Məhkəmə qərarları › İş №2(103)-5693/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5693/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5693/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Zakir qızına qarşı “aliment borcunun silinməsi və azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(004)-4540/2024 nömrəli mülki iş üzrə, hakim Ülkər Xəlil) qərardadı ilə qanunla müəyyən olunmuş qaydada verilmədiyindən (cavabdehin olduğu yer üzrə verilmədiyindən) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Zakir qızının rəsmi qeydiyyat ünvanı ünvan 1, iddiaçı apellyasiya şikayətində cavabdehin ünvan 2 ünvanında yerləşən yataqxanada yaşadığını qeyd etsə də, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi cavabdehin qeydə alındığı (Füzuli rayonu, Füzuli şəhəri, Azadlıq küçəsi, dalan-8,ev 3) üzrə verilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Füzuli rayonu, Füzuli şəhəri olduğundan tələbinə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. MPM-in 152.1.3-ci maddəsinin tələblərindən göründüyü kimi, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur. MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh Zakir qızına qarşı “aliment borcunun silinməsi və azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4540/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4540/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar