Məhkəmə qərarları › İş №2(103)-5691/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5691/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5691/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qısmində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3433/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X9 ilə X2 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir.

2. X16 əmək müqaviləsinə əsasən Cavabdeh X28-Xilasetmə xidmətində işləməklə, yol vərəqəsi əsasında idarə etdiyi və Cavabdehnə məxsus “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2012-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçının həyat yoldaşı olan X3 ölümünə səbəb olmuşdur.

3. Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmünə əsasən, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququqndan məhrum edilməklə 8 il müddətinə azaldıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli xx.xx.2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökm xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qısmində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 60.000.000 (altmış milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, həmçinin “Ekol” Vəkil Bürosu ilə bağladığı müqaviləyə əsasən ödədiyi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı ailələrinin yeganə qazanc gətirən şəxsi mərhum yoldaşının bədəni elə bir vəziyyətə düşmüşdü ki, gördüyü gündən bu günə qədər ürəyi sızlayır. O an rastlaşdığı mənzərədən sonra gözlərini rahat yuma bilmir, gecələr yuxuya gedənə qədər zülm çəkir. Onlar həyat yoldaşı ilə 2007-ci ildə ailə həyatı qurmaqla evlənmişlər. Birgə nikahlarından bir oğlan və bir qız uşaqları dünyaya gəlmişdir. Lakin evlilikləri çox çəkməmiş, işinə vicdansız, laqeyd və səhlənkar yanaşan şəxslərin məsuliyyətsizliyi ucbatından onların xoşbəxt ailə bağları bədbəxtçiliyə düçar olmuşdur. Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X17 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, “VAZ-21063” minik markalı AZ ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, həmçinin mərhum həyat yoldaşı X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Belə ki, X17 31 avqust 2012-ci il tarixində, saat 18:26 radələrindən idarə etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsus “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtobusda Qazax istiqamətində hərəkətdə olarkən Bakı-QazaxGürcüstan yolunun 60-cı kilometrində, Qaradağ rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, X13 Bakı istiqamətində idarə etdiyi “VAZ- 21063” minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün sola istiqamətlənərək əks hərəkət hissəsinə çıxdığını, təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, Cavanşir Əsədovun idarə etdiyi avtomobilin qabaq sol hissəsi Qazax istiqamətindəki hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra yol nəqliyyat hadisəsi yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, “VAZ-21063” markalı avtomobilin sürücüsü X18 və həmin avtomobildə olan sərnişinlər – X9 və X5 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, habelə “VAZ-21063” markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs – X17 Azərbaycan Respublikasının CM-nin 263.3 və 264-cü maddələri (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda; Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilən materiallardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 17 sentyabr 2012-ci il tarixli 121 saylı rəyində göstərilir ki, mərhum X3 meyitində kəllənin sağ yarısında beyin toxumasına, beyin mədəciklərinə, beynin yumşaq qişasına qansızma, sağ alın-təpə-gicgah nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının, sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər 31 avqust 2012-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, Elməddin Hüseynovun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər, onun ölümünə səbəb baş-beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. Tədqiqat materiallarına daxil edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 17 fevral 2014-cü il tarixli, 2288 saylı rəyindən görünür ki, təhlükə yaranan anda toqquşmaya kimi “VAZ-2106” markalı avtomobilin 12 metr məsafə qət etməsi və toqquşmanın “VAZ-2106” markalı avtomobilin öz yoluna doğru istiqamətlənmiş vəziyyətində baş verməsi şəraitində “İVECO OTOYOL M23.9” markalı Az ** FH *** nömrə nişanlı avtobusun sürücüsü X11 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/14 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cinayət işindən aşkardır ki, hadisə Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X11 təqsiri ucbatından baş vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyim hallar, iztirab, əzab və mənəvi sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi cavabdeh – Cavabdehndən alınaraq ona ödənilməlidir.

3. Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tərəfin istinad etdiyi AR Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edir ki, Cavabdeh mərkəzi icra hakimiyyəti orqanıdır. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, mənəvi zərər cavabdehin qanunsuz hərəkətinin nəticəsində baş verməlidir. 31 avqust 2012-ci il tarixində X17 FHN-nin X28-Xilasetmə Xidmətinin rəisinin əmri ilə FHN-nin X28 Xilasetmə Xidmətinin Dib dərinləşdirmə işləri idarəsinə sürücü vəzifəsinə təyin edilmişdir, yəni ki Cavabdeh birbaşa əmri olmamışdır. Həmin gün şəxs əməyin təhlükəsizliyi üzrə təlimatlandırılmışdır. Şəxsin tutduğu vəzifəni müəyyən edən onun sürücülük vəsiqəsidir. Şəxs həmin anda ona AR DİN tərəfindən verilmiş D, E kateqoriyasına malik sürücülük vəsiqəsinə sahib olmuş və həmin kateqoriyanın icazə verdiyi nəqliyyat vasitəsi idarəetmə səlahiyyətində və qabiliyyətində olmuşdur. Həmin şəxsin işə götürülməsində Cavabdeh heç bir qanunsuz hərəkəti olmamışdır. Cavabdeh dövlət orqanı olaraq həmin şəxsi işlə təmin etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizə də tərəflərindən təqdim edilmişdir. Hadisə 2012-ci ildə baş vermişdir. Həmin hadisədən artıq uzun müddət keçmişdir. Mənəvi zərər mənəvi hisslərdən qaynaqlanırsa, həmin hisslər iddiaçının hadisə barədə məlumat aldığı andan başlamışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3433/2024 saylı 24 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X12 qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh məsuliyyət daşıyır. İddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun arvadı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

6. Həmçinin məhkəmə qeyd etmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, X.Məmmədov Cavabdeh işçisi olmaqla sonuncu tərəfindən verilmiş yol vərəqəsi əsasında avtobusu idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən Cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı Cavabdehnə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur.

7. Məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb etdiyi 60.000.000 (altmış milyon) manat məbləğini yüksək hesab edərək, qeyd etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər.

8. Bundan başqa cavabdeh tərəfin təqdim etdiyi iddia müddəti tətbiq ediməsi barədə ərizə ilə bağlı qeyd etmişdir ki, iddiaçının həyat yoldaşının ölümünə səbəb olan hadisə üzrə təqsirləndirilən X.Məmmədov barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmü 7 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddianın qanuni əsası Mülki Məcəllənin 1096.1,1097.1,1099-cu maddələri təşkil edir. Şəxsin təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin tarixdən 10 illik ümumi iddia müddəti ötürülməmişdir.

9. Məhkəmə öz mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3433/2024 saylı 24 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən iddia müddətinin tətbiq olunması barədə müraciətə Yasamal Rayon Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/2014 saylı hökmünün 07 yanvar 2015-ci il tarixdə qanuni qüvvəyə minməsini və Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilmiş 10 illik iddia müddətinin ötürülmədiyini əsas gətirərək təmin etməmişdir. Hesab edir ki, hadisənin 31 avqust 2012-ci il tarixində baş verdiyini nəzərə alaraq iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının mənəvi iztirabları hökmün qanuni qüvvəyə mindiyi gündən deyil, hadisənin baş verdiyi tarixdən və iddiaçının iddiasına əsasən həyat yoldaşının ölümünə səbəb olmuş halları gördüyü 2012-ci il tarixdən artıq başlamış idi. Beləliklə, birinci instansiya məhkəməsi işingöstərilən hallarına düzgün qiymət verməmiş, iddianı qismən təmin etməklə əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2(004)-3433/2024 nömrəli qətnaməsi ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, şəxsin mənəvi hissləri onun yaxın qohumunun vəfatından başlamış olur və şəxs artıq bu hissləri keçirmiş olur. Hadisə 2012-ci il tarixində baş verdiyi andan artıq baş vermişdi, mənəvi hisslər artıq formalaşdığı andan əmələ gəlir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

19.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 22.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 23.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 24.376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 25.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 26.384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. 27.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 28.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 29.1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

30.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmin qərara əsasən mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına əsasən

32.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

35.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 39.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 40.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 44.İş materiallarından da göründüyü kimi hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. 45.Qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, işəgötürənin zərər görmüş üçüncü şəxslər qarşısında maddi hüquq məsuliyyətinin yaranması üçün işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fiziki şəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. 46.Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. 47.Hazırkı işdə də, iddia üzrə araşdırma predmeti olan cavabdehin (işçisinin törətdiyi əmələ görə) qeyd edilən normalar çərçivəsində mülki-hüquq məsuliyyəti daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olduğu qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mülki icraat qaydasında işə baxan məhkəmənin yenidən araşdırma predmeti ola bilməz. 48.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs – X17 Azərbaycan Respublikasının CM-nin 263.3 və 264-cü maddələri (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda; Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/14 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. 49.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 17 sentyabr 2012-ci il tarixli 121 saylı rəyində göstərilir ki, mərhum X3 meyitində kəllənin sağ yarısında beyin toxumasına, beyin mədəciklərinə, beynin yumşaq qişasına qansızma, sağ alın-təpə-gicgah nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının, sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər 31 avqust 2012-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, Elməddin Hüseynovun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər, onun ölümünə səbəb baş-beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. 50.Tədqiqat materiallarına daxil edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 17 fevral 2014-cü il tarixli, 2288 saylı rəyindən görünür ki, təhlükə yaranan anda toqquşmaya kimi “VAZ-2106” markalı avtomobilin 12 metr məsafə qət etməsi və toqquşmanın “VAZ-2106” markalı avtomobilin öz yoluna doğru istiqamətlənmiş vəziyyətində baş verməsi şəraitində “İVECO OTOYOL M23.9” markalı Az ** FH *** nömrə nişanlı avtobusun sürücüsü X11 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 51.Göründüyü kimi, X3 ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verən zaman həmin hadisəsinin törədilməsində təqsirli bilinmiş X1 Hallar Nazirliyinin X23 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləmiş və həmin idarəyə məxsus “İveco Otoyol M23.9” markalı AZ **-FH-*** dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqəsi əsasında idarə etmişdir. 52.Beləliklə iddiaçının istinad etdiyi faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Hazırkı halda da Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən cavabdehin işəgötürən olaraq üçüncü şəxsə dəymiş zərəri qarşılamaq öhdəliyi yaranmışdır. Bundan başqa iddiaçının baş vermiş hadisə nəticəsində ərinin ölməsi ilə əlaqədar mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. 53.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat həcmində müəyyənləşdirməklə onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul etmişdir. Belə ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

54. Cavabdeh apellyasiya şikayətində həm də məhkəmənin iddia müddətinin tətbiqi barədə qaydalara düzgün istinad etmədiyini, belə ki, hadisənin 31 avqust 2012-ci il tarixində baş verdiyini, on illik iddia müddətinin axımının həmin tarixdən başlanmış olduğunu, məhkəmənin isə bu halları nəzərə almadığını qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə iddia müddətininin təbiqi və həmin müddətin hesablanmasına dair sərgilədiyi mövqe ilə razılaşmasa da, hesab edir ki, məhkəmənin qətnaməsi digər hissədə ümumilikdə qanunauyğun olmuşdur və cavabdehin öz apelyasiya şikayətində istinad etdiyi hallar qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

55. Bununla belə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

56. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

57. Göründüyü kimi əmlak münasibətləri ilə bağlı olmayan münasibətlərin obyektini əmlak dəyəri olmayan şəxsi qeyri-maddi nemətlər (məsələn: hər bir şəxsin şəxsi həyatı, sağlamlığı, şərəfi, ləyaqəti, işgüzar nüfuzu və sair) təşkil edir. Bu münasibətləri tənzimləyən mülki hüquq normalarının məcmusuna şəxsi qeyri-əmlak hüququ deyilir.

58. Mülki Məcəllənin 384.0.1-ci maddəsinin mənasına görə, şəxsi qeyri-əmlak hüquqlarının və başqa qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti aid edilmir. Bu hüquqların və nemətlərin müdafiəsi barədə tələb istənilən müddətdə irəli sürülə bilər və məhkəmə tələbi əsaslı saydıqda hüququn və qeyri-maddi nemətin məcburi qaydada müdafiəsi barədə qərar qəbul edə bilər. Bu qayda həmin hüquqların müddətsiz xarakteri ilə bağlıdır və onların toxunulmazlığı müvafiq beynəlxalq aktlardan, konstitusiya müddəalarından irəli gəlir.

59. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabı ilə bağlıdır və mənəvi zərər ödənilərkən şəxsin daxilində çəkdiyinin müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə, yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Beləliklə də, mənəvi zərərin kompensasiyası zamanı anadangəlmə və ya qanun əsasında iddiaçıya məxsus olan qeyri-maddi nemətlərin müdafiə olunması üçün istifadə olunan ümumi mülki-hüquqi sanksiyasıdır, yəni ümumi xarakterli mülki-hüquqi müdafiə üsuludur və bu cür şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi haqqında tələblərə isə iddia müddəti ümumiyyətlə tətbiq edilmir.

60. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

62. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı ümumilikdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3433/2024 saylı 24 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar