Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5690/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-1885/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh X5 (bundan sonra cavabdeh) birgə nikahından xx.xx.2008-ci il tarixdə X12 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) ¼ hissəsinin X5 xeyrinə tutulması qət edilmişdir. İddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Baş müəllim, eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqı müvafiq olaraq 900 və 1.430 manat təşkil edir. Cavabdeh “X29” MMC-də şöbə rəisi vəzifəsində çalışır, əmək haqqı 2.000 manat təşkil edir (elektron məhkəmə informasiya sisteminin məlumatı). İddiaçı ikinci dəfə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il təvəllüdlü 3 övladı var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4109/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan cavabdehin xeyrinə hər ay qazancının 1/8 hissəsi miqdarında alimentin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsinin cavabdehə verilməsi qət edilmişdi. O, X13 ilə 2-ci dəfə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017-ci il tarixdə X14, xx.xx.2018-ci il tarixdə X15 və xx.xx.2020-ci il tarixdə X9 doğulmuşdur. Ondan tutulan alimentin ümumi miqdarı qazancının qanunda nəzərdə tutulan hissəsindən artıqdır. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsində qeyd edilən və cavabdehə ödənilməli aliment miqdarı qazancın 1/4 hissəsindən 1/8 hissəsinə qədər azaldılmalıdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1885/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X16)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. İkinci dəfə ailə qurmaq, ikinci nikahdan uşağların olması, qazancın az olması valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. Məhkəmə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumunun həddini, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşağın böyüdüyünü və xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, alimentin azaldılması barədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, 34-cü maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci, 29.2-ci, 56.1-ci, 75.1-ci, 75.4-cü, 78.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 19-cu, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun 4 övladı var və onlardan 3-ü ikinci nikahdandır. Məhkəmənin fikrinə əsasən belə çıxır ki, əgər birinci nikah pozularsa və həmin nikahdan uşaq olarsa, o, hər bir əsasla ¼ miqdarında aliment almalıdır. Məhkəmə həmin işdə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə riayət etməmişdir. Ana və ata üçün övladlar arasında heç bir ayrıseçkilik ola bilməz. İddiaçının ümumi gəlirinin 25% bir övladı, digər 75% özü, həyat yoldaşı və 3 övladı arasında bölünürsə, bu artıq ədalətsizlikdir. Məhkəmə işin araşdırılması zamanı qanunun və hüququn analogiyasını nəzərə almayıb, maddi imkanların ədalətli və qərəzsiz şəkildə bölünməsini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh X11 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. .
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur; 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, aliment məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
22. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. İddia tələbi və apellyasiya şikayətinin dəlilləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
24. Bu baxımdan iddiaçı ailə və (və ya) maddi vəziyyətində dəyişikliyin olmasını və bu dəyişikliyin onun hazırda ödədiyi alimentin miqdarına təsir etdiyini, o cümlədən hazırki miqdarın ödənilməsini qeyri-mümkün etdiyini sübut etməli idi. Bununla bağlı, iddiaçı ikinci dəfə nikaha daxil olduğunu və bu nikahdan 3 övladının olduğunu, buna baxmayaraq, qazancının 25%-nin birinci nikahdan doğulmuş uşağın saxlanılması üçün tutulduğunu, qalan 75%-nin isə ona, həyat yoldaşına və hazırki nikahından doğulmuş 3 uşağa qaldığını bildirir, bu səbəbdən birinci nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün aliment kimi onun qazancının və digər gəlirlərinin 1/8 hissəsi miqdarında pulun tutulmasını xahiş edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, aliment öhdəliyi müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində həqiqətən də dəyişiklik olmuşdur. Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün məhkəmə qaydasında iddiaçının qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulduqdan sonra iddiaçı digər bir şəxslə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il tarixlərdə onun uşaqları olmuşdur. Lakin belə bir dəyişikliyin baş verməsi özü-özlüyündə qeyri-şərtsiz və birmənalı şəkildə müəyyən edilmiş alimentin miqdarının azaldılmasını şərtləndirmir. Hər bir halda, bu mövqedən çıxış edən iddiaçı ailə vəziyyətində baş vermiş bu dəyişikliyin onun maddi vəziyyətinə, alimentin miqdarının azaldılması zərurətini yaradacaq səviyyədə təsir etməsini sübut etməli idi. Lakin iddiaçı bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.
26. Digər tərəfdən iddiaçının hazırki nikahından olan uşaqları 2017-2020-ci illərdə doğulmuşdur. Hər bir halda, bu barədə qərar həmçinin, ailənin maddi imkanları, o cümlədən alimentin ödənilməsi öhdəliyin olması ilə yanaşı, 3 uşağın maddi cəhətdən saxlanılmasının mümkünlüyü nəzərə alınmaqla qəbul edilmişdir. Bu da öz növbəsində iddiaçının digər 3 uşağın maddi baxımından təmin edilməsinə təsir etmədən müəyyən edilmiş aliment miqdarının ödənilməsi imkanına malik olmasını təsdiq edir. Bununla bağlı o hal da nəzərə alınmalıdır ki, aliment miqdarının azaldılması barədə iddia da sonuncu uşağın doğulmasından iki il keçdikdən sonra qaldırılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bu tarixdən etibarən isə iddiaçının ailə və maddi vəziyyətində, ümumiyyətlə bu istiqamətdə hər hansı dəyişikliyin olması da müəyyən edilmir. Bu da öz növbəsində hazırki iddianın əsassız olmasını təsdiq edir.
27. Məhkəmə kollegiyası xüsusilə o halı da vurğulayər ki, “valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsi” dedikdə həmçinin, psixoloji və mənəvi baxımdan daha həssas təpəqə olan uşağın vərdiş etdiyi həyat tərzinin (təvəllüdünə uyğun istifadə etdiyi geyim və ləvazimatların, habelə qidanın dəyəri, ödəniş tələb edilən maraqları, o cümlədən asudə vaxtının keçirilməsi və sair) qorunub saxlanılması başa düşülür. xx.xx.2008-ci il təvəllüdlü X1 üçün iddiaçıdan artıq uzun illərdir ki, aliment tutulur. Bununla belə, iddiaçı tərəfindən ödənilən alimentin miqdarı cavabdehin aldığı əmək haqqı ilə birlikdə artıq uzun illərdir ki, onun həm valideynləri ilə birlikdə yaşadığı vaxtdakı, həm də hazırki təminatının səviyyəsini təşkil edir. Belə olan halda, alimentin miqdarının azaldılması bilavasitə uşağın maddi vəziyyətinə mənfi təsir göstərmiş olacaqdır. Bu halın mövcudluğu da iddianın hər hansı formada təmin edilməsini istisna edir.
28. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.
29. Hazırkı iş üzrə iddianın qiyməti (müəyyən edilmiş alimentin miqdarının qazancın və digər gəlirlərin 1/8 hissəsi miqdarında müəyyən edilməsi, yəni məbləğ etibarı ilə hazırda tutulan miqdarının yarısının tutulması tələb edilir) məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1885/2023 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.