi şəkildə psixoloq və loqoped seanslarında iştirak edir. Əlinin mərkəzdə aldığı xidmətlərə görə aylıq 600 manat məbləğində ödəniş edilir. X14 emosional, davranış və nitq inkişafında müvafiq dəstəyi təmin etmək və onun ümumi inkişafını dəstəkləməkdir. Müalicə proqramı uşaq üçün fərdi şəkildə hazırlanmış və davamlı monitorinq ilə həyata keçirilir.

7. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, xəstə X8 görə “Loqos” Psixoloji və X10 kassasına 100 manat məbləğində ödəniş edilmişdir.

8. 20.05.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, xəstə X8 görə “Loqos” Psixoloji və X10 kassasına 125 manat məbləğində ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək müalicə və müayinəsi məqsədilə məbləğin artırılaraq hər ay 1400 manat pul tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 26 aprel 2014cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan iki uşaqları olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)- 2572/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat və X11 3 yaşına çatanadək ona qulluğa görə 20 manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 manat olmaqla, 40 manat məbləğində aliment, cəmi 380 manat aliment onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 235 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda uşaqlar iki dərsə gedir, hər dərs 25 manat, iki dərs 50 manat təşkil edir, 20 manat isə taksi ilə dərsə gedib-gələsidir, ümumilikdə hər gün 70 manat məbləğində xərci çıxır. Aylıq isə 1400 manat miqdarında təşkil edir.

11. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddia tələbini qəbul etmədiyini, uşağın həqiqətən xəstə olduğunu və mütəmadi olaraq müalicə və müayinə olunduğunu bildiyini, lakin onun əlavə xərcləri qarşılamaq üçün maddi imkanının olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 1616/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi əsasında Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 müayinə və müalicə xərcləri üçün tutulan 100 manat əlavə xərcin məbləğinin artırılaraq hər ay 700 manat məbləğində müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək müayinə və müalicə xərcləri üçün Cavabdeh hər ay 700 manat pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 104 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il təvəllüdlü X1 problem mövcud olması və onun daimi olaraq müayinə və müalicəsinə aylıq 600 manat və əlavə olaraq müəyyən məbləğlərdə iddiaçı tərəfindən vəsait sərf edilməsi işin mübahisəsiz halıdır. Odur ki, bununla əlaqədar yaranan xərclərə uşağın atası Cavabdeh da cəlb edilməlidir.

14. Məhkəmə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrinin olduğunu, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsinin hər iki valideyninin də əsas vəzifələri olduğunu nəzərə alaraq, 1400 manatın deyil, həmin məbləğin ½ hissəsinin, yəni 700 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiq hesab etmişdir.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 56.1, 81.1, 81.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Ailə Məcəlləsinin 81-ci maddəsi qətnamədə qeyd olunsa da, faktiki olaraq həmin maddənin tələbləri pozulmuş, cavabdehi ağır maddi duruma məruz qoymuşdur. O, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəlki qətnamələr qəbul edilərkən onun iş yeri var idi, lakin hal-hazırda işsizdir, iddiaçının hazırki tələbi üzrə əlavə xərcləri qarşılamaq üçün maddi imkanı yoxdur. Onun işsiz olduğu barədə elektron sistemdə də məlumat öz əksini tapır. Bu barədə e-sosialdan aldığı arayışı şikayətinə əlavə edir. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 3-cümaddəsinin 1-ci hissəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Səbail Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə Konvensiyanın qeyd olunan maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, o, maddi vəziyyətinə uyğun olaraq həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş əlavə xərclərdə könüllü şəkildə iştirak etmişdir, lakin Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 700 manat nə onun maddi vəziyyətinə, nə də ki qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş ölkə üzrə yaşayış minimumunun 3 qat artıq məbləğdə təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə nəzərə almamışdır ki, autizm spektr pozuntusu (ağır dərəcəli) xəstəliyi dövlətin nəzartindədir. Yəni, bu xəstəlik dövlət hesabına pulsuz müalicə olunur və hətta bu xəstəliyə görə pensiya təyin olunur. İddiaçı da pensiya təyin olunması ilə bağlı müraciət etmişdir və pensiya da alır. Təyin edilmiş yaşayış minimumu nəzərə alınmaqla 492 manat aliment ödədiyi halda, əlavə olaraq aliment məbləğindən də daha artıq əlavə xərcin tutulmasının hansı meyarla müəyyən olunması məlum deyil. Məhkəmə onun həmin məbləği ödəyə bilməyəcəyini açıq-aydın gördüyü halda, məhkəmənin gəldiyi qənaət hər bir halda onun məsuliyyətə cəlb olunmağına xidmət edir. Bu isə açıq qərəzin olmasının bariz nümunəsidir. Qeyd edir ki, yuxarıda göstərilən məbləğ onun büdcəsinə uyğun deyil. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)- 2572/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi çıxarıldıqda o işləyirdi. İndi isə işləmir. Onun işsiz olmağı sistemdə açıq-aydın görünür. Məhkəmə isə buna heç bir əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən yalnız iddiaçının izahatını əsas götürmüş, cavabdehin izahatını nəzərə almamış, gəldiyi nəticə işin hallarına uyğun gəlmir və qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə təqdim olunmuş subutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məmzununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, ata evində yaşayır, özünün şəxsi heç nəyi yoxdur, qızıllarına qədər övladlarının sağlığına görə satmışdır. Cavabdeh uşağını müalicə üçün xaricə aparılmasına razılıq vermədi, 8 ay onu məhkəmələrdə süründürdü. Uşağın əlilliyinə görə 200 manat məbləğində məvacib alır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı: Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin edilmədiyindən və qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 müayinə və müalicə xərcləri üçün tutulan məbləğ 600 manat məbləğində müəyyən edilməlidir.

27. İşdən görünür ki, iddiaçının tələbi uşağın səhhətində mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyacı olduğundan, cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay tutulan məbləğin artırılması barədədir.

28. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmiş, onda uşaq autizmi, kanner sindromu diaqnozu müəyyən edilmişdir.

29. Hazırda cavabdeh müayinə və müalicə üçün tutulan 100 manat əlavə xərc məbləğinin artırılaraq hər ay 700 manat məbləğində müəyyən edilməsini mübahisələndirir və işsiz olduğundan əlavə xərcləri qarşılamaq üçün maddi imkanının olmadığına istinad edir.

30. İşdə olan “Theory of mind” Psixoloji Mərkəzin xx.xx.2025-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, tərəflərin övladı Əli Mirzəyev 6 yaş autizm spektr pozuntusu (ağır dərəcəli) diaqnozundan əziyyət çəkir, mərkəzdə psixoloji və loqopedik dəstək məqsədilə mütəmadi olaraq seanslara cəlb olunmuşdur, onun mərkəzdə aldığı xidmətlərə görə ödənişin məbləği aylıq 600 manat təşkil edir. Bundan başqa, uşağın digər seanslara da cəlb edildiyi iş materialları ilə təsdiq olunur.

31. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinə görə valideynlər məhkəmə tərəfindən müstəsna hallarla əlaqədar yaranmış əlavə xərclərə cəlb oluna bilərlər. Yetkinlik yaşına çatmamış uşaqlara münasibətdə qanunvericilik ağır xəstə, şikəst olan uşaqlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar belə xərclərin çəkilməsini zəruri hesab edir.

32. Cavabdeh apellyasiya şikayətində uşağın müalicəsi ilə bağlı iddiaçıya müavinət təyin olunduğunu bildirsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçının hər hansı əmək haqqı, sosial yardım, pensiya və müavinət alması müəyyən olunmamışdır. Bununla belə, cavabdeh məhkəmə iclasında uşağın əlilliyi ilə bağlı ona hər ay 200 manat məbləğində məvacib ödənildiyini etiraf etmişdir.

33. Kollegiya qeyd edir ki, uşağın müalicəsi ilə bağlı əlavə xərcləri qarşılamaq hər iki valideynin mənəvi borcu olmaqla, valideynin heç bir yerdə işləməməsi, gəlirinin az olması, yaxud hər hansı digər əsaslar onları bu xərcləri ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan hazırki halda cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay tutulan məbləğin artırılmaması uşağın mənafeyinə zidd olmaqla, onun üstün maraqlarının təminatı baxımından yolverilməzdir.

34. Lakin kollegiya iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən xx.xx.2019-cu il təvəllüdlü X6 psixoloji və loqopedik dəstək məqsədilə mütəmadi olaraq seanslara cəlb olunması ilə bağlı xidmətlərə görə aylıq ödənişin 600 manat təşkil edir.

35. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, uşaq ağır xəstə və ömürlük əlil olduğundan onun daimi olaraq qayğı və qulluğa ehtiyacı var, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi vəzifəsi də iddiaçının üzərinə düşür. Odur ki, iddiaçıya Dövlət tərəfindən ödənilən az məbləğdə məvacib qeyd olunanların bir qisminin kompensasiyası kimi nəzərə alına bilər. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan seanslarda iştirak etmək üçün ödənilən məbləğ uşağın nəqliyyat, müalicə ilə bağlı dərman xərclərini ehtiva etmir və bu xərclərin çəkilməsi də iddiaçının üzərinə düşür. Cavabdeh tərəfindən ödənilən minimum dolanacaq xərci məbləğində aliment isə uşağın qidalanmasına, geyiminə və digər bu kimi zəruri ehtiyaclarına sərf olunacaq məbləğdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi əsasında Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 müayinə və müalicə xərcləri üçün tutulan 100 manat əlavə xərcin məbləğinin artırılaraq hər ay 600 manat müəyyən edilməsi məqsədəmüvafiqdir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 1616/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1392/2024 nömrəli qətnaməsi əsasında Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 müayinə və müalicə xərcləri üçün tutulan 100 manat əlavə xərcin məbləği artırılaraq hər ay 600 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar