Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5706/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Ruslan Usubovun iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin x1 Fonduna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv olunması” tələbinə dair 2(006)-2427/2019 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin x1 Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin (bank) x1 Fonduna (Fond) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanındakı 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 m2 ümumi, 1574,2 m2 əsas, 2198,2 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə dair bankın xeyrinə olan ipoteka yüklülüyünə xitam verilməsi və həmin əmlak kompleksinə dair DƏDRX-də aparılmış ipoteka yüklülüyü qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən “xxxxxxxxx” MMC-dən bankın xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240 132 manatın tutulması və ona məxsus ünvan 1 ünvanındakı 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 m2 ümumi, 1574,2 m2 əsas, 2198,2 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə tutma yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi göstərişi verilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, əmlak kompleksinin ilkin satış qiyməti 630 000 manat olmaqla açıq hərracdan satılması üçün “x5” MMC-yə sifariş verilmişdir. Əmlak kompleksinin açıq hərracdan satılması məqsədilə xx.xx.2018-ci il tarixdə birinci hərrac, satış qiyməti 535 500 manat olmaqla xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin hərrac baş tutmamışdır. “x5” MMC-nin Fonda ünvanladığı xx.xx.2018-ci il tarixli təklif məktubunda “əmlak kompleksinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə ala biləcəyi”, “hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc olunduğu” vurğulanmış, 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş edilmişdir. Lakin 30 təqvim günü ərzində bankla hərrac təşkilatçısı arasında əmlakın alqı-satqısına dair heç bir protokol bağlanmamışdır. “x5” MMC-nin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019cu il tarixli 94 saylı məktubdan aydın olur ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyi üçün sənədlər toplusu Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə əsas yaradır. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününün axımı xx.xx.2018-ci il tarixdən başlamış və xx.xx.2019-cu il tarixdə bitmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarındakı mövqelərə görə, hazırkı iş üzrə ipotekaya xitam verilməsi üçün kifayət qədər qanuni əsas vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin x1 Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasınıxahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakla bağlı keçirilən hərraclar baş tutmadıqdan sonra hərrac təşkilatının əmlakın alınması barədə təklifinə bank 30 gündən tez münasibət bildirmişdir. Lakin bununla bağlı təqdim olunmuş sübutlara məhkəmə əhəmiyyət verməmişdir. Bundan başqa, əmlakın qiymətləndirilməsi barədə rəy tərəflərindən mübahisələndirilmiş və hazırda məhkəmə icraatında müvafiq işə baxılmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12210/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-909/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh LPO “xxxxxxxxxxx” ASC x1 Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin Məhkəməyə qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Sadalanan maddələrin tələblərinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, ipoteka qoyanın tələbinə əsasən ipotekaya məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Bundan başqa, işdə, ipoteka saxlayanın ipoteka predmetini əldə etməkdən imtina etməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Əksinə, ipoteka saxlayan ipoteka predmetinə dair təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününü gözləmədən, daha tez yəni, xx xxxxxx 2019-cu il tarixdə (11 gündən sonra) hərracın təşkilatçısına rəsmi qaydada məktubla müraciət edərək ipoteka predmetini əldə etmək istədiyini bildirib. Həmçinin, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilənin ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi səbəbindən baş tutmaması da mülki iş materialları ilə təsdiq olunmur. Halbuki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 409.4-cü maddəsinə görə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Beləliklə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmək arzusunda, istəyində olub və bu, ipoteka saxlayanın iş üzrə məhkəmə aktlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirməsi ilə təsdiq olunur. Bundan başqa, ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində sadalanıb. Həmin Qanunun 48.1, 48.1.3 və 48.1.5-ci maddələrində göstərilir ki, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Sadalanan maddələrin mənasına görə, tutmanın ipoteka predmetinə yönəldilməsi və bunun nəticəsində ipoteka predmetinin satılmaması Qanunda bilavasitə ipotekaya xitam verilməsinin əsası kimi göstərilməsə də, sözügedən Qanunla nəzərdə tutulmuş digər hallar da ipotekaya xitam verilməsi üçün əsas sayıla bilər. Məsələn, həmin Qanunun 43.8ci maddəsində nəzərdə tutulmuş əsas, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu baxımdan Kollegiya hesab edir ki, ipoteka predmetinə xitam verilməsi üçün qeyd olunan maddədə nəzərdə tutulan əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edildiyindən, iddiaçının hazırkı tələbləri açıq-aşkar əsaslı deyildir və iddiaçıya məxsus ünvan 1, 0,28537 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.772,4 kv.metr, əsas sahəsi 1.574,2 kv.metr, köməkçi sahəsi 2.198,2 kv.metr olan əmlak kompleksinin “xxxxxxxxxxx” ASC xeyrinə ipoteka yüklülüyünə xitam verilməklə, həmçinin həmin əmlak kompleksinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində “xxxxxxxxxxx” ASC xeyrinə ipoteka yüklülüyünə dair aparılmış qeydi ləğv edilməklə, əslində borclu “xxxxxxxxx” MMC-nin “xxxxxxxxxxx” ASC olan kredit borcu təminatsız qoyulmuş olar. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin x1 Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2427/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlərləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin x1 Fonduna (Fond) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiaçıya məxsus ünvan 1 ünvanındakı 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 m2 ümumi, 1574,2 m2 əsas, 2198,2 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə dair bankın xeyrinə olan ipoteka yüklülüyünə xitam verilməsi və həmin əmlak kompleksinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka yüklülüyü qeydiyyatının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5706/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5706/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver