Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-570/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X15, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı X8 cavabdehlər Bakı şəhərı 8 saylı Notarıat Ofisinə, X9, X16 və X17 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamə, bağışlama, alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(002)-1795/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 051538 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2001-ci il tarixli, 30/2147 saylı arayışından görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili X26 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/114435 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. AZ seriyalı No 108208 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 20 iyul 2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 avqust 2001 ci il tarixində 277 nömrəsi ilə qeydiyyat aparılmışdır. AZ seriyalı No 026550 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 21 aprel 2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 28 aprel 2000-ci il tarixində 68 nömrəsi ilə qeydiyyat aparılmışdır. İİİ-JQ seriyalı 358337 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X27, X19dır. Vİ-JQ seriyalı 388024 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X27, X19dır. X10 ünvan ünvanladığı xx.xx.2001-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş anasından miras qalmış Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzildən ona düşən vərəsəlik payından X3 xeyrinə imtina etmişdir, gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X26 vərəsəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzildə yaşayan qızı X12r. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 43,60 kv.m, ümumi sahəsi 69,5 kv.m olan 18 saylı mənzildir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 094964 saylı qeydiyyat vəsiqəsinin surətindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli, 30/1097 saylı arayışından görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzil X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/26054 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. X21 ilə X28 arasında xx.xx.2002-ci il tarixdə notarial qaydada bağlanmış 143132 saylı müqavilənin surətindən görünür ki, X21 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili X2. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X26 vərəsəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, İddiaçı küçəsi, ev 14, 2 saylı mənzildə yaşayan qızı X12r. Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabındakı məbləğdən ibarətdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X18 vərəsələri Bakı şəhəri, Lökbatan qəsəbəsi, İddiaçı küçəsi, ev 14, 2 saylı mənzildə yaşayan qızları X21 (1/2 hissə) və X13r (1/2 hissə). Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablarındakı məbləğdən ibarətdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 106271 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cə məhəllə küçəsi, 14 saylı evin 28,45 kv.m yaşayış sahəsində ibarət 2 (iki) otaqlı 2 saylı mənzili X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/4903 nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X21 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, 14 saylı evin 2 saylı mənzilini bacısı qızı Cavabdeh4 bağışlamışdır. Həmin müqavilə Cavabdeh2 (X11 əvəzinə) tərəfindən imzalanmışdır. 1504/69 saylı ölüm haqqında arayışdan görünür ki, X21 14 yanvar 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə 2 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 02 aprel 2021-ci il tarixində 254 nömrəsi ilə qeydiyyat aparılmışdır. Bununla yanaşı AZ-İ seriyalı, 065313 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X22 05 iyun 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Biləsuvar rayon İHB-nın Xırmandalı kəndi üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasına əsasən, İddiaçı 2004-cü ildə ölkədən çıxışı, 2005-ci ildə giriş və çıxışı, yenidən 2005-ci ildə girişi, 2006-cı ildə çıxışı, 2007-ci, 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2014-cü, 2015-ci (eyni ildə iki dəfə), 2018-ci il (eyni ildə iki dəfə), 2022-ci illərdə girişi və çıxışı barədə məlumatlar qeydə alınmışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X28 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 1A, 18 saylı mənzili X4. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “MERCEDES BENZ C180” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə X11 mülkiyyətində olmuş, xx.xx.2021-ci ildə özgəninkiləşdirilmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, etibar edən X32 xx.xx.2014cü il tarixdə “MERCEDES BENZ C180” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2015-ci il tarixədək Cavabdeh3 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X24 cavabdehlər Bakı şəhərı 8 saylı Notarıat Ofisinə, X9, X16 və X17 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli, 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, habelə bacısı X21 ruhi xəstəlikdən əziyyət çəkdiyindən onun adından Cavabdeh2 verilmiş ƏN-İ № 854590 seriya nömrəli, xx.xx.2020-ci il tarixli (qeyri iş günü tarixli) etibarnamənin, həmin etibarnamə əsasında X11 adından (Cavabdeh2 tərəfindən) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinin cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış 4-Ə reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, habelə X3 adında olmuş "Mercedes Benz C180" minik markalı, **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamənin, bağışlama, alqı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlakların hüquqi vəziyyətinin əvvəlki vəziyyətinə qaytarılması, həmin miras qalmış daşınar və daşınmaz əmlaklar, pul vəsaitlərinin mülki qanunvericiliyə müvafiq olaraq vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, xeyli müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. X19 xx.xx.2001-ci ildə vəfat etdikdən sonra onun Rusiya Federasiyasında daimi yaşamağından sui-istifadə olunaraq ondan xəbərsiz cavabdeh 8 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X19nın mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 1A saylı evin 18 saylı mənzili təkcə X3 mülkiyyətinə keçmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ruhi xəstəlikdən əziyyət çəkən X3 xəstəliyindən sui-istifadə edərək həmin mənzili cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış 4-Ə1/12 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin xeyrinə özgəninkiləşdirmişlər. Həmçinin, cavabdeh 8 saylı Notariat Ofisində açılmış 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X19nın adına olan Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabdakı pul vəsaiti və mərhum atası X18 adına olan Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 ve 20532 nömrəli hesablardakı pul vəsaiti bacıları X21 və X22 tərəfindən miras olaraq qəbul edilmişdir. Hazırki iddia ərizəsinə qoşma edilmiş notariat işlərindən görünür ki, cavabdeh 8 saylı Notariat Ofisi vərəsəlik işinin açılması barədə onu qəsdən xəbərdar etməmiş və nəticə etibarı ilə o, mərhum X19ndan və atası X14 miras qalmış daşınmaz əmlakdakı və pul vəsaitlərindəki miras payından məhrum olmuşdur. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh 8 saylı Notariat Ofisi ilə qeyri prosessual münasibətlər quraraq notariusu ələ almış, həmin Notariat Ofisində ruhi xəstəlikdən əziyyət çəkən mərhum X3 adından Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli (qeyri iş günü) ümumi etibarnamənin alınmasına nail olmuşlar və həmin etibarnamə əsasında Cavabdeh2 mərhum X3 adında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilini həmin Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında qardaşı qızı olan, digər Cavabdeh3 qızı Cavabdeh4 bağışlamışdır. Bununla yanaşı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ruhi xəstəlikdən əziyyət çəkən X3 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə, yəni bacısının ölümündən iki gün əvvəl alqı-satqı müqaviləsi əsasında digər şəxsin xeyrinə özgəninkiləşdirmişlər. Bildirir ki, mərhum X19 xx.xx.2001-ci il tarixdə, mərhum atası X27 xx.xx.2000-ci il tarixdə, bacısı X22 xx.xx.2015-ci il tarixdə, bacısı X21 xx.xx.2021 ci il tarixdə vəfat etmişlər. X3 adından Cavabdeh2 xx.xx.2020-ci il tarixli (qeyri iş günü) etibarnamənin onun ölümündən 14 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində verildiyi, mərhum X3 adında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinin onun ölümündən 7 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 qızı Cavabdeh4 bağışlandığı, habelə X3 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun ölümündən 2 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə X5 xeyrinə özgəninkiləşdirildiyi görünür. Həmçinin, mərhum X3 adında olmuş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzili onun ölümündən 7 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixində Cavabdeh3 qızı Cavabdeh4 bağışlanıldığı dövrdə Azərbaycan Respublikasında "Covid-19" pandemiyası ilə əlaqədar qapanmalara görə hər bir dövlət orqanının, xüsusilə də notariusların fəaliyyəti dayandırılmışdır. Məhz cavabdehlərin qabaqcadan düşünülmüş planı üzrə cavabdeh 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 1A saylı evin 18 saylı mənzili təkcə X3 mülkiyyətinə keçmiş, sonuncunun ruhi xəstə olmasından istifadə olunaraq həmin mənzil cavabdehlərin düşünülmüş planları üzrə cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş, habelə cavabdeh 8 saylı Notariat Ofisində açılmış 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X19nın adında olmuş Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabdakı və mərhum atası X18 adında olmuş Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 ve 20532 nömrəli hesablarındakı pul vəsaitləri bacıları X21 və X22 tərəfindən miras olaraq qəbul edilməklə o, mərhum X19ndan, atası X14 və ruhi xətəlikdən əziyyət çəkən mərhum bacısı X6 qanun üzrə vərəsəlik qaydasında 1-ci və 2-ci növbə üzrə miras payından məhrum olmuşdur. Hesab edir ki, cavabdeh 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli, 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə bacısı X21 ruhi xəstəlikdən əziyyət çəkdiyindən onun adından Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə, həmin etibarnamə əsasında X11 adından Cavabdeh2 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinə dair bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, habelə X3 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onların hüquqi nəticələri ləğv edilərək əvvəlki vəziyyətinə qaytarılmalı, həmin miras əmlaklar mülki qanunvericiliyə müvafiq olaraq vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(002)- 1795/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilk öncə 2001-ci ildə və 2012-ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların hüquqi nəticələrinin etibarsızlığını tələb etməkdədir. Bu tələblə bağlı məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Halbuki, Dövlət Sərhəd Xidmətinin arayışından iddiaçının həmin illərdən sonra dəfələrlə ölkəyə gəlib getdiyi aydın olur. Ona görə də iddiaçı tərəfindən mirasın qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, göstərilən hissədə iddia tələbi əsassız hesab olunmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2020-ci ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, həmin əqdlər Sevinc Həsənovanın sağlığında onun tərəfindən notarial qaydada verilmiş etibarnamələr əsasında həyata keçirilmiş, bu zaman onun fəaliyyət qabiliyyətinin mövcudluğu notarius tərəfindən yoxlanılmışdır. Digər tərəfdən, Sevinc Həsənovanın ruhi xəstəliyi ilə bağlı iddiaçı tərəfin dəlili barədə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə həmin dəlil 19 saylı BŞX-nın poliklinika şöbəsi tərəfindən verilmiş 165 saylı xx.xx.2020-ci il tarixli çıxarış və şahidlər A.Babayev, M.Musayeva, S.Teymurovanın ifadələri ilə təkzib edilmişdir. Eyni zamanda, qanunvericilikdə notariat ofisinin qeyri-iş günləri işləməsini və müvafiq xidməti göstərməsini qadağanedici hüquq norması mövcud deyildir. Ona görə də qeyd olunan əqdlərin etibarsızlığı üçün hər hansı hüquqi əsasın mövcudluğu müəyyən edimədiyindən, iddia tələbi bu hissədə də əsassız hesab olunaraq təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.1, 325.3, 334.2, 337.1, 390.1, 407.2, 1133., 1133.2, 1243.1, 1243.2, 1246, 1248.1, 1273.1; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9 və 35-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dəfələrlə məhkəmədən iş üçün mühüm əhmiyyətli kəsb edən və vəkil sorğusu əsasında əldə edə bilmədiyi X11 psixi xəstəlikdən əziyyət çəkməsinə dair müvafiq tibbi sənədlərin sonuncunun müalicə aldığı 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Polikilinka şöbəsindən və 3 saylı şəhər Klinik Xəsətəxanasından götürülməsi haqqında vəsatət qaldırsa da məhkəmə hər dəfə müəyyən bəhanələr gətirərək həmin vəsatətlərinə münasibət bildirməmiş, bununla bağlı qətnamədə də heç bir qeyd aparılmamışdır. Buna səbəb hər dəfə həmin vəsatət ilə məhkəməyə müraciət edəndə məhkəmə iclasına sədrlik edənin müəyyən jestlərlə məhkəmə iclas katibinə işarə edib məhkəmə iclasının audio və vidieo yazısını dayandırıb vəsatətinə münasibət bildirirdi. Buna görə də, həmin vəsatətləri və onlar məhkəmənin münasibət bildirilməsi dəfələrlə tələb etməsinə baxmayaraq məhkəmə iclas protokolundan kənarda qalırdı. Həmçinin, məhkəmə iclasında dəfələrlə cavabdeh 8 saylı notariat ofisinin nümayəndəsinin iştirakı ilə mülki işə baxılmasını tələb etsə də, məhkəmə həmişə ki qaydada həmin vəsatətlərini heç bir əsas gətirmədən yalnız, cavabdehin onun iştirakı olmadan mülki işə baxılması haqqında məktubuna istinad edərək vəsatətlərini təmin etməmişdir. Baxmayaraq ki, bütün saxtakarlıqlar, yəni iddia tələbinin əsas özəyini təşkil edən bütün qanunsuzluqlar cavabdeh 8 saylı notariat ofisində baş tutmuş, lakin həmin yol verilmiş qanunsuzluqlarla bağlı cavabdeh 8 saylı notariat ofisinin nümayəndəsi məhkəmədə qəsdən dindirilməmişdir. Belə ki, iddia ərizəsində sadalanan və etibarsız hesab edilməsi tələb olunan vərəsəlik şəhadətnamələri və etibarnamənin verilməsi ilə bağlı yol verilən bütün qanunsuz notariat hərəkətləri adı çəkilən cavabdeh 8 saylı notariat ofisində rəsmiləşdirilmiş, məhkəmə isə heç bir əsas gətirmədən həmin qanunsuz hərəkətlərin guya notariat ofisi tərəfindən yoxlanıldığına istinad etmişdir. Hazırki mülki iş üzrə iddiaçı tərəf olaraq ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququ birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozularaq iddiaçı tərəf olaraq tələb etdiyi Sevinc Həsənovanın qeyd olunan notariat hərəkətlərinin aparıldığı dövrdə həqiqətəndə heç bir xəstəlikdən əziyyət çəkmədiyi, psixi pozuntusunun olmadığı sübuta yetirilməmişdir. Baxmayaraq ki, həmin faktın yəni Sevinc Həsənovanın göstərilən notariat hərəkətlərinin aparıldığı vaxtda psixi xəstəlikdən əziyyət çəkdiyini, yəni anlaqsız vəziyyətdə olması faktını təsdiq edəcək tibbi sənədlərin 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Polikilnika şöbəsindən və 3 saylı şəhər Klinik Xəsətəxanasından götürülməsi haqqında dəfələrlə məhkəmə qarşısında vəsatət verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.3-cü maddəsinə əsasən, əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1 və 1243.2. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. 1272. mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərar Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X22 və X21 iddiaçıların bacıları olub. Samirə Həsənova 2015-ci ildə, Sevinc Həsənova 2021-ci ildə vəfat edib. Onların ataları 2000-ci ildə, anaları 2001-ci ildə vəfat edib. Anaları vəfat etdikdən sonra 3 otaqlı mənzil miras əmlak kimi qalmışdır. Samirə Həsənova həmin əmlakda olan öz payından Sevinc Həsənovanın xeyrinə imtina etmiş və Sevinc Həsənovaya həmin evlə bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. X46 mülkiyyətinə keçdikdən sonra satılmış və iki otaqlı ev alınmışdır. Həmin iki otaqlı ev X20 Teymurovaya bağışlanmışdır. 2012-ci ildə eyni zamanda atalarından və analarından miras qalmış əmanət kitabçalarında olan vəsaitə dair hər iki bacıya vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırda iddiaçı ilk öncə 2001-ci ildə və 2012-ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların hüquqi nəticələrinin etibarsızlığını tələb etməkdədir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən hesab etmişdir ki, iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, qətnamə düzgün əsaslandırmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən bu hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir.” Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. İş materiallarından göründüyü kimi hazırki iş üzrə iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası, yəni, ev və əmanət kitabçalarında olan vəsaiti qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirasları nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Bununla belə Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, hazırda mirasın qəbul etmək üçün müddət müəyyən edilmədiyindən, iddiaçının bu miras əmlakları qəbul etməsi faktı tanınmalıdır. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, həmin halın mövcudluğu iddia tələbinin qeyd edilən miras əmlaklar, yəni ev və əmanət kitabçasında olan vəsaitlər hissəsində əsaslı olması və təmin edilməsi anlamına gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən yanaşıldıqda iddiaçının miras əmlakı qəbul etməsi faktı tanınmalı olmasına baxmayaraq iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından 2001-ci ildə və 2012ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirmək üçün 2 aylıq müddəti ötürmüşdür. Belə ki, işin faktiki hallarından isə göründüyü kimi iddiaçı uzun müddət əvvəl daimi olaraq Rusiyaya köçüb getmişdir, Rusiya vətəndaşıdır, bununla belə iddiaçı dəfələrlə 2004-cü ildən etibarən Bakı şəhərinə gəlib-getmişdir, atası, anası və bacılarının ölümündən xəbəri olmuşdur. evin satılmasından və hazırda miras əmlak olması iddia olunan 2 otaqlı evin alınmasından xəbərdar olmuşdur. Belə olan halda iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, başqa sözlə, iddiaçının tələbi haqlı olsa da, hazırki iddianı qaldırmaq üçün qanunvericilikdə yəni, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddəti, yəni iki ay müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir... Göründüyü kimi, tərəflərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2001 və 2012-ci illərdə verilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddət olmaqla həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət olmamışdır. Məhkəmə kollegiyası qeyd olunan əsaslara istinad edərək hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, və miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi, 2020-ci ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, bu tələblər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbindən törəmə tələblərdir. Məhkəmə kollegigyası bu qənaətini prosessual qənaət prinsipi ilə əsaslandırır Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi maşın valideynlərindən qalmış miras kütləsinə daxil olmamışdır. İş materiallarından görünür ki, avtomaşın iddiaçının bacısının mülkiyyətində olmuş və sonuncunun sağlığında ikən özgəninkiləşdirilmişdir. İddiaçının qeyd edilən avtomaşının özgəninkiləşdirilməsinin qanunsuzluğuna dair irəli sürdüyü dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hissə üzrə birinci instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslı olmuşdur. Buna görə qeyd edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbi miras əmlaklara dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(002)- 1795/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamə, bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi” barədə iddia tələbi qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslara görə təmin edilməsin. Qətnamə qalan, yəni avtomaşına dair hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə