Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5690/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1085/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçının əri X1 cavabdehlə əmək münasibətində olub. xx.xx.2016-cı ildə cavabdehlə əmək münasibətində olan digər şəxs - X2 əmək vəzifələrini icra edərkən ehtiyatsızlıqdan iddiaçının ərinə həyatla bir araya sığmayan xəsarətlər yetirib və o, aldığı xəsarətlərdən ölüb. X2 törətdiyi əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan “tikintidə yenidənqurma işləri aparılmasının təhlükəsizlik qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda” cinayətinin törədilməsində təqsirli bilinərək məhkum olunub. 2.İddiaçı və ərinin nikahı xx.xx.1998-ci ildə bağlanıb. Onların 4 övladı var: 1) xx.xx.2001-ci il təvəllüdlü Arzu Məmmədova; 2) xx.xx.2003-cü il təvəllüdlü Nazlı Məmmədova; 3) xx.xx.2006-cı il təvəllüdlü Aysun Məmmədova; 4) xx.xx.2015-ci il təvəllüdlü Cabbar Məmmədov. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi ölüm hadisəsindən 8 ilə yaxın vaxt keçdikdən sonra – xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçının ərinin ölümü nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 100.000.000 (yüz milyon) manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 40.000 (qırx min) manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 320 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.İddiaçı 1980-ci il təvəllüdlüdür. O, 2016-cı ildə, yəni 36 yaşı olarkən 18 il birlikdə yaşadığı ərini və 4 övladının atasını itirib. Həmin vaxt övladlardan ikisi yetkinlik yaşına çatmayan olub, əri öldükdən sonra iddiaçı onları atasız böyüdüb. İddiaçının əri həm də ailəni dolandıran olub. 8.Baş vermiş hadisə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, nəticədə o, mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. 9.Cavabdeh iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 10.Birinci instansiya məhkəməsi iddiaçıya ödəniləcək təzminatın məbləğini düzgün olaraq 40.000 manat müəyyən edib. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdehin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir. 11.Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisləndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 12.Qeyd edilməsi zəruridir ki, ölüm faktına görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiaların verilməsində sui-istifadə halları mövcuddur. Belə ki, ölmüş şəxsin ailə üzvləri və qohumları birgə iddiaçılar kimi deyil, növbə ilə ayrı-ayrı iddiaçılar kimi iddialar qaldırır və hər bir iddia əvvəlki iddia həll edildikdən sonra verilir. Həmin iddialara baxılarkən ölmüş şəxsin bütün ailə üzvləri və qohumlarının üçüncü şəxs kimi işə cəlb edilməsi sui-istifadə hallarının qarşısını almayacaq. Birinci, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan subyektlərin dairəsinin qabaqcadan dəqiq müəyyən edilməsi mümkün deyil. O cümlədən yalnız qohumluq münasibətinin olması faktı öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün kifayətedici əsas hesab edilmir, çünki elə qohum var ki, ölən şəxslə onun arasında genetik bağlılıq olsa da mənəvi bağlılıq yoxdur. İkinci, işə cəlb ediləcək ailə üzvləri və qohumlar gələcəkdə mənəvi zərərə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət etməyəcəklərini vəd etsələr belə, bunun hüquqi əhəmiyyəti olmayacaq, çünki məhkəməyə müraciət etmək hüququndan imtina etibarsızdır (MPM, maddə 4.2). O cümlədən Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. 13.Sui-istifadə hallarının qarşısının alınması üçün mənəvi zərərə görə kompensasiya tələb etmək hüququ olan şəxslərin dairəsi və həmin hüququn həyata keçirilməsi şərtləri (qısaldılmış xüsusi iddia müddəti və s.) qanunvericlik qaydasında müəyyən edilməlidir. Bunun üçün isə qanunvericilik təşəbbüsü hüququ olan subyektlər (məs., Ali Məhkəmə) bu hüququndan istifadə edə bilər. AR Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “...dəymiş mənəvi zərərin ödənilməsinin şərtləri və ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin bu zərər görə təzminat almaq hüququ olan yaxınlarının dairəsi qanunvericilik qaydasında dəqiq müəyyənləşdirilə bilər”. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1085/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5690/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5690/2024
11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver